Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 02 dekabr 2022-ci il tarixli iclasında çıxışı

Hörmətli həmkarlar!
Məlum olduğu kimi, Fransa Senatının 2022-сi il noyabrın 15-də Azərbaycanla bağlı qəbul etdiyi bədxah qətnamənin ardınca, bu ölkənin Milli Assambleyası da noyabrın 30-da ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul edib. Hesab edirik ki, bu çirkin niyyətli siyasi aksiya dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf almaqla yanaşı, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlikdir. Ona görə də biz Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və onun bu addımını siyasi riyakarlıq kimi qiymətləndiririk.
Düşünürük ki, Fransa Senatının və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr aydın şəkildə Fransanın qanunvericilik orqanlarının siyasi avantüra meydanına çevrildiyini göstərir.
Hörmətli deputatlar!
O da qeyd edilməlidir ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla həlli üçün səylərin heç bir nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik missiyasını yerinə yetirən dövlətlər və xüsusən də Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulmasıdır. Bu gün isə Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında münasibətlərin normal-laşmasına və sülh gündəliyinin həyata keçməsinə böyük zərbə vurur, erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, regionu yeni təhlükələrə yönləndirir.
Ona görə də hesab edirik ki, populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyinin və müxtəlif lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir. Onu da qeyd etmək lazımdır ki, böyük riyakarlıqla Azərbaycanın Ermənistana qarşı müharibə cinayətləri törətməkdə ittiham edildiyi bu qətnamədə Ermənistanın ölkəmizə qarşı 30 il davam edən işğalçılıq və etnik təmizləmə siyasətinə, Xocalı soyqırımına, işğal dövründə ölkəmizin 9 şəhərinin və 300-dən artıq kəndinin viran edilməsinə yer verilmir. Həmçinin, uydurma sənədi hazırlayan və onu dəstəkləyən Fransa Senatının və Milli Assambleyasının üzvləri 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın şəhərlərinin ballistik raketlərlə atəşə tutulmasına, total minalama və mina terroru siyasətinə, itkin düşmüş 4 min nəfərə yaxın vətəndaşımızın taleyinə, kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumat verilməməsinə göz yumurlar.
Əlbəttə, bu faktların özü belə Azərbaycana qarşı təşkil olunan bu ucuz siyasi sifarişin məqsədlərini açıq şəkildə göstərir.
Biz burada dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, insanlıq əleyhinə cinayətləri, eləcə də müharibə cinayətləri haqqında danışmaq istəmirik. Yaxşı məlumdur ki, Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir və bu faktlar hər kəsə məlumdur. Bu ölkə tərəfindən törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində, eləcə də bəşəriyyət tarixində silinməsi mümkün olmayan qara ləkədir.
Hörmətli həmkarlar!
Müstəqil Azərbaycan Respublikası bütün ölkələrlə münasibətləri hüquq bərabərliyi və qarşılıqlı hörmət əsasında inkişaf etdirir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər ərazi bütövlüyümüzün və ədalətin bərpasını təmin edib.
Bu gün Azərbaycan öz əzəli, tarixi torpaqları olan Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa işləri aparır. Bununla əlaqədar olaraq, Fransa parlamentinin üzvləri Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi cəhdlərindən əl çəkməli, Azərbaycanla Ermənistan arasında sivil dövlətlərarası münasibətlərin qurulması üçün yaranmış tarixi imkanın qarşısını ala bilən hərəkətlərə son qoymalıdırlar.
Diqqətinizə görə təşəkkür edirəm.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ