Sizin reklam burada
Sizin reklam burada

Zəfər paradı tarixi hadisədir

Zəfər paradı tarixi hadisədir Məşhur Məmmədov
Milli Məclisin deputatı

2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradı ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə idi. Azərbaycanın qələbəsi şərəfinə Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri, yerli və xarici qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.
Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən Şuşa şəhəri üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi çox möhtəşəm hisslər yaratdı hər birimizdə. Şuşa bizim alınmaz Qalamız, Şuşa bizim Qələbəyə aparan yolumuzdur çünki.
Zəfər Paradının ildönümü yaxınlaşdıqca, Vətən Müharibəsi günlərinə qayıdırıq istər-istəməz. Hər birimizin ürəyi yaxın 2 il əvvəldə olduğu kimi həyəcanla döyünür. Bəli, 44 günlük müharibənin hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.
44 günlük müharibə bizim üçün həm də vətənpərvərliyin və əsgər andına sadiqliyin təcəssümü kimi yaddaşımıza yazıldı. Hər birimiz qürurla vurğulayırıq ki, müharibə ərzində Azərbaycan Ordusunda bir dənə də fərari olmadı. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq.
Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq Prezident İlham Əliyevin ətrafında birləşdi. Bu, həm də düşmən dəyirmanına su tökən, üzdə özünü bizə yaxın göstərən dövlətlərə mesaj idi. Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər aparılmışdır və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradıldı, məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı.
Məqaləmi Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Zəfər Paradındakı çıxışı ilə bitirmək istəyirəm: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ