
Malik Həsənov qeyd edib ki, bu görüşlərdə Prezident İlham Əliyev regional vəziyyət haqqında ətraflı məlumat verdi: “Xüsusilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, bu məsələdə Ermənistanın destruktiv mövqeyi, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olan müxtəlif bəhanələri və danışıqlar prosesindən yayınmaq cəhdləri geniş müzakirə mövzusu oldu. Azərbaycanın sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi möhkəmlənən mövqeyi diqqətdən kənarda qalmır. Təbii ki, bu, xarici siyasətimizin prinsiplərinin dəyişməz olmasının, hıəmçinin, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin öndə dayanmasının göstəricisidir.”
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev keçirdiyi bütün görüşlərdə Laçın yolu ətrafında yaranmış vəziyyət, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin talan edilməsinə qarşı etiraz aksiyasından danışdı. Bu aksiyanın legitim əsaslara söykəndiyini qeyd edən dövlət başçısı İlham Əliyev Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində kriminal qruplaşmaların mövcudluğunu, Laçın yolundan uzun müddət minaların daşınması üçün istifadə edildiyini diqqətə çatdırdı.
“Məlumdur ki, Ermənistan və onun havadarları beynəlxalq arenada Azərbaycana qarşı hansısa sanksiyaların tətbiq edilməsi iddiaları, ölkəmizin beynəlxalq aləmdən təcrid edilməsi ilə bağlı tezislərlə çıxış edirlər” söyləyən millət vəkili vurğulayıb ki, amma Davos Dünya İqtisadi Forumu bu iddiaların həqiqətəuyğun olmadığını və Azərbaycanla müxtəlif sferalarda əməkdaşlıq etmək istəyən tərəflərin sayının gündən-günə artdığını növbəti dəfə nümayiş etdirdi: “Azərbaycanın iqtisadi tərəfdaşlarının sayı artır. Ölkəmizin iştirakçısı olduğu enerji layihələrinin uğurlu sonluqla başa çatması Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu daha da artırır. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycan neft, qaz, eyni zamanda, elektrik enerjisi ixracatçısıdır. Hazırkı dövrdə əsas hədəf bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycanda sabitliyin və normal biznes mühitinin mövcudluğu investisiya cəlbediciliyini qorumasında öz sözünü deyir.”
“Builki Davos Forumunda Prezident İlham Əliyevlə görüşmək arzusunda olan tərəfdaşların sayı, təmsil etdikləri coğrafiya Azərbaycanın artan siyasi çəkisinin göstəricisidir. Azərbaycan daim müstəqil siyasəti ilə dünyanın diqqətində olub. Postmünaqişə dövründə Azərbaycana artan diqqət və maraq göz önündədir. Reallıq budur ki, Ermənistan təcrid olunmuş vəziyyətdədir. İki ildən artıqdır Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanması təklifini etsə də qarşı tərəf konkret addım atmaq barədə hələ də düşünmür. Dünya gücləri Azərbaycanın bu təklifini dəstəkləməklə yanaşı, bu istiqamətdə səylərini əsirgəməyəcəklərini bildirirlər”,- deyə Malik Həsənov bildirib.
Diqqəti dövlət başçısı İlham Əliyevin Çinin CGTN televiziya kanalına müsahibəsinə yönəldən millət vəkili jurnalistin “Məni hər zaman bir məsələ maraqlandırır ki, vəd vermək üçün kifayət qədər cəsur və mərd olmaq, ən mühümü isə sonra bu vədləri yerinə yetirmək cəsarətinə sahib olmaq üçün nə lazımdır sualına ölkə Prezidentinin cavabını böyük qürur hissi ilə qeyd edib: “Prezident İlham Əliyevin “İlk növbədə, demək istərdim ki, yerinə yetirə bilmədiyim sözü heç vaxt vermirəm” cavabı hər vədinin arxasında əməli fəaliyyətinin dayanmasının fonunda Azərbaycanın qazandığı uğurların təqdimatı oldu. Sözlə əməl birliyi ölkəmizin dayanıqlı inkişafında əsasdır. Cənab İlham Əliyev xalqımızın əldə etdiyi ən böyük nəticələrdən birinin işğal altındakı ərazilərimizin iki il əvvəl azad edilməsi olduğunu bildirdi. Bu, mühüm tarixi nailiyyətdir.”