Bu fikirləri ulu Öndər Heydər Əliyevin 100 illik yubiley təntənəsi ilə bağlı "Atributinfo.az"-a açıqlama verərkən Milli Məclisin deputatı İltizam Yusifov söyləmişdir. O, əlavə etmişdir ki, Azərbaycan xalqı özünü bütünlüklə xoşbəxt saya bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi ümummilli lider Heydər Əliyev şəxsiyyəti və onun əzəmətli ideyaları üzərində qərar tutur:
"Öz tarixinin qızıl əsrini keçmişdə axtarmağa adət etmiş bir çox xalqlardan fərqli olaraq, Azərbaycanın həqiqi intibahının müasirləri olduğumuz dövrə təsadüf etdiyi ictimai düşüncənin birmənalı qəbul etdiyi həqiqətlərdəndir. Azərbaycan Respublikası adını daşıyan müstəqil dövlətin yaranmasından tutmuş, onun indiki heyrətamiz inkişaf dinamikasına qədər özündə milli dirçəlişi əks etdirən unikal tarixi sosial-iqtisadi və milli-mənəvi hadisələr məhz yaşadığımız zamanda cərəyan etməkdədir. Heç şübhəsiz, bütün bunların üzərinə vurulmuş müasirlik möhürü Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bilavasitə əlaqədardır.
Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsinin birinci şəxsi kimi fəaliyyətə başlaması və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf meyilləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən dəyərli nümunələrdən sayıla bilər. Bu nümunə həm də ona görə xüsusi çəkiyə malikdir ki, Heydər Əliyev özünün siyasi taleyində sözügedən sosioloji qanunauyğunluğu iki dəfə sübuta yetirməli olub. Azərbaycan tarixinin Heydər Əliyevin aktiv siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası və inkişafının əsasının qoyulması bilavasitə onun möhtəşəm tarixi xidməti kimi qəbul edilir və dəyərləndirilir. Bu mənada, Heydər Əliyevin timsalında tarixdə şəxsiyyətin rolu özünün ən bariz ifadəsini tapmış olur. XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlükdə cəmiyyətimiz Heydər Əliyevin titanik səyləri sayəsində yeni impuls və inkişaf parametrləri kəsb edərək əslində özünün yeni mərhələsinə qədəm qoydu. O zamandan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır.
Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi haqqında qənaətin formalaşması təkcə onun Azərbaycana uzun müddət rəhbərlik etməsinə deyil, bəlkə də daha çox bu rəhbərliyin zəngin məzmuna malik olmasına əsaslanır. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr onun tarixinin xüsusi, ən intensiv inkişaf mərhələsini təşkil edir. Bu mənada həmin dövrü tariximizin nəinki surətli və hərtərəfli yüksəliş illəri, bəlkə də intibahı adlandırmaq daha dəqiq qiymətləndirmə nümunəsi olardı. Məhz haqqında söhbət gedən zaman kəsiyində Azərbaycan malik olduğu böyük intellektual və insani potensialı, təbii resursları - bir sözlə, milli gücü cəmləyib ölkənin qətiyyətli tərəqqisinin qüdrətli amilinə çevirmək imkanı qazanmış və bununla da öz tarixinin keyfiyyətcə yeni bir dövrünə qədəm qoymuşdur. Bu, heç şübhəsiz, qədim və zəngin tariximizə müasir Azərbaycan cəmiyyətinin yaradılması mərhələsi kimi daxil olmuşdur.
Dövlət müstəqilliyini uzun illər itirmiş Azərbaycanın XX əsrin sonlarında istiqlalına qovuşduqdan sonra milli dövlətçiliyini bərpa edərək müstəqil dövlətini yaratmaq missiyasını tarixin hökmü ilə Heydər Əliyev yerinə yetirməli oldu. Xalqımızın indiki nəsilləri müstəqil dövlət quruculuğu sahəsində qazanılan müstəsna uğurlara görə Heydər Əliyevə minnətdar olduğunu gizlətmir. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev haqlı olaraq azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmiş, ümummilli lider adını qazanmışdır."- Deputat demişdir.
Bəradər Səməndərli
"Atributinfo.az"
