Sizin reklam burada
Sizin reklam burada
  • Xalqımız müstəqil yaşamağa və öz dövlətçilik ənənələrini yaşatmağa qadirdir

    "Şanlı tariximizə qızıl hərflərlə yazılmış 28 May – Müstəqillik Günü xalqımız
    üçün müqəddəs gün olmaqla yanaşı, hər bir Azərbaycan vətəndaşının qürur
    günüdür."
    Bu sözləri "Atributinfo.az"-a açıqlamasında Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev demişdir. O, əlavə etmişdir ki, XIX əsrin əvvəllərində itirilmiş dövlət müstəqilliyini bərpa etmək arzusuilə yaşayan Azərbaycan xalqı yüz il sonra tarixi fürsətdən məharətlə yararlandı:
    "1918-ci ilin mayında müsəlman Şərqində ilk demokratik respublika qurmaqla
    Azərbaycan xalqı öz dövlətçilik ənənələrini yenidən bərpa etdi. Heç şübhəsiz,
    Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın müstəqilliyə qovuşması
    baxımından mühüm tarixi hadisə idi.
    Məhz, 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət
    altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün
    və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını
    yaratmışdır. 1918-ci il mayın 27-də Zaqafqaziya Müsəlman Şurası özünü
    Azərbaycan Milli Şurası elan etdi. Bununla da, əslində Azərbaycanın tarixində
    parlamentli respublikanın bünövrəsi qoyulmuş oldu. Mayın 28-də Həsən bəy
    Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Tiflisdə
    keçirilən həmin iclasda 6 maddədən ibarət İstiqlal Bəyannaməsi (Əqdnamə) qəbul
    edildi. Milli Şuranın 44 üzvündən 26-sının imzaladığı Dövlət müstəqilliyi
    haqqında Bəyannamə ilə türk-müsəlman dünyasında ilk parlamentli respublikanın
    əsası qoyuldu və Fətəli xan Xoyskinin sədrliyi ilə müvəqqəti hökumət
    formalaşdırıldı.
    Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir
    mərhələnin başlanğıcı oldu. Məlum olduğu kimi, müstəqilliyin ilk aylarında
    Azərbaycan hökuməti Gəncədə yerləşmişdi. Çünki həmin dövrdə ölkənin mərkəzi
    başda olmaqla, ölkənin bir çox strateji məntəqələri işğal altında idi. Müstəqilliyin
    elanından sonra Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun birgə hərbi
    əməliyyatları sayəsində cəbhəboyu erməni-bolşevik ordusu darmadağın edildi və
    1918-ci il sentyabrın 15-də Bakı daşnak-bolşevik işğalından azad olundu. İki gün
    sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. F.Xoyskinin müraciətinə
    əsasən, noyabrın 16-da Milli Şura yenidən fəaliyyətə başladı. Milli Şuranın
    noyabrın 19-da keçirilən iclasında Azərbaycan parlamentində ölkədə yaşayan
    bütün nümayəndələri təmsil olunması və qanunverici orqanın 120 nəfərdən ibarət
    olması qərara alındı.
    1918-ci il dekabrın 7-də saat 13-də Hacı Zeynalabdin Tağıyevin Qızlar
    məktəbinin binasında Azərbaycan parlamentinin təntənəli açılışı oldu. Bütün
    müsəlman Şərqində demokratik prinsiplər əsasında formalaşdırılmış ilk
    parlamentin sədri o dövrdə bütün Rusiya müsəlmanlarının lideri hesab olunan
    Əlimərdan bəy Topçubaşov seçildi.
    Sözsüz ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə dövlətçilik
    tariximizdə yeni səhifə açıldı. Cümhuriyyət hökuməti və parlamenti mövcud
    olduqları müddətdə fəaliyyətlərini daha çox sosial-iqtisadi və maliyyə
    problemlərinin həllinə, ölkənin ərazi bütövlüyünü təmin etməyə, vətəndaşların
    hüquqlarını qorumağa, dövlətin demokratik və hüquqi əsaslarını
    möhkəmləndirməyə, Cümhuriyyətin dünya dövlətləri tərəfindən tanınmasına nail
    olmağa, xarici ölkələrlə siyasi, iqtisadi və ticarət əlaqələri yaratmağa yönəltmişdi.
    Buna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başlıca
    məqsədi onun müstəqilliyinin tanınmasına nail olmaqdan ibarət idi.
    Ə.M.Topçubaşovun rəhbərlik etdiyi Parisdəki Azərbaycan nümayəndə heyəti bu
    məqsədlə çoxtərəfli görüşlər keçirdi. Nəhayət, 1920-ci il yanvarın 11-də Paris Sülh
    Konfransında Azərbaycanın müstəqilliyi de-fakto tanındı. Bu əlamətdar hadisə ilə
    bağlı yanvarın 14-də bütün Azərbaycan ərazisində bayram şənlikləri və
    Azərbaycan parlamentinin xüsusi iclası keçirildi. Ə.M.Topçubaşov parlamentin
    süqutunadək Azərbaycana qayıda bilməsə də, qiyabi olaraq axıradək parlamentin
    sədri vəzifəsini daşıdı.
    1920-ci il aprelin 8-də keçirilən parlament iclasında Azərbaycan Xalq
    Cümhuriyyətinin Qərbi Avropa dövlətləri və Amerikada diplomatik
    nümayəndəliklərinin təsis edilməsi haqqında qanun layihəsi müzakirə olundu.
    Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, İsveçrə, Polşa, Latviya, Litva, Estoniya,
    Finlandiya, Ukrayna, Rumıniya, Almaniya və Rusiyada diplomatik
    nümayəndəliklərin açılması haqqında qanun qəbul edildi. Həmin dövrdə Bakıda
    20-dən çox ölkənin diplomatik missiyaları fəaliyyət göstərirdi.
    Lakin həmin vaxt Rusiya qoşunları Azərbaycanın şimal sərhədlərində
    cəmləşmiş, xarici təhlükə ilə yanaşı, aprel ayının əvvəllərindən başlanan hökumət
    böhranı Azərbaycanda siyasi vəziyyətin daha da gərginləşməsinə səbəb olmuşdu.
    Buna görə də Azərbaycan parlamenti 1920-ci il aprelin 27-də keçirilən sonuncu
    iclasında Rusiyanın hərbi müdaxiləsi nəticəsində fakt qarşısında qalaraq
    hakimiyyətin bolşeviklərə təhvil verilməsi barədə qərar çıxardı. 28 aprel 1920-ci
    ildə süqut etsə də, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı
    tarixində dərin iz buraxdı.
    Sevindirici haldır ki, XX əsrin sonunda Azərbaycan yenidən öz dövlət
    müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının
    Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya
    aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan
    Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan
    Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad
    olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi
    olduğu təsbit edilib. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda
    Azərbaycan xalqı ölkənin müstəqilliyinə və suverenliyinə səs verərək, bir daha
    müstəqillik ideyalarına sadiqliyini göstərib.
    1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan
    sonra xalqın milli müstəqillik ideyalarının reallaşdırılması istiqamətində
    məqsədyönlü addımlar atılıb, Azərbaycanın dövlətçilik ənənələri bərpa edilib.
    Lakin 1991-1994-cü illərdə Ermənistan havadarlarının hərbi-siyasi dəstəyi
    ilə Azərbaycan ərazisinin 20 faizini işğal etməsi ölkənin əsas problemi olaraq
    qalırdı. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün sürən İkinci
    Qarabağ müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi, işğalçı
    Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan Xalq
    Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikası ərazi bütövlüyünü
    bərpa edərək dünyaya öz qüdrətini göstərdi.
    Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli müstəqilliyin
    əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa
    uyğun daha dəqiq ifadə olunması zərurəti meydana çıxdı. Ona görə də Azərbaycan
    Respublikasının Prezidenti İlham Əliyev 15 oktyabr 2021-ci ildə “Müstəqillik
    Günü haqqında Azərbaycan Respublikasının Qanunu”nu imzalayıb. Azərbaycan
    Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən
    Azərbaycan Respublikasının Milli Məclisi 1918-ci il mayın 28-də İstiqlal
    Bəyannaməsi ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin elan
    olunduğu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının Dövlət
    Müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə dövlət müstəqilliyimizin bərpa
    olunduğu nəzərə alınaraq mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə
    Müstəqilliyin Bərpası Günü elan olunub.
    Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına
    baxmayaraq, milli dövlətçilik tariximizdə silinməz izlər qoymaqla, sübut etdi ki,
    Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə və
    yaşatmağa qadirdir.
    Müstəqilliyə 105 il əvvəl qovuşmuş Azərbaycan Respublikası bu gün
    dünyanın inkişaf etmiş dövlətlərindəndir. Bunu Müzəffər Ali Baş Komandanımız
    cənab İlham Əliyevin rəhbərlik etdiyi, bu günki Müstəqil Azərbaycan
    Respublikasının beynəlxalq nüfuzu, gücü və qüdrəti təsdiq edir."- Vüqar İsayev bildirmişdir.

    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ