Bu kontekstdə, Litvalı həmkarı ilə görüşdə Prezident İlham Əliyev Ermənistanla sülh müqaviləsinin bağlanmasını mövzusunda fikirləri bildirdi. Prezident qeyd etdi ki, İkinci Qarabağ müharibəsi bitən kimi Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanmasını, eləcə də sərhədlərin delimitasiyası ilə bağlı birgə komissiyanın yaradılmasını açıq şəkildə dəstəkləmişdir və hal-hazırda da dəstəkləməkdədir. Müvafiq olaraq, Azərbaycan sülh sazişinin hazırlanması üçün beş prinsipdən ibarət təklif irəli sürmüşdür və həmin prinsiplər BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur. Ermənistanın həmin beş prinsipi qəbul etməsi müsbət haldır və müəyyən nikbinlik yaradır. Amma digər tərəfdən Ermənistanın həmin mövqeyinə sadiq qalması və müvafiq mövqeyi praktik müstəviyə keçirib keçirməyəcəyi tam aydın deyil. Xüsusən də nəzərə alsaq ki, Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı məsələdə dəyişkənlik göstərir. Sərhədlərin delimitasiyası ilə bağlı hər iki ölkənin işçi qruplarının yaradılması və aprelin sonuna qədər ilk görüşün keçirilməsi barədə razılıq əldə edilmişdi. Yeri gəlmişkən bu razılıq Avropa Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərlərinin 6 apreldə Brüsseldə keçirilmiş görüşündə əldə edilmişdi. Lakin Ermənistan razılaşdırılmış görüşü ləğv etdi və bu günə qədər görüşün keçirilməsindən yayınmaqdadır. Prezident İlham Əliyev tərəfindən Litvalı həmkarının bu mövzuda ətraflı məlumatlandırılması həm də ona görə vacibdir ki, Gitanas Nauseda Bakıdan sonra İrəvana səfər edəcək və Ermənistan Baş Naziri Nikol Paşinyanla görüşəcək.
Azərbaycan və Litva prezidentləri ikitərəfli gündəmə xüsusi önəm verdilər. Təsadüfi deyildir ki, hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan-Litva biznes forumu keçirildi. Burada da əsas məqsəd iki ölkə arasında ticarət, biznes və iqtisad əlaqələrin inkişaf etdirilməsi, bu sahədə olan potensialın daha effektiv surətdə reallaşdırılmasıdır. Bu mövzudan bəhs edərkən Litva prezidenti bildirdi ki, iki ölkə arasında ticarət dövriyyəsi artıb və bu artım Azərbaycandan Litvaya edilən ixracın həcminin artması hesabınadır. Litva prezidentin bu qeydi Azərbaycanda aparılmış iqtisadi islahatların müsbət nəticələrindən, qeyri-neft sektorunun inkişafından xəbər verir və bizi sevindirməyə bilməz.
