Sizin reklam burada
Sizin reklam burada

Əminə Ağazadə ATƏT PA-da Azərbaycan və Ermənistan arasındakı münasibətlərin cari vəziyyətindən danışıb

Xəbər verildiyi kimi, Polşanın Varşava şəhərində ATƏT PA payız sessiyası öz işinə baslayib.
Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti sessiyada iştirak edir.
Millət vəkili, Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Əminə Ağazadə sessiyada çıxışı zamanı Azərbaycan və Ermənistan arasındakı münasibətlərin cari vəziyyəti, ölkəmizin maraqlarına aid məsələləri sessiya iştirakçilarının diqqətinə çatdırıb.
Öz çıxışında Əminə Ağazadə müasiri olduğumuz dünyanın hazırda çox çətin bir dövrdən keçdiyini qeyd edib. İkinci Dünya Müharibəsindən sonra ilk dəfə Avropada baş verən irimiqyaslı münaqişələr, dünyanı bürüyən enerji, ərzaq və digər böhranlar buna əyani sübutdur. Dünya ölkələri indi yeni, tamam başqa mənzərə ilə üz-üzədir.
Azərbaycan və Ermənistan arasındakı münasibətlərin cari vəziyyətinə toxunan Millət vəkili bildirib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat Ermənistan və Azərbaycan arasında münaqişəyə son qoyub və regionda davamlı sülhün bərqərar olması üçün razılaşdırılmış parametrləri müəyyən edib. Müharibə başa çatdıqdan və münaqişə həll olunduqdan sonra artıq Azərbaycan dövlətinin mütləq prioriteti yuxarıda qeyd olunan üçtərəfli bəyanatın imzalanması ilə ortaya çıxan kövrək sülhün davam etdirilməsi və möhkəmləndirilməsidir. Bu məqsədlə münaqişədən sonrakı dövrdə regionda yenidənqurma işlərinin və xalqlar arasında sülhə yönəlmiş inteqrasiya proseslərinin başlanması, bununla bağlı real fəaliyyətin həyata keçirilməsi olduqca vacibdir.
Azərbaycan hökuməti onilliklər boyu Ermənistan tərəfindən Azərbaycan ərazilərinin kütləvi dağıntılarla müşayiət olunan işğalının nəticələrinin, o cümlədən humanitar nəticələrin aradan qaldırılmasına yönəlmiş əməli addımlar artıq həyata keçirib. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın öz maliyyə imkanları hesabına aparılan genişmiqyaslı quruculuq işləri aparılır.
Məcburi köçkünlərin probleminə diqqəti çəkən deputat Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz və rahat şəkildə qaytarılması üçün planlara start verildiyini bildirib. Lakin təəssüf ki, azad edilmiş ərazilərdə minalanmış sahələrin böyük miqyasda mövcud olması məcburi köçkünlərin təhlükəsiz formada öz evlərinə qayıtmasına mane olur. Biz məcburi köçkünlərin qayıtmasını və Qarabağ üçün yeni dövrün başlanmasını səbirsizliklə gözləyirik. Zəngilan rayonunun Ağalı kəndi artıq bu yaxınlarda 50 məcburi köçkün ailəsini qəbul edib. Sentyabr ayında kənd orta məktəbində 29 ildən sonra ilk zəng çalındı. Əminliklə deyə bilərik ki, bu ərazilərə həyat qayıdıb.
Münaqişədən sonrakı yenidənqurma prosesinin başqa bir istiqaməti işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpasına yönəlib. İşğal dövründə ərazinin tarixi-mədəni xüsusiyyətlər dəyişdirilib, Azərbaycan mədəni-tarixi köklərinin əlamətləri aradan qaldırılıb. Məsələn, 67 məsciddən 65-i tamamilə dağıdılıb. Sağ qalmış iki məscid hərbi məqsədlər üçün istifadə olunduğu üçün tam dağıdılmaqdan qurtula bilib.
Azərbaycan onilliklərdir ki, beynəlxalq ictimaiyyətə, o cümlədən YUNESKO-ya işğal olunmuş ərazilərə səfər etmək və mədəni irsə məruz qalmış misli görünməmiş dağıntıların, vandalizmin və talanların miqyasını qiymətləndirmək üçün müraciət edir. Bununla belə, YUNESKO-nun texniki missiyasının regiona göndərilməsi konkret iştirakçı dövlət tərəfindən öz siyasi maraqlarına görə əngəllənir.
Əlavə olaraq Əminə Ağazadə digər bir humanitar problemi, keçmiş münaqişə dövründən taleyi məlum olmayan 4000-ə yaxın azərbaycanlı haqqında məsələni də sessiya iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, münaqişədən sonrakı hallara xüsusi diqqət yetirməsi, davamlı sülh quruculuğu və barışığı inkişaf etdirmək üçün yalnış hərəkətlərin aradan qaldırılması və hesabatlılığın yaradılması zərurəti haqqında ətraflı məlumat verilməsi vacib şərtlərdən biridir.
Millət vəkili irəliyə doğru yeganə yolun beynəlxalq hüququn fundamental prinsipləri və ATƏT-in prinsip və öhdəlikləri əsasında regionda sülhün möhkəmləndirilməsində olduğunu xüsusi olaraq vurğulayıb. Əminə xanım qeyd edib ki, hazırkı kritik məqamda biz parlamentarilər olaraq bu prosesi dəstəkləməli, həssas normallaşma prosesinə mane olan və regionda parçalanmaları dərinləşdirən hərəkətlərdən və bəyanatlardan çəkinməliyik.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ