29 saylı notariat ofisin hüquqşünası
Müasir dünyada təzahür edən və böyük rola malik ideoloji cərəyanlardan biri milli ideologiyadır. Milli ideologiya, hər şeydən əvvəl, milli dəyərlərin bu və ya digər səviyyədə başa düşülməsini ehtiva edir. Daha dəqiq desək, müəyyən tarixi şəraitdə yaranmış milli ideologiya mədəni normalarla və milli-mənəvi dəyərlərlə əhatə olunmuş milli özünüdərki və milli ruhu təcəssüm etdirir, milli-mədəni yekcinsliyin güclənməsinə imkan yaradır. Bu baxımdan ölkəmizdə əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimiz və xalqımızın inkişafında mühüm rol oynamış, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olmuşdur.
Ulu Öndərin müəllifi olduğu Azərbaycançılıq ideologiyası Azərbaycanda yaşayan, onu Vətən bilən bütün fərdləri birləşdirən ideologiyadır. Azərbaycançılıq milli məfkurədir, dahi şəxsiyyətin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemidir. Eyni zamanda Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən, mənimsənilən və həyat tərzinə çevrilən bir ideoloji xətdir. Azərbaycançılıq bizim həm dövlət, həm də milli ideologiyamızdır. Təsadüfən deyilməyib ki, ideologiya Vətən haqqında vahid elmi sistemdir. Ona görə də bizim bugünkü dövlətçiliyimizin atributları – bayrağımız, gerbimiz, himnimiz, milli valyuta və Konstitusiyamız məhz Azərbaycançılığa əsaslanır.
Bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz görkəmli dövlət xadimi Heydər Əliyev siyasi fəaliyyəti ilə Azərbaycançılıq ideologiyasının mahiyyətini təşkil edən əsaslardan biri kimi milli-mənəvi dəyərlərin, ana dilinin və mədəniyyətin qorunub saxlanması və inkişaf etdirilməsinə nail olmuşdu. Ulu Öndər bununla bağlı qeyd edirdi ki, milli ideologiyamızın konsepsiyası tarixi keçmişimizi, milli adət-ənənələrimizi, dilimizi, dinimizi və mədəniyyətimizi əks etdirməli, bu dəyərlərin qorunub saxlanılmasına və inkişafına xidmət etməlidir.
“Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Bu müdrik kəlam Ümummilli Liderimizin milli-mənəvi dünyasını, vətəndaş mövqeyini və varlığını göstərən, öz milli köklərinə bağlılığını sübut edən tarixi bir bəyanatdır.
Dahi rəhbərin yaratdığı Azərbaycançılıq ideologiyası və onun məzmununa daxil edilmiş əsas prinsiplər 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapmışdır. Ümummilli Lider dövlətçilik maraqlarının qorunması deyəndə, ilk növbədə, hamılıqla qəbul etdiyimiz ölkənin Ali Qanununun – Konstitusiyanın müddəalarına əməl olunmasını nəzərdə tuturdu.
Bu mənada istisnasız qeyd etmək lazimdir ki,
Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün dövrlər ərzində ədliyyə sahəsi daim onun diqqət və qayğısı ilə əhatə olunmuşdur.
Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin əsaslarından dövlət idarəçilik ənənələrinin formalaşması və inkişafı istiqamətində mühüm addımlar atılmışdır.
Ümummilli Lider tərəfindən ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların real təzahürü olaraq, hər şeydən öncə, xalqımızın tarixi ənənələrinə söykənən ədliyyə sahəsində mühüm nailiyyətlər əldə olunurdu.
Heydər Əliyev ilk dəfə Azərbaycan Respublikasına rəhbərliyə başladıqdan sonra ilk olaraq 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyətini təmin etmişdir. Ədliyyə sahəsi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaradılmşdır.
Müstəqilliyimizin yenidən bərpasından sonra Respublikada demokratik hüquqi dövlət quruculuğu prosesinə başlayan dahi Lider hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Əsas Qanunun qəbulu ölkədə bütün sahələrin, o cümlədən ədliyyə sahəsinin inkişafına rəvac verdi, ədliyyə işinin səmərəli təşkili ilə bağlı çox mühüm qanun və qərarlar qəbul olundu.
Heydər Əliyevin bünövrəsini qoymuş olduğu dövlət idarəçilik siyasətinin nəticəsi olaraq hazırda Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən biri, cənubi Qafqazın lider dövləti olaraq dünyəvi, demokratik, hüquqi dövlət kimi dünya birliyində ön sıralardadır.
Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə beynəlxalq arenada Ədliyyə Nazirliyi tərəfindən hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, beynəlxalq hüquqi yardımın yaxşılaşdırılması da xüsusi diqqət mərkəzində saxlanılmısdır. Nazirlik tərəfindən bir çox dövlətlərin ədliyyə qurumları ilə əməkdaşlıq haqqında saziş və anlaşma memorandumları imzalanmışdır.
Paytaxt Bakı artıq dünyamiqyaslı ədliyyə forumlarının, beynəlxalq məhkəmə-hüquq tədbirlərinin keçirildiyi məkana çevrilmişdir.
Məhkəmə -hüquq sisteminin fəaliyyəti və aparılan islahatlar,
müasir müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, dahi rəhbərin təməlini qoyduğu və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl təkmilləşdirilmə tədbirləri və yeniliklər məhz Heydər Əliyevin dühasının parlaq təzahürüdür.
Əbədiyaşar liderin hər zaman qanunçuluq, haqq və ədalət tərəfdarı olduğunu, fəaliyyətinin bütün dövrlərində məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının fəaliyyətinə qayğı göstərdiyini də xüsusi qeyd etmək lazımdır.
Yubiley ərəfəsində Ümummilli liderin zəngin ictimai-siyasi fəaliyyətinin hərtərəfli öyrənilməsi və təbliği məqsədilə bütün bölgələrdə, idarə və müəssisələrdə, təhsil ocaqlarında yığıncaqlar, konfranslar, digər kütləvi tədbirlər keçirilir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin ölkə Prezidenti İlham Əliyev tərəfindən "Heydər Əliyev İli" elan olunması çərçivəsində bütün qurumlarda olduğu kimi, ədliyyə orqanlarında və məhkəmələrdə də Ulu öndərin zəngin irsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.
Heç şübhəsiz xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan dahi Öndər Heydər Əliyevin hər kəsə örnək olan şərəfli ömür yolu və fəaliyyəti daim öyrənilməli və gələcək nəsillərin də ondan bəhrələnməsi üçün şərait yaradılmalıdır.
