Bəzən öz-özlüyümdə düşünürəm: Ən xoşbəxt ömür öz əməlləri ilə daha uzağa işıq saçan ömürdür. Yaxşı əməl, xeyirxahlıq, mənəvi saflıq insanın özündən sonra qoyub getdiyi ən böyük mirasdır. Axı, insanın əməli özü ilə bərabər ölmür. Bu əməllər gələcək nəsillərin qarşısında cavabdehlik daşıyır. Bəli, Ulu Öndər cənab Heydər Əliyev kimi…Çağdaş tariximizdə Azərbaycan dövlətinə rəhbərlik etmiş Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100-cü ildönümü yaxınlaşmaqdadır.
Heydər Əliyevin öz xalqı, respublikası üçün etdiklərini dönə-dönə bir daha sadalamağa, məncə, lüzum yoxdur. Bircə onu qeyd etməyi vacib bilirəm ki, Böyük tarixi şəxsiyyət Heydər Əliyevin bütün həyatı və ictimai-siyasi fəaliyyəti əsl tərbiyə məktəbidir.
Onun müasirləri olan bizlər bütün bu yenlikləri yaxşı xatırlayırıq. Radio və televiziyanın efirindən, kütləvi informasiya vasitələrinin məlumatlarından bunlarla geniş tanış olmuşuq.
Biz xalqımızın şərəfli tarixi keçmişi ilə yaxından tanış olduqca onun şəxsiyyətlərini də tanıyır və nəsildən-nəsilə çatdırırıq.
Heydər Əliyev şəxsiyyəti də yaddaşlarda əbədi yaşayan liderimiz və örnək ömür yaşayanlarımızdandır.
Ədalət naminə qeyd etməliyik ki, ədalətin təntənəsindən danışmaq üçün gərək adamın mənəvi ixtiyarı ola. Heydər Əliyev öz əməlləri, xidmətləri, qayğısı, sədaqəti sayəsində o ixtiyara sahib olmuşdur.
Əzamətli, möhtəşəm kişilər ancaq özlərinə məxsus olan original ömürlərini yaşayırlar. Azərbaycanlı, Azərbaycan türkü ailəsindən çıxmış, varlığı ilə Azərbaycana bağlı olan Heydər Əliyevi bir kəslə müqayisə etmək, kimlərəsə bənzətmək fikri ilə razılaşmaq ən böyük günahdır.
Əlbəttə, illər keçəcək, amma buna baxmayaraq unutmamalıyıq ki, mərhum Heydər Əliyev bənzəri olmayan bir şəxsiyyətdir!
Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix belələrinin əməlləri, fəaliyyəti ilə yaranır. Bir sözlə, yaşadığı mənalı ömür, keçdiyi şərəfli həyat yolu yüzlərə, minlərə örnəkdir.
Heydər Əliyev siyasətinin bu gün də uğurla davam etdirilməsi, möhtərəm prezidentimiz İlham Əliyevin bu doğru yola sadiqlik nümayişi bir daha göstərir ki, dövlətimizin və dövlətçiliyimizin sükanı etibarlı əllərdədir.
Şübhə yoxdur ki, bu gün Azərbaycan müsbət mənada nəyə nail olubsa və perspektivdə onu hansı uğurlar, xoş günlər, xoş müjdələr gözləyirsə, hamısını Heydər Əliyev məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyevə borcludur!
Bəli, uğurları saymaqla qurtarmaq mümkün deyil. Lakin uğurları saymaq yox, ona sevinmək lazımdır. Bizim də sevincimizin həddi-hüdudu yoxdur. Sevinirik ki, xalqımızın İlham Əliyev kimi lideri var. Sevinirik ki, Ümummilli liderimizin ideyaları yaşayır, yarımçıq qalmış arzuları çin olur. Sevinirik ki, biz qurucusu və memarı Ulu Öndərimiz Heydər Əliyev, rəhbəri hörmətli prezidentimiz İlham Əliyev olan müstəqil Azərbaycanın azad vətəndaşlarıyıq!
