Bu fikirləri atributinfo.az-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“İyunun 1-də Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirildi və dövlətimizin başçısı cənab İlham Əliyev də tədbirdə iştirak etdi. Qeyd edim ki, müzakirə predmetinə nəzər saldıqda aydın bəlli olur ki, sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi məsələləri ölkəmiz üçün də son dərəcə aktualdır və bu sahələr Azərbaycan üçün prioritet təşkil edir. Xatırladım ki, uzun illər Ermənistanının işğal siyasətinə məruz qalmış, separatizmdən əziyyət çəkmiş Azərbaycan durmadan dünyaya çağırış edirdi, sülh və təhlükəsizlik naminə səylər göstərirdi. Bəyan edirdi ki, beynəlxalq hüququn prinsiplərinin pozulması, ikili yanaşmalar, laqeyd münasibətlər daha acı nəticələrə və qlobal münaqişələrə səbəb ola bilər. Bu gün artıq dünya, o cümlədən Avropa bu problemlə üz-üzədir, ağır fəsadları getdikcə genişlənir. Odur ki, bütün bunlar Azərbaycanın vaxtı ilə nə qədər haqlı olduğunu bir daha ortaya qoymuş oldu”, - AHİK sədri bildirib.
“Gündəlikdəki enerji təhlükəsizliyi məsələsinə gəldikdə isə Azərbaycan bu sahənin önündə gedir. Məlumdur ki, hazırda Avropada enerji böhranı yaşanır və ölkəmizin yüksək dəqiqliklə müəyyənləşdirilmiş enerji siyasəti bu böhranın aradan qaldırılmasında əsas rol oynamaqdadır. Sözsüz ki, bu cür uğurlu siyasət yürüdən, effektli layihələrin təşəbbüskarı olan Prezident İlham Əliyevin “Avropa siyasi birliyi”nin zirvə toplantısında iştirakı, mövzu üzrə Azərbaycanın təcrübəsinin öyrənilməsi labüd idi”, - Milli Məclisin deputatı vurğulayıb.
AHİK sədri əlavə edib ki, dövlətimizin başçısının Kişineuya səfəri çərçivəsində Moldova Prezidenti Maya Sandu, baş nazir Dorin Reçan və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşlər keçirməsi və ikitərəfli məsələlərin müzakirə olunması bu ölkələrlə Azərbaycanın əlaqələrinin inkişafı baxımdan əhəmiyyətlidir.
/atributinfo.az/
