- Razi bəy, “Siyasi partiyalar haqqında” yeni qanunun ilkin variantı təqdim edilib. Xeyli maraqlı nüanslar var. Yeni qanuna ehtiyac var idimi?
- Əlbəttə, yeni qanuna ehtiyac var idi. Qüvvədə olan qanun 30 il əvvəl, 1992-ci ildə qəbul olunub. Bu otuz il ərzində ölkəmizdə çox sahə dəyişib. Dünya belə heç bir il bundan öncəki dünya deyil. Məsələlər, təhlükələr, geopolitika, dünya və iç siyasət çox sürətlə dəyişir. Azərbaycanda da yeni formalaşan siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsinə ehtiyac yaradıb. Qeyd edək ki, bu yeniləşmə tələbi hər zaman müxalifət partiyalarının tələbi olub. Beynəlxlaq təşkilatların da təklif və tövsiyələri olub. Sadəcə olaraq, yeni qanunun qəbul edilməsi zərurətə çevrildi. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdi.
- Dediyiniz kimi, qanun 30 il əvvəl hazırlanmışdı. Yeni qanunda siyasi partiyalar qarşısında yeni tələblər, çağırışlar qoyula bilər. Siz partiya olaraq buna hazırsınızmı?
- Siyasi partiya demək hakimiyyətə iddialı olmaq deməkdir. Siyasi partiya icma təşkilatı, könüllü dərnək deyil ki, 4-5 nəfərlə idarə edəsən. Siyasi partiyaların gərək güclü mərkəzi aparatı, ən azı 150 nəfərə yaxın rayon şöbələrinin üzvü, azı ümumilikdə on min üzvü olsun. Mövcud qanunla siyasi partiya yaratmaq asandır. 1000 nəfər üzv yığ və qeydiyyatdan keç. Amma, keyfiyyət, rəqabət yoxdur. Ölkədə artıq 60, bəlkə də daha çox partiya var, amma bir sorğu keçirin və görün xalq neçə partiya, neçə siyasi lider tanıyır? Ehtimal edirəm ki, çox az. Yeni qanun, zənn edirəm ki, siyasi partiyaların keyfiyyətcə yaxşılaşmasına, təmərküzləşməsinə və inteqrasiyasına yol açacaq. Yeni qanunu Azərbaycanın siyasi həyatında mühüm və keyfiyyətcə yeni mərhələ hesab edirəm.
- Razi bəy, sosial şəbəkələrdə siyasi partiya nümayəndələri tərəfindən qanunu tənqid edənlər də var. Onlar iddia edir ki, qanun müxalifəti susdurmaq üçündür.
- Bu iddianı absurd hesab edirəm. Ölkədə mövcud partiyaların 12-si Parlamentdə təmsil olunur və əksəriyyəti yeni qanunun qəbul olunması ilə bağlı hələ iyul ayında Milli Məclisin sədrinə müraciət edib. Bu tip iddialar ənənəvi hər şeydən və hər kəsdən narazı olan, ancaq və ancaq müxalifətçiliyi təhqir elementli tənqiddə, hər şeyi ağ-qara görməkdə “təcrübə” toplayan kəsim ortaya atır. Məgər bütün mitinqlərdə, beynəlxalq görüşlərdə yeni qanunun qəbul edilməsini tələb etmirdik? İndi tənqidi mövqe tutanlar yeni qanun tələbi irəli sürənlər arasında birinci idilər. Nə baş verdi ki, öz tələblərini inkar etdilər?
Bir də ki, ölkənin inkişafı ilə bağlı qanunların qəbul edilməsini ayrı-ayrı şəxslərin ambisiya və tələbinə bağlamaq olmaz. Bəlkə də bu günə qədər ən zəif cəhətlərimizdən biri bir çox məsələlərlə bağlı zamanında atmadığımız addımlardır. Yeni konfiqurasiyanın tələblərinə uyğunlaşmaq həm siyasi partiyaların, həm də cəmiyyətimizin xeyrinədir.
Bir də qeyd edim ki, bildiyimiz kimi layihənin hazırlanması zamanı beynəlxalq təcrübə, o cümlədən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilib. Bu faktın özü yeni qanunun beynəlxaq standartlara cavab verəcəyinin göstəricisidir.
- Narazı qalan siyasi kəsimə də yəqin ki, söz deməyə imkan yaradılacaq. Onları da eşitmək və dinləmək olar. Əlbəttə. Məgər hansısa siyasi partiyaya məhdudiyyət qoyulub?
Bütün siyasi partiyalara təkliflərini vermək üçün şərait yaradılıb. Aldığım məlumata görə ötən müddət ərzində 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib. Həm də ki, Milli Məclisin saytında yerləşdirilən layihə ilkin versiyadır. Qanunun ictimai müzakirəsi də keçiriləcək,Milli Məclisdə üç oxunuşda müzakirəyə çıxarılacaq. Əlbəttə, dəyişikliklərin olması da gözləniləndir.
Mən bütün siyasi partiyaları qanun layihəsinin müzakirəsində fəal iştiraka dəvət edirəm. Heç kim yaxasını kənara çəkib sonra da “mən demişdim ha…” sözünü deməsin. Bu ən asan işdir. Biz danışmaq, deyinmək və hər şeydən narazı qalmaq mərhələsindən konkret iş mərhələsinə keçməliyik. Əminliyimi bildirmək istəyirəm ki, yeni qanun siyasi partiyaların təkliflərinin geniş spektrini özündə əks etdirəcək.
Vilayət Muxtar
Cebhe-info xəbər portalı
