Hörmətli cənab Baş nazir və hökumət üzvləri! Hörmətli deputatlar!
Dövlət büdcəsinin gəlirlərinin və xərclərinin ildən-ilə artması ölkəmizin ardıcıl və dinamik inkişafını müəyyənləşdirən ən mühüm amillərdən biridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası başa çatmaqda olan 2022-ci ildə dövlətimizin qarşısında dayanan bütün vəzifələrin uğurla yerinə yetirilməsini təmin etmişdir.
Məmnunluqla qeyd etmək olar ki, gələn ilin dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həcmdə – müvafiq olaraq, 30,7 milyard manat və 33,3 milyard manat məbləğində proqnozlaşdırılır. Onu da deyim ki, dövlət büdcəsinin prioritetləri sosial müdafiə, təhsil, işğaldan azad olunmuş ərazilərin bərpası və böyük qayıdışın həyata keçirilməsi, ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı olacaq.
Və əminliklə demək olar ki, Azərbaycan hökumətinin səmərəli fəaliyyəti gələn il büdcə siyasətinin bütün istiqamətlərində qarşıya qoyulan hədəflərin əldə olunmasına imkan yaradacaq.
Hörmətli deputatlar!
2023-cü ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər, bildiyiniz kimi, parlament komitələrinin iclaslarında geniş müzakirə olunmuş və Milli Məclisin plenar iclasına tövsiyə edilmişdir.
Qeyd etmək lazımdır ki, yaranmış ənənəyə uyğun olaraq parlamentdə təmsil edilən siyasi partiyaların rəhbərləri və nümayəndələri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına dəvət olunmuş və iclasda iştirak edənlərin hər birinə öz fikirlərini ifadə etməsi üçün şərait yaradılmışdır.
Hesablama Palatası da büdcə zərfi barəsində müsbət rəyini bildirmişdir.
Mən hesab edirəm ki, bu gün aparacağımız müzakirələr səmərəli olacaq və burada biz deputatların dəyərli təkliflərini dinləyəcəyik. Bununla əlaqədar mən millət vəkillərini müzakirələrdə fəal iştiraka dəvət edirəm.
İndi isə, hörmətli həmkarlar, biz məruzə və çıxışların ardıcıllığını müəyyən etməliyik. Təklif edirəm ki, əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin, maliyyə və iqtisadiyyat nazirlərinin məruzələri ilə başlayaq, sonra isə Mərkəzi Bankın və Hesablama Palatasının məlumatlarını dinləyək. Daha sonra millət vəkilləri öz mülahizələrini söyləyərlər.
(İkinci hissə)
Hörmətli cənab Baş Nazir, hörmətli hökumət üzvləri,
hörmətli həmkarlar iclasımıza davam edirik.
Hörmətli deputatlar, səhər iclasında apardığımız müzakirədə Fransa Senatının Azərbaycan barəsində qəbul etdiyi qətnamə haqqında danışıldı. Dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bu aksiyaya Milli Məclisin münasibət bildirməsinin zəruri olduğu bildirildi. Düşünürəm ki, həm bu qətnamə, həm də Fransanın son dövrdə Azərbaycana qarşı fəaliyyəti ilə bağlı Milli Məclisin bəyanatının qəbul edilməsi məqsədəuyğun olardı. Odur ki, təklif edirəm, Milli Məclisin bəyanatı ilə bağlı məsələni iclasımızın gündəliyinə daxil edək. Hörmətli həmkarlar, xahiş edirəm, məsələyə münasibət bildirin.
(Səsvermə keçirilir.)
Çox sağ olun, qəbul edildi.
Hörmətli həmkarlar!
Biz Fransanın icra və qanunvericilik orqanlarının Azərbaycana qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra Fransa dövləti rəhbərliyinin təcavüzkar Ermənistanı müdafiə etmək üçün verdiyi açıqlamaları, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı sənədlər qəbul etdirməyə çalışdığını yaxşı xatırlayırıq. Son 2 ildə Fransa parlamenti bir neçə dəfə bizim ölkəmiz barəsində ədalətsiz mövqeyini nümayiş etdirmişdir.
Fransa Senatının dünən qəbul etdiyi sənəd də Azərbaycana qarşı bədxah və çirkin niyyətli siyasi aksiyadır.
Hər sətirindən xalqımıza və dövlətimizə nifrət yağan bu qətnamə Ermənistan Respublikasının ölkəmizə qarşı ərazi iddialarına və qəsbkarlıq siyasətinə haqq qazandırmaq niyyəti güdən bir akt kimi qiymətləndirilməlidir.
Heç bir hüquqi, siyasi və mənəvi haqqı olmadan Fransa Senatının qəbul etdiyi qətnamə bunu da göstərir ki, erməni şovinistlərinin qanunsuz maraqlarını təmin etmək üçün Fransa qanunvericiləri hətta öz dövlətlərinin milli maraqlarını qurban verməyə, Fransa ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərə xələl gətirməyə, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa zərbə vurmağa da hazırdırlar.
Erməni şovinizminin Cənubi Qafqazda geosiyasi iddialarının hansı ağır nəticələrə gətirib çıxardığı hamıya məlumdur. Odur ki, biz Fransa Senatını Cənubi Qafqazda baş verən hadisələrə və proseslərə qanunsuz müdaxilə etmək, xalqların taleyi ilə oynamaq, Ermənistanı təcavüz qurbanı kimi qələmə vermək, tarixə qovuşmuş münaqişəni yenidən alovlandırmaq cəhdlərindən əl çəkməyə çağırırıq.
Şübhə yoxdur ki, yalançı erməni təbliğatının təsiri altında və siyasi dividendlər əldə etmək niyyəti ilə Fransa Senatının qəbul etdiyi qətnamənin mənfi nəticələri üçün məsuliyyət bütünlüklə Fransa tərəfinin üzərinə düşəcəkdir.
