Sizin reklam burada
Sizin reklam burada
  • Erməni vandalizminin daha bir ünvanı- Edilli

    Erməni vandalizminin daha bir ünvanı- EdilliRəşad Mahmudov
    Tibb elmləri doktoru
    YAP İdarə Heyətinin üzvü

    Erməni faşizminin iç üzü getdikcə bütün dünya ictimaiyyətinə daha aydın aşkarlanır. Qırx dörd günlük Zəfər savaşı zamanı Azərbaycanın cəbhədən uzaq şəhərlərini, mülki əhalini hədəf alan erməni işğalçılarının Birinci Qarabağ müharibəsi zamanı törətdikləri qeyri-insani əməllər də artıq konkret faktlarla ortaya qoyulmaqdadır. İşğaldan azad olunan ərazilərdə erməni vandalizminə bu gün bütün dünya şahid olur. Xaraba qoyulmuş şəhərlər, yaşayış məntəqələri işğalçının əsl mahiyyətini açıb göstərir və hər kəs düşmənin bu ərazilərə yurd yeri kimi baxmadığına, barbar davranışına əmin olur.
    Bu günlərdə erməni işğalçıların Birinci Qarabağ müharibəsi zamanı əsir düşmüş 25 azərbaycanlını qətlə yetirərək, Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlıqda dəfn edilməsi insanlıqdan uzaq bir hadisə kimi dəhşət doğurdu.
    Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən həmin şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkarlanması faktı ilə bağlı Hərbi Prokurorluqda başlanan istintaqla müəyyənləşdirilib ki, işğalçı tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsipləri, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələbləri kobud surətdə pozularaq, əsir düşmüş 25 şəxs öldürülmüş və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilmişdir. Beləliklə, bu fakt Azərbaycanın illərlə errməni faşizminin xalqımıza qarşı soyqırım siyasəti haqda deyilənləri bir daha təsdiqləyir.
    Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokoluna dövlət olaraq imza atıb. Bu gün ortaya çıxan faktlar həmişəki kimi, dövlət olaraq Ermənistanın öz imzasına hörmət etmədiyini, bütün bu kimi sənədləri gözə kül üfürmək üçün imzaladığını göstərir. Zamanında qarşısı alınmayan erməni vandalizminin əməllərinə görə, həm də 30 il işğal faktına susan, göz yuman beynəlxalq təşkilatlar və dövlətlər məsuliyyət daşıyır. Çünki uzun bir dövr ərzində Ermənistanın beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozmasına, BMT qətnamələrinə belə etinasızlıq göstərməsinə qarşı beynəlxalq səviyyədə ciddi etirazın şahidi olmamışıq.
    Ermənilərin əsirlərin və girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi ilə bağlı yüzlərlə faktlar və şahidlər var. Halbuki Üçüncü Cenevrə Konvensiyası – “Hərbi əsirlərlə rəftara dair” Konvensiya, hərbi əsirlərin hüquqlarını, onlarla davranış qaydalarını, əsirlikdən azad olunma qaydasını müəyyənləşdirərək, belə şəxslərin hərtərəfli müdafiəsini təmin edir. Ermənustan bu normaları hər zaman kobud surətdə pozub, bugünə qədər 3890 itkin düşmüş azərbaycanlı girov və hərbi əsirin aqibəti haqqında Azərbaycana məlumat verməyərək, üzərinə düşən beynəlxalq öhdəliklərini pozmaqda davam edib. Bunun əksinə olaraq, Azərbaycan hər zaman beynəlxalq humanitar hüquqa sadiqliyini nümayiş etdirib. Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə daim sadiq qalıb.
    Bu günlərdə 17 erməni əsirinin geri qaytarılması da dövlətimizin humanizm prinsiplərinə sadiqliyinin daha bir örnəyi idi. Azərbaycan haqlı mövqeyini gücü və qüdrəti ilə bütün dünyaya nümayiş etdirməkdədir. Bu gün beynəlxalq aləm dövlətimizin haqlı mövqeyini müdafiə etməklə bərabər, həm də bölgədə sabitliyin tək təminatının da Azərbaycan olduğunu təsdiqləyir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ