Ulu öndərin 2001-ci il 9 avqust tarixli fərmanı ilə 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib. Azərbaycan dilinə və onun mühüm hissəsi olan əlifbaya verilən xüsusi əhəmiyyət onun hər bir xalqın, millətin və dövlətin ictimai həyatında oynadığı səciyyəvi funksiyalardan doğur. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan xalqının da Ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.
Müstəqil dövlətçiliyimiz və onun əsas atributlarının mövcud olmadığı və ya təhrif edilmiş durumda olduğu dövrlərdə dil millətin varlığını, onun milli şüurunu və müstəqil dövlətçilik əzmini və ənənələrini itirməyə imkan verməyən vacib bir qüvvə, ümummilli birləşdirici amil kimi çıxış edir. Məhz dilin bu unikal funksiyasını gözəl dərk edən və əhəmiyyətini qiymətləndirən Ulu öndər Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi zaman dil mövzusuna münasibətdə olduqca həssas davranıb və cəsarətli addımlar atıb. Onun bu cəsarəti və həssaslığı 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına edilən dəyişikliklərdə aydın şəkildə ifadə olunub. Ulu öndərin təşəbbüsü ilə həmin Konstitusiyada Azərbaycan dili Azərbaycan SSR-in dövlət dili elan olunaraq ən ali hüquqi səviyyədə təsbit edilib. O, bu məsələdən bəhs edərkən bildirmişdir ki, Konstitusiya vətəndaşlara təhsil hüququ verir və bu hüquq onlara ana dilində oxumaq imkanı yaradır. Beləliklə, Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi məsələsini təhsil hüququ kontekstində də əsaslandırmışdır.
Ulu öndər Heydər Əliyev müstəqillik dövründə də Azərbaycan dilinin inkişafı naminə önəmli təşəbbüslərlə çıxış edib. Təqdirəlayiq haldır ki, 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili kimi təsbit edilib. Bundan əlavə, bu istiqamətdə bir çox digər qanunvericilik aktları da qəbul edilib.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı doğma dilimizə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb. Ölkəmizdə ana dilimizin inkişafı, qorunub saxlanması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 iyul 2018-ci il tarixli Sərəncamı buna bariz nümunədir.
