Bu fikirləri atributinfo.az-a Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts mətbuata birgə bəyanatlarında ölkələr arasında əlaqələrin inkişafında əsas faktorlardan olan demokratik inkişafa da xüsusi diqqət yönəltdilər: “Mətbuat konfransında jurnalistin ölkəmizdə mətbuat azadlığı və insan hüquqlarının qorunması ilə bağlı sualını cavablandıran cənab İlham Əliyev bildirdi ki, Azərbaycanda media azadlığı təmin edilir. Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər? Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir. Bir sözlə, Azərbaycanda azad cəmiyyət var, insanlar tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar.”
Əliabbas Salahzadə qeyd edib ki, dövlət başçısı həm görüşlərdə, həm də sözügedən tədbirdəki çıxışında diqqəti Azərbaycanın tarixi Zəfərinə, ötən üç ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, Ermənistana təklif etdiyi sülh müqaviləinin imzalanması istiqamətində atılan addımlara və hazırda sülhə nail olmaq üçün yaxşı fürsətlərin olmasına yönəltdi: “Ölkə Prezidenti jurnalistin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrlə bağlı bəzi detalların guya şəffaf olmaması ilə bağlı fikirlərinə cavabında “Əslində, sualınız təəccüb doğurur, çünki Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır” söyləyərək bildirdi ki, ayrılan vəsaitlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə, o cümlədən media nümayəndələrinə məlumat verilir. Müharibə başa çatandan bu ilin sonuna qədər Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat, təqribən 7 milyard dollar yaxın vəsait yatırılır və yatırılacaqdır. Görülən bütün işlər göz qabağındadır. Azad olunmuş torpaqlara müntəzəm surətdə media turları təşkil edilir. O cümlədən xarici media nümayəndələri də vəziyyətlə tanış olurlar. Müharibədən cəmi üç il yarım vaxt keçib. Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min köçkün qayıdacaq.”
Millət vəkili diqqəti bu günlərdə ölkəmizdə dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarovun işğaldan azad edilmiş Füzuli və Ağdam rayonlarında olaraq görülən işlərlə yaxından tanışlığına da yönəldib: “Dostluğun, qardaşlağın nümunəsi olaraq Azərbaycan və Qırğızıstan Prezidentləri Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində birgə iştirak etdilər. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir. Tikinti işlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır. Dövlət başçısı İlham Əliyev bu hədəfi də diqqətə çatdırdı ki, biz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik.”
“Göründüyü kimi, Azərbaycanın hər bir addımı beynəlxalq münasibətlər sistemində rolunun artmasını, sözünün imzası qədər dəyərli olduğunu təsdiqləyir. Sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi olan Azərbaycan hər zaman dünyaya birlik, həmrəylik, dostluq mesajlarını ünvanlayır. Dövlət başçısı İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında bu çağırışı etdi: “Biz istəyirik ki, əldə edilmiş gəlirləri yaşıl enerjiyə sərf edək, bu istiqamətdə addımlar atırıq və COP29 da qarşıdurma arenası olmayacaq. Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən yaşıl enerjiyə keçidlə və iqlim dəyişikliyi ilə bağlı”,-deyə Əliabbas Salahzadə bildirib.
