Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, hər iki müsahibəsində dövlətimizin başçısı Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqlar, bunun region ölkələri üçün perspektivləri, geosiyasi və geoiqtisadi əhəmiyyəti barədə ətraflı şərh verdi: “Prezident məntiqi mühakimələri və analitik təhlili ilə Azərbaycanın sülhün, sabitliyin tərəfində olduğunu, nəzərdə tutulan layihələrin regionda əmin-amanlığa, tərəqqiyə, iqtisadi inkişafa geniş yol açacağını hərtərəfli əsaslandırdı. Aydın görünür ki, yeni reallıq regionun inkişafına əlavə stimul olacaq yeni əməkdaşlıq formatları müəyyən edir. Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda yeni fəal əməkdaşlıq imkanları yaranır. Bu, tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində xeyli əhəmiyyətli addımdır. Artıq reallığa çevrilən Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əsas hissəsini təşkil edəcək və bütün region üçün yeni inkişaf imkanları açacaq. Bu, türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir. Ermənistan tərəfinin bunu dəyərləndirməsi, layiqincə qiymətləndirməsi onların gələcək inkişafı üçün olduqca əhəmiyyətlidir”.
“Dövlətimizin başçısı baş verə biləcək revanşizm cəhdlərinin qarşısının dərhal alınacağı ilə də bağlı mesaj verdi. Təbii ki, revanşist xarakterli təxribatların
Ermənistan tərəfi üçün heç bir nəticəsi olmayacaq. Onsuz da, ağır olan vəziyyətlərini daha da ağırlaşdıracaq və ölkələrini düşdükləri bataqlıqda qərq edəcəklər. Qalib Azərbaycanın diktə etdiyi şərtləri mütləq qəbul etməlidirlər, onların gələcək inkişafı məhz bundan asılıdır. Brüssel bəyanatında da əksini tapan məsələlər Azərbaycanın müəyyən etdiyi reallıqlar üzərində qurululub. Artıq geriyə dönüşün mümkünsüzlüyü göz önündədir. Ermənistan qonşuları ilə mehriban münasibətlərdə yaşamağı öyrənməlidir”, - Milli Məclisin deputatı bildirib.
AHİK sədri deyib ki, müsahibədə də toxunulduğu kimi, Avropa Komissiyası tərəfindən Ermənistana 2.6 milyard dollar, Azərbaycana isə 140 milyon dəstək paketinə gəldikdə isə bu, ədalətsiz bir münasibətdir: “Dövlətimizin başçısı da bunun ətraflı şərhini verdi. Uzun müddət işğal siyasəti yürüdən, Azərbaycan ərazilərini xarabalıqlara çevirən, sakinlərini məcburi köçkün vəziyyətinə salan Ermənistana bu məbləğdə dəstək, təbii ki, ikrah yaradır. İşğaldan azad olunmuş ərazilərin bərpası, minaların təmizlənməsi prosesi, sakinlərin öz ata-baba yurdunda yerləşdirilməsi daha çox vəsait tələb edir. Avropa İttifaqının bu cür yanaşması təəccüb doğurur”.
