Əminə Ağazadə onu da deyib ki, bəzi hallarda narahatçılıq doğuran cəhətlər vardır ki, bunun haqqında da cənab Prezident açıq şəkildə Avropa ictimaiyyətinə siqnallar verdi: “Bu ilk növbədə Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünməsi, dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhdlərin olmasıdır Azərbaycan sülhün tərəfdarıdır. Ona görə də Azərbaycan rəsmi İrəvanın manevrlərini, yenidən qruplaşmalarını və təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün cəhdlərini izləyir. Dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Hazırda Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. İndi də Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur. Lakin ümumilikdə ümidverici cəhətlər də vardır. Belə ki, Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup çərçivəsində görüşlər davam edir. Qrupun əsas məqsədi və vəzifəsi kommunikasiyaların açılmasıdır. Danışıqların bir neçə mərhələsi nisbətən uğurlu olub. İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var. Avtomobil yolunun açılmasının qaçılmaz olduğuna dair aydın təsəvvürlər mövcuddur. Azərbaycandan keçib Ermənistana gedən və sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimi müzakirə olunur. Hava məkanı artıq aktivləşib. Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvana uçan təyyarələri Ermənistan hava məkanından keçməyə başlayıb. Böyük regional güclər artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar”.
Deputat bildirib ki, Regional məsələlərin həllində Rusiya və Avropa İttifaqı əsas beynəlxalq oyunçulardır. İki ölkə arasındakı münasibətlərin normallaşması üçün Rusiya və Avropa İttifaqı həqiqi istəyini nümayış etdirir: “Burada hər hansı rəqabətdən söz ola bilməz. Hamı qəbul edir ki, uzunmüddətli sülhdə maraqlı olan beynəlxalq ictimaiyyətin, təsisatların, ölkələrin bu səyləri çox müsbət nəticə verə bilər. Uzun illər davam edən işğaldan və düşmənçilikdən sonra beynəlxalq oyunçular prosesə birmənalı şəkildə dəstək nümayiş etdirməlidirlər. Dövlət başçısı İlham Əliyevin Brüsselə işgüzar səfəri bir çox məqamlarla tarixə yazıldı. Günümüzün əsas məsələsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, təkcə atəşkəs deyil, real sülh sazişinin imzalanması olduğunu nəzərə alsaq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşü və əldə olunan nəticə təkcə ölkə deyil, dünya siyasi gündəliyinin diqqətində qalmaqdadır”.
