Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: "Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin bariz göstəricisidir."

    "7 fevral 2024-cü ildə müstəqil Azərbaycanın tarixində ilk olaraq bütün ölkə ərazisində keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Çünki 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Xüsusilə geosiyasi mübarizənin Azərbaycanın daxili siyasi müstəvisinə təsir edəcəyi, yaxud belə cəhdlərin olacağı gözləntisi var."
    Bu fikirləri "atributinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadə deyib. O, əlavə edib ki, bu mənada növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Seçkilər növbədənkənar keçirildiyindən, vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər:
    "Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir.
    "Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib.
    Regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev daxili siyasətdə üstün mövqeyini daha da möhkəmləndirərək, yeni dövrə güclü şəkildə getmək niyyətindədir. Şübhəsiz ki, “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək.
    Azərbaycan Respublikasının Seçki Məcəlləsi növbəti Prezident seçkilərinin keçirilməsi ilə növbədənkənar Prezident seçkilərinin keçirilməsi arasında hər hansı prosedur, yaxud müddət fərqi müəyyən etmir. Seçki Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Həmin müddətdə Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir:
    "Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir."- Əliabbas Salahzadə bildirib.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ