
Tural Bayramov,
6 saylı Bakı “Asan Xidmət” Mərkəzində
Notariat Ofisinin notariusu
Hələ 103 il bundan əvvəl Şərqdə ilk demokratik respublikanın qurulması ilə 1918-ci ildə yaranaraq cəmi 2 ilə yaxın bir dövrdə mövcud olan azərbaycan Ədliyyə Nazirliyi müəyyən dövrlərdə yenidən mövcud olsa da, 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə yenidən təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və ulu öndər Heydər Əliyev ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilmiş, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artmış, səlahiyyət dairəsi genişlənmişdir. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədi ilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir. O gündən ədliyyə işçiləri öz peşə bayramlarını qeyd edirlər.
Ölkəmizin hüquqi əməkdaşlığının genişlənməsi və beynəlxalq nüfuzunun artması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin və hərtərəfli islahatların bariz təzahürüdür. Həmçinin Ədliyyə Nazirliyi tərəfindən insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə böyük önəm verilərək birgə layihələrin həyata keçirilməsi məqsədilə BMT-nin İnkişaf Proqramı, Avropa Şurası, ATƏT, İnsan Hüquqları üzrə Ali Komissarın ofisi, UNİCEF, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər qurumlarla səmərəli əməkdaşlıq edilməsi, Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində görülən işlərdə fəal iştirak edilməsi də bu sahədə aparılan uğurlu siyasətin nəticəsidir. Ölkəmizin beynəlxalq təşkilatlarla sıx əlaqəsi və söz sahibinə çevrilməsi uzun tarixi yol keçən Ermənistan-Azərbaycan münaqişəsində də xüsusi rol oynamışdır. Bir çox beynəlxalq təşkilatların münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı çoxsaylı sənədlər qəbul etməsinə baxmayaraq, qarşı tərəf heç bir hüquqi akta məhəl qoymaraq məkrli siyasətlərini davam etdirmiş, tez-tez cəbhəboyu bölgələrdə atəşkəsi pozmuşdur. Nəticədə 27 sentyabr 2020 -ci il tarixində Ermənistanın Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı həyata keçirməsi ilə İkinci Qarabağ müharibəsi başlamışdır. Erməni terror qruplaşması döyüş meydanında gücünü göstərə bilmədiyini anlayaraq Azərbaycanın mülki vətəndaşlarının yaşadıqları şəhər və rayonları raket atəşinə tutmaqla insan hüquqlarını kobud şəkildə pozmuşdur. 29 il bundan əvvəl Xocalı soyqrımının eyniadlı ssenarisini Azərbaycanın ikinci böyük şəhərində, döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncədə iki dəfə, daha sonra Bərdədə və Tərtərdə tətbiq etməklə onlarla körpələri, mülki vətəndaşları həlak etmişlər. Beləliklə də Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərinə məhəl qoymayaraq dünya ictimaiyyəti tərəfindən ümumbəşər dəyər və beynəlxalq hüquq prinsiplərini pozaraq hərbi cinayət aktlarına imza atmış oldu. Bu məsələnin təəssüfverici məqamı isə ondan ibarətdir ki, günahsız qurbanlar verən Azərbaycana dünya birliyi göz yumdu. Lakin buna baxmayaraq ölkə başçısı hər çıxışında mülki vətəndaşların qisasını döyüş meydanında alacağımızı vurğuladı. Elə bu çıxışlardan vaxt keçmədi ki, Azərbaycanın müzəffər ordusu torpaqlarımızın böyük bir qismini işğaldan azad etdi. Azərbaycan haqq savaşında ən böyük qalibiyyətini isə Şuşa şəhərini işğaldan azad etməklə göstərmiş oldu. Nəhayət, zəfər yürüşümüz 10 noyabrda Azərbaycanın tam qələbəsi ilə başa çataraq ölkəmiz beynəlxalq hüquqi aktlara məhəl qoymayan Ermənistana ədaləti döyüş meydanında göstərdi və Qarabağın əzəli Azərbaycan torpaqları olduğunu bəyan etdi. Ərazi bütövlüyümüzün bərpasını, torpaqlarımızın qaytarılmasını Prezident kimi başlıca vəzifəsi hesab edən cənab İlham Əliyev bu vəzifənin öhdəsindən şərəflə gələrək özünün də dediyi kimi Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına torpaqlarımızı öz həqiqi sahiblərinə qaytardı.
Bu ay respublikamızın ədliyyə işçiləri ikiqat sevinc hissi yaşayacaqlar. Onlar noyabrın 8-də xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbənin ildönümünü -Zəfər gününü və ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsis olunmuş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramını təntənə ilə qeyd edəcəklər. Milli təqvimimizin hər iki qızıl səhifəsi münasibətilə bütün xalqımızı, o cümlədən həmkarlarımı təbrik edirəm.
