Milli Məclisin sədri Sahibə Qafarova Qlobal Parlament Konfransına dəvətə və göstərilən yüksək qonaqpərvərliyə görə TBMM sədrinə minnətdarlığını bildirərək qeyd edib ki, belə mühüm bir mövzuya həsr olunmuş konfransın Türkiyədə keçirilməsi xüsusilə vacibdir. Çünki Türkiyə miqrasiya proseslərinin idarə olunmasında və həllində mühüm rola malikdir.
Sahibə Qafarova miqrant və qaçqınların cəmiyyətə və iqtisadiyyata səmərəli inteqrasiyasını təmin etmək, həmçinin onların ləyaqətli, təhlükəsiz şəkildə doğma ölkələrinə qayıtmasını həyata keçirməklə bağlı məsələlərin bu gün kifayət qədər aktual olduğunu, həmçinin bu istiqamətdə qəbul olunmuş beynəlxalq sənədlərin icrasının vacibliyini qeyd edib. Azərbaycanın miqrasiya proseslərinin həllindəki təcrübəsinin örnək təşkil etdiyini vurğulayan Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan miqrasiya proseslərinin beynəlxalq normalara və milli qanunvericiliyə uyğun idarə edilməsinə, həmçinin miqrantların hüquqlarının qorunmasına mühüm əhəmiyyət verir.
Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” tezisinə söykənən Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini deyən Milli Məclisin sədri qeyd edib ki, bu gün dünya miqyasında bir-birinə bu qədər yaxın olan iki ölkə yoxdur. Sahibə Qafarova xüsusilə Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin əməkdaşlığımızın durmadan inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
O, əminliyini ifadə edib ki, qardaşlıq və dostluq münasibətlərimiz bundan sonra da uğurlu inkişafını davam etdirəcək.
Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
