Sizin reklam burada
Sizin reklam burada
  • Xalqımız 44 günlük zəfərimizin müjdəçiləri olan qəhrəman şəhidlərimizi unutmur və heç zaman unutmayacaq

    Xalqımız 44 günlük zəfərimizin müjdəçiləri olan qəhrəman şəhidlərimizi unutmur və heç zaman unutmayacaqÜzeyir Kərimov,
    Bakı şəhəri 51 saylı Notariat Ofisinin notariusu

    Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.
    Bu gün bizim üçün həm hüznlü gündü, həm də qürurlu. Qürurluyuq ona görə ki, zəfər dastanımızın başlanğıc, ilk sətirlərinin yazıldığı gündü. Hüzunluyuq ona görə ki, bu dastanı yazanların içərisindən 3 min şəhid verdik, yaralılarımız oldu. Təbii ki, bu şəhidləri təkcə anım deyil, ilin 365 gününün hər birində yad eləməliyik, xatirələrini əbədiləşdirmək üçün əlimizdən nə gəlirsə, etməliyik. 2 il sanki göz qırpımında keçdi. Bəzən şad günlərimizi unuda bilərik, ancaq elə günlər var ki, müqəddəsdi, unudulmazdı.
    İki il əvvəl sentyabrın 27-də çıxdığımız bu yolun sonu zəfər olduğu üçün hər zaman bundan sonra qürurla danışacağıq. Son tarixi mənbələrə əsaslansaq, son 250 ildə Azərbaycan öz təsdiq olunmuş əraziləri çərçivəsində itirilmiş torpağı ilk dəfə idi geri qaytardı. Ümid edirik ki, bundan sonra ancaq itirdiklərimizi geri qaytaracağıq. Təbii ki, bunda Ali Baş Komandamızın düzgün zamanlaması, qətiyyətli qərarları, düzgün taktiki göstərişləri - bunlar hamısı vacib rol oynadı. 2020-ci ilin iyulunda Tovuz döyüşlərindən sonra - Vətən müharibəsinin qığılcımları orda ortaya çıxdı - həmin vaxt Bakıda bir axın oldu, hər kəs müharibə, torpaqların geri qaytarılmasını tələb edirdi. Ancaq görünür, dövlət başçımız həmin dövrü düzgün qiymətləndirdi, məqamı gözlədi və o çatanda həmin əmri verdi. Heç kimin gözləmədiyi anda, bir bazar günü səhər çağı əks-hücum əmri verdi və demək olar ilk gündən bütün cəbhəboyu yalnız qələbə, torpaqlarımızın azad olunması xəbərləri gəldi. Hansı ki ermənilər elə bir mif yaratmışdı - Ohanyan səddi belə, bunker belədi, bunlar heç cür keçilməzdi, qarşısıalınmazdı. Ancaq bu müharibə bir həqiqəti ortaya çıxardı ki, artıq texnologiya savaşıdı, avtomat dövrü artıq başa çatdı. PUA-lar, "Bayraktar"lar, "Harop"lar, "Dron"lar - texnoloji inkişafın nəticəsində yaradılan silahların savaşıdı.
    Bu gün özü olaraq bir o qədər ağır, duyğusal gündü. Nə qədər sevinsək də, o itkilərin yerini də heç kim doldura bilməz. Bu gün minlərlə evdə eyni zamanda hüzünlü gündür. Çünki o itkilərin yeri görünür. Hansısa bir masa arxasında yenə kimsə əskikdir, yeri boşdur. Anaların çöhrəsində o itki aşıq-aşkar şəkildə görünür.
    2020-ci il sentyabrın 27-də hər bir Azərbaycan oğlu evdən, kazarmadan yalnız bir amal uğrunda çıxmışdı - torpaqlarımızdan düşməni qovmaq və zəfər qazanmaq. Onlar ailələri ilə halallaşanda, əzizləriylə vidalaşanda nə mükafat, nə medal düşünürdülər, yalnız istəkləri qələbə idi! Şükürlər olsun ki, ordumuz və xalqımızın birliyi ilə 30 illik həsrətə son qoyuldu. 30 ilin intiqamı 44 gün ərzində bədxah qonşularımızdan alındı.
    Minlərlə gənc Azərbaycan övladı şəhidlik zirvəsinə ucaldı, çoxu yaralandı, əlil oldu. Ancaq bütün bunların fonunda şanlı tarixi yazmış olduq. Artıq həmin ərazilərə təkcə hərbçilərimiz deyil, mülki sakinlərimiz, vaxtilə o torpaqlardan didərgin düşən soydaşlarımız rahat şəkildə gedib-gələ bilir. Bütün bunları şəhidlərimizə, qazilərimizə borcluyuq. Tanrı xalqımızı bir daha müharibə bəlasına mübtəla etməsin.
    Bu gün şəhid məzarları başında izdiham var. Xalqımız 44 günlük zəfərimizin müjdəçiləri olan qəhrəmanlarımızı unutmur və heç zaman unutmayacaq. Müharibə zamanı və bugünkü birlik bir daha Azərbaycan xalqının hər zaman bir yumruq ətrafında necə birləşdiyinin təcəssümüdür.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ