Əliabbas Salahzadə vurğulayıb ki, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü, sözünün imzası qədər əhəmiyyətli olması, qalib ölkə olaraq yeni reallıqların müəllifi kimi çıxış etməsi və sair kimi biri-birindən mühüm hadisələr Heydər Əliyev siyasətinin təntənəsidir: “Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.”
Deputat qeyd edib ki, 1993-cü ildə Ümummilli Liderin hakimiyyətə qayıdışı digər sahələr kimi, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun formalaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımların atılması ilə tarixə yazıldı: “Ulu Öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü ölkəmizdə ümumxalq bayramı kimi qeyd edilir. Üçüncü ildir ki, digər bayramlarımız kimi, Silahlı Qüvvələr Gününü də Qələbə sevinci ilə qeyd edirik. Rəşadətli Ordumuzun 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı Zəfər tarixi bugünkü reallıqlarımızı şərtləndirir. Azərbaycan sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi dünyanın diqqətindədir. Nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini verdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilin işğalına 44 gündə son qoymaqla gücünü, qüdrətini nümayiş etdirdi.”
Əliabbas Salahzadə bildirib ki, iyunun 23-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdimetmə mərasimində Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan geniş bəhs edərək yeni döyüş birləşmələrinin, ilk növbədə, Komando Qüvvələrinin yaradılmasını döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biri kimi qeyd etdi: “Müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır. Dövlət başçısı İlham Əliyev buna böyük ehtiyacın olduğunu bildirdi. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir. Bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunlar Ordumuzun daha da gücləndirilməsi vəzifəsini şərtləndirir. Belə ki, buna nail olmaq üçün kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır.”
Deputat onu da vurğulayıb ki, hər bir bayram tədbiri hesabat xarakteri daşımaqla yanaşı, perspektivlərin açıqlanmasında əhəmiyyətli rola malikdir: “Hazırkı dövrün əsas çağırışı bölgədə davamlı sülhə və təhlükəsizliyə nail olmaqdır. İki ildən artıqdır ki, Azərbaycan bu məqsədə nail olmaq üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanması təklifini edib. Ermənistan bunun üçün müxtəlif formatlarda, məkanlarda keçirilən görüşlərdə Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini dəstəkləsə də konkret addım atmaq zamanı yetişəndə cəbhə bölgələrində törətdiyi təxribatlar ilə diqqətdə olur. Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi: “Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir. Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz öz torpağımızda müharibə aparmışıq və bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq.”
/atributinfo.az/
