Sizin reklam burada
Sizin reklam burada

Qələbəmizin sirri

 Qələbəmizin sirri Atalar sözlərimizdən birində belə deyilir: “Haqq əli bekar qalmaz: gec kəsər, karlı kəsər”. Otuz il ərzində Ermənistan və havadarları əllərindən gələni etdilər ki, xalqımızın haqq əli boşa çıxsın və axırda mənən yorulub işğal faktı ilə barışsın. Münaqişənin danışıqlar yolu ilə həlli məsuliyyətini üzərinə götürən Minsk qrupunun üç vasitəçi ölkəsi bu illər ərzində yalnız ona nail oldu ki, işğalçı daha çox şirnikləndi, “dənizdən-dənizə” kimi sərsəm xülyasının gerçəkləşə biləcəyinə özü də inanmağa başladı.
Bu fikirlər Milli Məclisin deputatı Ülvi Quliyevin “Qələbəmizin sirri” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Ermənistan görəndə ki, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini 27 il ərzində heçə sayması vasitəçiləri hərəkətə gətirmir, heç şübhəsiz, şirniklənərək daha çox azğınlaşmalı, “Qarabağ Ermənistandır və nöqtə”, “yeni ərazilər uğrunda yeni müharibə” deməyə həvəslənməli idi. Haqq və ədalət, beynəlxalq hüquq tərəfimizdə ola-ola, son 30 ildə bunu da gördük ki, vasitəçilərdən biri Ermənistanı pulsuz-parasız silahlandıraraq sərhədlərinin keşiyində dayandı, ikincisi Qarabağdakı separatçı erməni rejimini rəsmi səviyyədə maliyyələşdirdi, üçüncüsü isə işğalçını sevimli bacısı kimi əzizlədi. Əslində, bunun yalnız bir adı var: siyasi rəzalət. Bu rəzalət indi də davam edir. 44 günlük Vətən Müharibəsində məğlub olan Ermənistan hələ də Minsk qrupunun eşqi ilə yaşayırsa, deməli, bu sevdanı ona yaşadanlar var. Əgər vasitəçi ölkələrdən birinin rəsmisi Minsk qrupunun məhz Ermənistanın maraqlarına xidmət etdiyini açıq-aydın dilinə gətirirsə, başqa birinin səlahiyyətlisi keçmiş üçlük formatında Rusiya ilə əməkdaşlığa hazır olduqlarını bəyan edirsə, təbii ki, Ermənistanda xam xəyallarla yaşayanların sayı artacaq, revanşist qüvvələr isə daha da azğınlaşacaq. Rusiya-Ukrayna müharibəsi fonunda bir-birilərinin siyasi varlığını belə şübhə altına alan keçmiş vasitəçilərin rəsmiləri erməni separatçılığına münasibətdə ortaq maraqlar axtarışına çıxmağı mümkün hesab edirlərsə, bunun adı, həqiqətən, rəzalətdir. Elə bu səbəbdən, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında söylədiyi fikirlər əsla təsadüfi deyildi və son 30 ilin acı reallığına söykənirdi: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”.
Bu illər ərzində birinin az, digərinin daha çox siyasi riyakarlıq etməsinə baxmayaraq, xalqımız öz haqqına olan inamını itirmədi. Çünki müstəqil Azərbaycana münasibətdə ayrı-seçkilik edənlərin qarşısında ölkəmizi təmsil edən iqtidarına sonadək güvəndi. Xalqımız gördü ki, seçdiyi hakimiyyət onunla eyni hissləri yaşayır və eyni amalları bölüşür, ümummilli hədəflərimizə yetişmək üçün siyasi iradəyə sahibdir. Prezident İlham Əliyevin Şuşada, Dünya Azərbaycanlılarının Zəfər Qurultayında söylədiyi fikirlər bir daha təsdiq etdi ki, bu illər ərzində harada yaşamağımızdan və hansı statusda olmağımızdan asılı olmayaraq, sınağa çəkilən milli ləyaqətimizlə bağlı eyni mənəvi sıxıntını keçirmişik və böyük güclərin qarşısında birliyimizi qoruduğumuz üçün duruş gətirə bilmişik. Prezident Şuşada yaşadığımız hissləri belə ifadə etdi: “Biz otuz il torpaqları işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi. Mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün, sizin üçün-xaricdə yaşayan azərbaycanlılar üçün...”
Aristotel müdrik kəlamlarından birində belə demişdi: “Atalar sözü-qədim fəlsəfənin sağ qalmış parçasıdır”. Bizim atalar məsəlimizdə deyildiyi kimi, xalqımızın haqq əli ona görə bekar qalmadı, gec, amma karlı kəsə bildi ki, milli fəlsəfəmiz miflərə deyil, sağlam dəyərlərə və həqiqətə söykənir. Ən başlıcası, qədim fəlsəfəmizdən günümüzə gəlib çatan və gələcək nəsillərə də mütləq ötürüləcək dəyərlərimizdən biri milli kimliyimizin, milli ləyaqətimizin göz bəbəyi kimi qorunması ilə bağlıdır. Zəmanəsinin və zəmanəmizin görkəmli nümayəndəsi Ştraus belə deyirdi: “Ancaq sağlam milli şüura malik olan xalq öz haqqını qoruya bilər”. Xalqımız sağlam milli şüura və etibarlı yaddaşa sahib olduğu üçün müstəqillik tarixinin ən ağır dönəmində - 1993-cü ilin iyununda tərəddüd etmədən öz xilaskarına müraciət etdi. Çünki hələ sovetlər dövründə əmin olmuşdu ki, imperiyanın repressiv mahiyyətinə baxmayaraq, Heydər Əliyev tarixi keçmişimizə, milli kimliyimizə və doğma Azərbaycana qəlbən bağlıdır. Cəmiyyətimiz o dövrdə bunu da görmüşdü ki, hətta sovet Azərbaycanının dövlət dilinin məhz Ana dilimizin olması ilə bağlı Konstitusiya təşəbbüsünün müəllifi də Ulu Öndərdir. Sovet İttifaqının ideoloji rəhbərliyi yaxşı bilirdi ki, Azərbaycanda və Türkiyədə yaşayan müsəlman əhali eyni genetik kod yaddaşına, dil və din birliyinə, ortaq milli-mənəvi dəyərlərə malikdir. Elə bu səbəbdən, o dövrdə Azərbaycanda qardaş Türkiyəyə bəslənilən doğmalıq hissi İttifaq rəhbərliyində qıcıq doğurmaya bilməzdi. Bu doğmalığı təbliğ edənlərin, tarixi bağların qorunub saxlanılmasına xidmət göstərənlərin gec-tez hədəfə gəlməsi də qaçılmaz idi. Ötən əsrin 70-ci illərinin ortalarında görkəmli türk sənətkarlarından Emel Sayının Bakıda təşkil olunmuş ikigünlük konserti indiki nəsil üçün bəlkə də sıradan bir hadisə kimi görünə bilər. Lakin sovet dövründə yaşayanlar bilirlər ki, o zaman qardaş Türkiyə ilə hətta mədəni əlaqələri təbliğ etmək nə dərəcədə təhlükəli idi. Xüsusilə sovet Azərbaycanına rəhbərlik edən Heydər Əliyev üçün. Buna baxmayaraq, bu nadir mədəni-ictimai əhəmiyyətli tədbir məhz Ulu Öndərin təşəbbüsü və himayəsi ilə gerçəkləşmişdi.
Adətən deyirlər ki, tarixi keçmişi “əgər o vaxt belə olsaydı, indi başqa cür olardı” yanaşmasından təhlil etmək mənasız və ədalətsiz işdir. Ulu Öndərin sovetlərin ağır və riskli şərtləri altında milli məfkurəmizə göstərdiyi tarixi xidmətlərindən xəbərləri ola-ola, çox təəssüf, öz içərimizdə adda-budda kəslər də tapılır ki, həqiqətlərə kölgə salmağa cəhd edirlər. Belələrinə Şekspirin dəyərli bir kəlamını xatırlatmaq istərdim. O deyirdi: “Allah sizə bir üz verib: bir dənə də siz əlavə etməyin”.
Ulu öndər Heydər Əliyev ona görə nadir tarixi şəxsiyyət və böyük azərbaycanlıdır ki, sovet imperiyasının ideoloji xəttini, müəyyən etdiyi hədləri aşaraq, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin məhz sovet Azərbaycanında açılmasına nail oldu. Yerli hərbi kadrlar bu məktəbdə yetişdirildi və müstəqil Azərbaycanın hərbi kadr bazasının formalaşması üçün peşəkar təhsil ocağının təməli elə o dövrdə qoyuldu. Ulu Öndər xalqımızın təkidli tələbi ilə ikinci dəfə, artıq müstəqil Azərbaycanın rəhbərliyinə qayıtdıqdan sonra imza atdığı qərarlarla və əməli addımları ilə bir daha sübut etdi ki, onun Ümummilli Lider zirvəsinə yüksəlməsi Azərbaycana həsr etdiyi şərəfli ömür yolunun, xalqımız və müstəqil dövlətçiliyimizin qorunması naminə yerinə yetirdiyi xilaskarlıq missiyasının məntiqi nəticəsidir. Məhz Heydər Əliyev milli və müstəqil dövlətçilik ənənələrimizi qorumaq üçün 1998-ci il 22 may tarixli Prezident Fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyətində Əlahiddə Azərbaycan Korpusunun yarandığı 26 iyun tarixini Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan etdi. 1999-cu ildə Hərbi Akademiyanın təsis edilməsi və 1994-cü ildən etibarən ölkəmizin NATO ilə hərbi əməkdaşlıq proqramlarına qoşulması da Ulu Öndərin adı ilə bağlıdır.
Terror və sui-qəsd cəhdləri Ulu Öndərin sağlamlığına təsirsiz ötüşmədi. Bütün bunlar və gərgin iş rejimi Heydər Əliyevə başladığı işləri sona çatdırmağa imkan verməsə də, onlar yarımçıq qalmadı. 2003-cü ildən etibarən ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin olunması, qələbəyə köklənən Ordu quruculuğu ilə bağlı nəzərdə tutulmuş strateji proqramlar Ulu Öndərin siyasi xələfi Prezident İlham Əliyev tərəfindən inamla davam etdirildi. Seneka ibrətamiz kəlamlarından birində deyirdi: “Qayda və göstərişlər yolu uzun, şəxsi nümunə yolu isə aydın və konkretdir”. Prezident İlham Əliyev Vətənə, millətimizə, xalqımıza olan sevgisini və milli ləyaqətimizi istənilən gücün qarşısında qorumaq əzmini 44 günlük Vətən müharibəsində verdiyi müsahibə və bəyanatları ilə, hərb və diplomatiya cəbhəsində atdığı addımlarla dönmədən sübut etdi, gənc nəslə vətənpərvər lider nümunəsini göstərdi. Azərbaycan Ordusu, Azərbaycan gəncliyi məhz bu nümunəni, öz siyasi Liderinin və Ali Baş Komandanının Qələbə əzmini aydın şəkildə görüb buna inandığı üçün savaş meydanında qəhrəmanlıq göstərdi. Silahlı Qüvvələrimiz sübut etdi ki, torpaqlarımızın işğaldan azad edilməsi və milli ləyaqətimizin qorunması naminə hər cür fədakarlığa hazırdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin.
Artıq ikinci ildir ki, bayramlarımızı tamam başqa ovqatda, milli qürur hissi ilə qeyd edirik. Bu ali hissi yaşadığımıza görə mərd və dəyanətli xalqımıza, şəhid və qazilərimizə, bütövlükdə qəhrəman Silahlı Qüvvələrimizə, müstəqil Azərbaycan dövlətinə və xalqımızın haqq əlini düşmənin başı üzərində birləşdirən Müzəffər Ali Baş Komandanımızın həmin “dəmir yumruğ”una borcluyuq. Tarixi Zəfəri həm də ona görə qazana bildik ki, keçmişimizi unutmadıq, milli fəlsəfəmizin atalar sözləri vasitəsilə günümüzə gəlib çatmış sağlam parçalarını qoruyaraq yaşatdıq.
Milli kimliyimizi xilas edən Qələbəmizin həlledici səbəblərindən biri də Heydər Əliyev siyasi düşüncəsinin - müstəqil Azərbaycana xidmət amalının yaşaması və yaşadılması ilə bağlıdır. Məhz bu mənada xüsusi diqqət çəkən örnək məqamlardan birini sizlərlə də bölüşmək istərdim. Ulu öndər Heydər Əliyev xalqımızın tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi gün - 1993-cü il iyunun 15-də Parlamentdəki çıxışında bunları demişdi: “Mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”. Bu fikirlərin üstündən düz 29 il sonra, artıq işğaldan azad edilən Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində Prezident İlham Əliyev bunları dedi: “Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır... Əlbəttə, biz müstəqil olmasaydıq, yəni, sözün əsl mənasında, müstəqil olmasaydıq, erməni işğalına son qoya bilməzdik”.
İyirmi doqquz illik fasilə ilə deyilən bu fikirlər Heydər Əliyev siyasi düşüncəsinin və ümummilli maraqlarımıza xidmət edən müstəqil dövlətçilik ənənələrimizin yaşadılması deməkdir. Uğurlarımıza, tarixi Zəfərimizə görə dəyişməz dəyərlərimizə borcluyuq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ