3 saylı Bakı "Asan Xidmət" mərkəzində Notariat ofisinin notariusu
Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və cənab Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və cənab H.Ə.Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.
Dövlət başçısının məhkəmə-hüquq islahatlarına və məhkəmə fəaliyyətinə verdiyi müsbət qiymət hər birimizin qəlbini qürur hissilə doldurduğu kimi, bu sahədə, xüsusilə insan hüquqlarının etibarlı müdafiəsi, korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa qarşı mübarizə ilə bağlı qarşıda duran vəzifələrə dair tapşırıq və tövsiyələri məsuliyyətimizi qat-qat artırır, daha əzmlə çalışmağa səfərbər edir, göstərilən yüksək etimadı layiqincə doğrultmaq üçün bütün bilik və bacarığımızı, təcrübəmizi əsirgəməməyə sövq edir. Azərbaycan Respublikasında qanunun aliliyini, insan hüquqlarının müdafiəsini, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılmasını, məhkəmə hakimiyyətinin müstəqilliyini və səmərəliliyini təmin etmək məqsədi ilə son illər məhkəmə sistemində ardıcıl olaraq həyata keçirilən islahatlar vətəndaşların müraciət imkanlarının asanlaşmasına, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artmasına, ümumilikdə insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsinə və bölgələrdə hüquq institutlarının inkişafına təkan vermişdir.
Müstəqil Azərbaycan Respublikasında ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi dövlətçilik baxımından çox mühüm işləri görür. Məsələn, normativ hüquqi aktların hüquqi ekspertizasını, uçotunu və dövlət qeydiyyatını aparır; qanunvericiliyin təkmilləşdirilməsində iştirak edir. O cümlədən qanun layihələri hazırlayır və normativ sənədlərin layihələrinə rəylər verir, hüquqi maarifləndirmə işi görür; mətbu nəşrlərin reyestrini aparır; notariat fəaliyyətinə rəhbərlik edir; vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirir; məhkəmə qərarlarının icrasının təmin olunmasını təşkil edir; məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmə statistikasının aparılmasını təmin edir və s.
İnamla demək olar ki, Azərbaycanın ədliyyə işçiləri özlərinin peşə bayramlarını böyük nailiyyətlərlə qeyd edirlər. Respublikanın ədliyyə sistemində işləyən bütün insanları əlamətdar gün münasibətilə təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram.
