Sizin reklam burada
Sizin reklam burada
  • Sistemli və ardıcıl şəkildə abadlıq-quruculuq işləri həyata keçirilir

    Əliabbas Salahzadə
    Milli Məclisin deputatı

    Ölkəmizdə infrastruktur və sistemli layihələrin açılışında ənənvi olaraq iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan rayonlarına son səfərləri də bu baxımdan məhsuldar oldu, müəssisə və obyektlərin, infrastruktur layihəsinin açılışını etdilər, yaradılmış şəraitlə tanış oldular. Görülən bütün işlər bilavasitə sakinlərin məşğulluğunun artmasına, rifahının yüksəlməsinə, sosial vəziyyətin yaxşılaşmasına, bir sözlə, həmin rayonların hərtərəfli inkişafına səbəb olacaq.
    Dövlət başçısı İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsi zamanı bir sıra vacib məqamlardan söz açıb. Şərqi Zəngəzurun və Qarabağın bərpası dövlətimizin əsas diqqətində olan məsələlərdəndir. Hazırda həmin ərazilərdə sistemli və ardıcıl şəkildə abadlıq-quruculuq işləri həyata keçirilir. Əsas hədəf sakinlərin tez bir zamanda ata-baba yurduna qayıtması, orada məskunlaşması və xoşbəxt yaşamasıdır. Bunun üçün dövlətimiz bütün zəruri addımları atır. Həm də qürurla deyə bilərik ki, Ağalı və Talış kəndlərinə sakinlər qayıdıb və orada yaradılan şərait göz qabağındadır. İnanırıq ki, işğaldan azad olunan bütün ərazilərimiz dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə bu cür bərpa ediləcək və sakinlər yerləşdiriləcək.
    Müsahibəsində Prezidentimiz hərbi xərclər məsələsinə də toxundu. Bildiyimiz ki, böyük qələbəyə imza atan Azərbaycan Ordusu günü-gündən güclənir. Ölkəmizdə dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Öz zavodlarımızda istehsal olunan hərbi təyinatlı məhsullarla Ordumuz əhəmiyyətli dərəcədə təchiz edilir. Həmçinin bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilir, silah və hərbi texnikalar alınır. Bu, bir daha onu göstərir ki, Ordumuzun qüdrəti durmadan artır. Təbii ki, Azərbaycanın yerləşdiyi coğrafiya xeyli mürəkkəbdir, maraqlar toqquşur. Bu səbəbdən Azərbaycan Ordusunun daha da güclü olması əsas şərtdir.
    Ermənistanla sülh danışıqları məsələsində dövlətimizin başçısı aydın şəkildə bəyan etdi ki, “Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır”. Məncə, Prezidentimizin bu təklifi Ermənistan üçün ən doğru seçim olardı. Onların mənasız və boş xəyallarının gerçəkləşməsi qeyri-mümkündür. Heç bir şansları qalmayıb, ədalət Azərbaycanın tərəfində, hərbi güc də həmçinin. Odur ki, yeganə çıxış yolu qalib Azərbaycanın müəyyən etdiyi şərtlərlə sülhə gəlməkdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ