Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.
“Sözsüz ki, belə beynəlxalq tədbirlərin ölkəmizdə təşkili olunması ölkəmizin potensialının, iqtisadi-siyasi qüdrətinin, haqlı və ədalətli mövqeyinin təbliği baxımdan olduqca vacibdir. Bildiyimiz kimi COP29 konfransına ev sahibliyi ölkəmiz üçün bu ilin ən mühüm hadisəsidir. Forumda bunun önəminə toxunan Prezidentimiz vurğuladı ki, bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. Ölkəmizdə beynəlxalq təşkilatların onlarla müxtəlif mövzularda tədbirləri təşkil olunub, forumlar, konfranslar, habelə idman yarışları keçirilib və Azərbaycan bu sahədə zəngin təcrübə əldə edib. Bütün göstəricilər, o cümlədən sabitlik, təhlükəsizlik, peşəkar təşkilatçılıq və s. baxımdan Azərbaycan bu aspektdə unikal ölkə hesab olunur. Odur ki, COP29-un yüksək səviyyədə təşkil olunacağı, gözləntiləri doğruldacağı heç kimdə şübhə doğurmur. Eyni zamanda Azərbaycan bu tədbirə təkcə ev sahibi yox, həm də tərəf kimi qatılacaq, mövqeyini sərgiləyəcək, təkliflərini verəcək”, - Milli Məclisin deputatı deyib.
“Azərbaycan Prezidenti çıxışında ölkəmizin iqtisadi imkanlarına toxundu. Məlumdur ki, dövlətimizin bugünkü inkişafı davamlı və dayanıqlı iqtisadi tərəqqi olmadan mümkün deyil. Məhz qazandığımız bütün nailiyyətlərin təməlində güclü və ən əsası tam iqtisadi müstəqillik dayanır. Son 20 ilin uğurlu statistik göstəriciləri, habelə bu gün Qarabağ və Şərqi Zəngəzurda heç kimdən yardım almadan aparılan tikinti-quruculuq işləri dediklərimizin sübutudur. Statistikaya qısa nəzər salaq: əgər 2003-cü ildə ümumi daxili məhsulumuz 7 milyard dollar idisə, ötən ilin yekunlarına əsasən bu 72 milyard ABŞ dollardır. Eləcə də 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar təşkil edirdisə, hazırda bu, 68,5 milyard dollara yüksəlib. Baxmayaraq ki, biz dünyanı iflic edən, ağır iqtisadi böhranlara yol açan pandemiya dövründə yaşamışıq, böyük bir müharibədən keçmişik. Amma yenə də iqtisadiyyatımız durmadan irəli gedib. Bu gün də heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz iqtisadi qüdrətini durmadan artırır”, - AHİK sədri qeyd edib.
“Ölkə başçısının nitqində diqqət çəkən digər bir vacib məsələ Fransa, Hindistan və Yunanıstanın Ermənistanı bizə qarşı silahlandırmasına münasibət oldu. Aydın görürük ki, adıçəkilən dövlətlər açıq şəkildə bu əməlləri ilə aranı qatmağa, sülh prosesini əngəlləməyə çalışır, qarşıdurmaya yol açırlar. Təbii ki, belə həssas dönəmdə sülhü təşviq etmək əvəzinə, bu cür çirkin oyunlara əl atmaq məsuliyyətsiz və anormal addımdır. Həmin dövlətlər, eyni zamanda onlarla həmrəy olan ölkələr qəti olaraq anlamalıdırlar ki, bu və digər bu kimi xoşagəlməz addımları, yersiz bəyanatları və qarayaxma kampaniyaları ilə real vəziyyəti dəyişə bilməyəcəklər. Bunu 30 ilin təcrübəsi bir daha göstərir. Dəridən-qabıqdan çıxdılar, əllərindən gələni etdilər, bütün rollara girdilər ki, işğalı rəsmiləşdirsinlər. Amma Prezident İlham Əliyevin çəkdiyi diplomatik sipəri aşa bilmədilər. Ardınca bir həmlə ilə Ordumuz Ali Baş Komandanının rəhbərliyi altında həmin dövlətlərin dəstək verdiyi işğalçı ordunun dizini yerə qoydu. Bu təcrübədən dərs çıxarmaq əvəzinə, utanmadan özlərini “səxavətli” göstərərək yenə də Ermənistana silah ötürürlər. Prezidentimizin buna cavabı isə birmənalıdır: “Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”. Vəssəlam. Gedin oyun oynamaq üçün özünüzə başqa meydançalar axtarın. Cənubi Qafqazda çoxdan uduzmusunuz”, - Səttar Möhbalıyev fikrini tamamlayıb.
