Sizin reklam burada
Sizin reklam burada

Parisin həzm edə bilmədiyi problem

"Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı 30 il ərzində beynəlxalq təşkilatların fəaliyyətinin səmərəsizliyi təsdiq olundu. BMT kimi təşkilat qəbul etdiyi qətnamələrin icrasına nail ola bilmədi. ATƏT-in keçmiş Minsk qrupu isə artıq öz qeyri-ciddiliyi ilə turist təşkilatına çevrilmişdi. Beynəlxalq hüquqla təsbit olunmuş normalar Azərbaycan Ordusunun gücü ilə öz yerini tapdı. Azərbaycanın haqq savaşının bütün beynəlxalq qaydalara uyğunluğunu dünya dövlətləri də qəbul etməyə məcbur oldu. Erməni lobbiçiliyi və erməni himayədarlığına əsir olan qüvvələr də bu həqiqəti qəbul etmək zorunda idi. Azərbaycan Ordusunun dəmir yumruğu ilə başı əzilən erməni separatizmini yenidən dirçəltmək meylləri yenə də baş qaldırıb və bu sırada Fransa dövləti daha çox aktivlik göstərir".
Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib. Deputat vurğulayıb ki, Azərbaycanın Zəfər savaşının üstündən iki il keçsə də ölkəmizin tam qələbəsi ilə ikinci Qarabağ müharibəsini rəsmi Paris hələ də həzm edə bilmir. Bu problemi sülh yolu ilə həll etməyi üzərinə götürmüş ATƏT-in keçmiş Minsk qrupunun üzvü kimi Fransanın ölkəmizə qarşı sərgilədiyi münasibət son vaxtlar daha da intensiv xarakter alaraq olduqca iyrənc şəkildə davam etdirilir.
Otuz il ərzində beynəlxalq qurumların, ölkələrin aradan qaldıra bilmədiyi problem 44 günə qazanılan parlaq qələbə ilə həm də bu illər ərzində heç nəyə nail olmayan ATƏT- in keçmiş Minsk qrupunun tarixin arxivinə atılması ilə nəticələndi. Ölkəmizin yaratdığı reallıqla dünya barışdı, çünki Azərbaycan mövqeyi ilə diplomatiya masasından tutmuş savaşa qədər tam haqlı idi. Bu, ölü doğulmuş və haqqında yalnız keçmiş zamanda danışılan Minsk qrupunun üzvü kimi digər ölkələr, ABŞ və Rusyiadan fərqli olaraq Fransa ənənəvi olaraq suyu bulandırmaqla məşğuldur, ədalətsiz mövqeyindən əl çəkmir, anti-Azərbaycan çağırışlarını az qala dövlət siyasətinin tərkib hissəsi kimi seçir.
Noyabrın 30-da Fransa parlamentinin aşağı palatada, yəni Milli Assambleyada Azərbaycan əleyhinə qəbul etdiyi həqiqətdən uzaq qərəzli kağız parçasından sonra, bir müddət əvvəl Senatda qəbul olunmuş qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatının davamıdır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesisinin həssas məqamında Fransa nəyə nail olmaq istəyir? Şübhəsiz ki, rəsmi Parisin mövqeyi və məlum qətnamə bölgədə davamlı sülhün və əmin-amanlığın bərqərar olmasının əleyhinə açıq şəkildə çağırışdır. Ermənistana xoş münasibət göstərməklə, ikili standartlarla siyasət yürüdən Fransa erməni maraqlarının əsirinə çevrilməklə öz dövlət nüfuzuna zərbə vurur.
Rəşad Mahmudov son olaraq qeyd edib ki, Fransanın qanunverici orqanın və prezidentinin göstərdiyi mövqe faktiki olaraq bütün beynəlxalq qanunları heçə saymamaqdır. Heç şübhəsiz ki, bütün bunlar anti-Azərbaycan münasibətin nəticəsidir. Amma bu qüvvələr bir məqamı nəzərə almır. Azərbaycanın hazırki iqtisadi və siyasi gücü istənilən təhdidə və təxribata cavab verəcək dərəcədədir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizə qarşı hər hansı yanlış münasibətə qarşı diplomatik addımlar atır və bu qüvvələr yerindəcə susdurulur. Azərbaycanın iqtisadi gücü və siyasi nüfuzu onu diqtə edir ki, heç bir ölkə bizimlə təhdid dilində danışa bilməz. Görünən reallıq budur!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ