Əvvəlcə Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən Səməd Seyidov Azərbaycan parlamentinin strukturu, fəaliyyəti barədə məlumat verib. O, siyasi partiyaların və qadınların parlamentdə təmsilçiliyindən, parlamentə seçkilərin keçirilməsi qaydalarından, Milli Məclisin beynəlxalq təşkilatlarda iştirakından danışıb. Diqqətə çatdırılıb ki, parlamentdə beynəlxalq münasibətlərə xüsusi önəm verilir. Azərbaycanın qanunverici orqanında dünyanın müxtəlif ölkələri ilə parlamentlətarası əlaqələr üzrə işçi qrupları mövcuddur.
Komitə sədrinin müavini Sevinc Fətəliyeva çıxış edərək gənc diplomatlarla bu cür görüşlərin artıq ənənə halını aldığını deyib. Belə görüşlərin gənc diplomatlar üçün çox əhəmiyyətli olduğunu vurğulayan Sevinc Fətəliyeva dünyada vəziyyətin gərginləşdiyi br zamanda diplomatların üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib. O, bildirib ki, 44 günlük Vətən müharibəsində ölkəmiz ədaləti bərpa etdi və hazırda regionda mövqelərimiz daha güclüdür. Lakin mübarizə hələ də davam edir və Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılması istiqamətində parlamentin, həmçinin diplomatların üzərinə böyük yük düşür.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Asim Mollazadə gənc diplomatların Azərbaycan diplomatiyasının gələcəyi olduğunu deyib. Azərbycanın səsinin dünyaya çatdırılması istiqamətində onların rolunu vurğulayan Milli Məclisin deputatı, Azərbaycan parlament diplomatiyasının əsas xüsusiyyətlərindən, tariximizin, mədəniyyətimizin dünyaya çatdırılması istiqamətində görülən işlərin əhəmiyyətindən bəhs edib.
Sonra görüşdə gənc diplomatları maraqlandıran suallar cavablandırılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
