Sizin reklam burada
Sizin reklam burada
  • Vətən müharibəsində əldə olunan zəfər ədalətin təntənəsidir

    Vətən müharibəsində əldə olunan zəfər ədalətin təntənəsidir


    Qulu Süleymanov,
    Bakı şəhəri 37 saylı Notariat Ofisinin notariusu

    Ötən il xalqımızın 30 illik intizarına, nəhayət ki, son qoyuldu. Doğma torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, titanik səyləri və qəhrəman hərbçilərimizin göstərdikləri şücaətlər sayəsində işğaldan azad edildi. Xalqımız yaxşı bilir ki, azadlıq bəxş edilmir və döyüş meydanında tökülən qan hesabına alınır. Cənab Prezidentin də qeyd etdiyi kimi, torpaqlarımızın hər qarışının yağı düşmənin tapdağından təmizlənməsi böyük fədakarlıqlar, şəhidlərimizin qanı hesabına başa gəlib. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
    Biz hamımız şahid olduq ki, müharibənin dəhşəti Azərbaycan xalqını qətiyyən qorxutmadı. Əksinə, xalqımız bir yumruq kimi Ali Baş Komandanımızın ətrafında sıx birləşdi, ordumuza arxa durdu. Nəticədə uğurlu hərbi əməliyyatlarla tarixə qızıl hərflərlə yazılacaq qələbə çalındı.
    Qələbə xəbəri vətəndaşlar içərisində çox böyük sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Ali Baş Komandan İlham Əliyevin apardığı müdrik siyasət və Azərbaycan Ordusunun əzmi, şücaəti sayəsində düşmən məhv edildi.
    Bu şanlı qələbəmizin ölkəmizdə hər il noyabrın 22-də qeyd edilən ədliyyə işçilərinin peşə bayramı ərəfəsində qazanılması çox sevindiricidir. Ədliyyə işçiləri və məhkəmə əməkdaşları həmişə igid əsgərlərimizlə birlikdə olublar. Onların bir çoxu mənfur düşmənlərimizə qarşı aparılan Vətən müharibəsində, ön cəbhədə peşəkar hərbçilərimizlə çiyin-çiyinə döyüşüb.
    Bir əsrdən çox inkişaf yolu keçən Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlamış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. 1918-ci ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən mühüm akt-nazirliyin Əsasnaməsi təsdiq olundu. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu təməl əsasında müasir dövlətçilik ənənələrinə və konsepsiyasına söykənən Azərbaycan ədliyyəsinin tarixi yazılmağa başlandı.
    Ədliyyə Nazirliyinin həm də çətin və mürəkkəb dövrləri olmuşdur. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Ədliyyə sistemi rejimin mahiyyətinə uyğun ciddi təsirlərə məruz qalmış, Ədliyyə orqanlarının dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik törətmişdir.
    Azərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatı nəticəsində Azərbaycanda bütün hüquq təsisatlarının fəaliyyətini tənzimləyən yeni mütərəqqi qanunlar, məcəllələr qəbul edilmiş, bütün bunlar Azərbaycan ədliyyəsinin gələcək inkişafı üçün əlverişli şərait yaratmışdır. Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi, ədliyyə işinin təkmilləşdirilməsi məhz 1970-ci illərə - ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf edir.
    Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə edilmiş, həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində nazirliyin cəmiyyətin idarə olunmasında yeri və rolu daha da artmış, nüfuzu və mövqeyi möhkəmlənmişdir. 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilməklə Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusunun verilməsi bu gün böyük səlahiyyətlərə malik olan Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinin, onun qarşısında duran mühüm vəzifələrin miqyasının ciddi şəkildə genişlənməsinin hüquqi təsbiti, dövlətin hüquq siyasətini həyata keçirən orqan kimi cəmiyyətdə ciddi nüfuza malik olmasının göstəricisidir.
    26 may və 17 avqust 2006-cı il tarixlərində dövlət başçısı tərəfindən müvafiq fərmanlar imzalanmaqla “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarının inkişafı haqqında” Qanunlar qəbul olunmuşdur. “Açıq hökumət” prinsiplərinin ədliyyə sistemində geniş tətbiqi, nazirliyin internet saytlarının interaktiv rejimdə fəaliyyəti, ədliyyə saytlarının mobil versiyalarının istifadəyə verilməsi, əhaliyə göstərilən elektron xidmətlər də ədliyyə fəaliyyətində şəffaflığın artırılmasına yönələn mühüm tədbirlərdəndir.
    Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin ədliyyə orqanlarında işlə təminatı daim diqqətdə saxlanılır, onlara xüsusi qayğı ilə yanaşılır. Gənclər də öz növbəsində cənab nazir Fikrət Məmmədovun rəhbərliyi altında günü-gündən inkişaf edən və hüquq mühafizə orqanları arasında xüsusi yeri olan Ədliyyə Nazirliyində xidməti vəzifələrini layiqincə yerinə yetirmək üçün səylə çalışırlar.
    Bütün bunlar respublikamızda hərtərəfli tərəqqinin və yüksəlişin bariz nümunəsi olmaqla xalqımızda yüksək iftixar hissi doğurur. Peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçiləri ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, daha məsuliyyətlə çalışmaq əzmindədirlər.
    Cənab Ali Baş Komandan İlham Əliyevi, qəhrəman əsgərlərimizi və xalqımızı 8 noyabr - böyük Qələbənin bir illiyi münasibətilə, ədliyyə işçilərini 22 noyabr - peşə bayramı günü ilə əlaqədar təbrik edir və bu çətin və şərəfli missiyada Azərbaycan xalqının yekdilliklə öz Prezidentinə arxa durduğunu görməkdən qürur duyuruq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ