Görüşdə Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament ölçüsünü inkişaf etdirmək təşəbbüsü ilə çıxış etdiyini xatırladan Sahibə Qafarova, Zimbabve parlamentinin nümayəndə heyətinin ötən ilin noyabrında Madriddə keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ilk yığıncağında iştirakını yüksək qiymətləndirib. Milli Məclisin sədri xatırladıb ki, bu ilin 30 iyun-1 iyul tarixlərində Azərbaycanda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransı keçirilib. Bakı Konfransında 40 ölkənin və 8 beynəlxalq parlament təşkilatının parlament nümayəndə heyətləri iştirak edib və konfrans zamanı bizim ümumi mövqeyimizi və baxışlarımızı əks etdirən Bakı Bəyannaməsi qəbul edilib.
Zimbabve Senatının sədri Meybl Çinomona ölkəsinin parlamentinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əməkdaşlığa önəm verdiyini bildirib. O, həmçinin qanunverici orqanlar arasında əlaqələrin əhəmiyyətini qeyd edərək, vurğulayıb ki, parlament diplomatiyası müasir beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyətə malikdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
