Sizin reklam burada
Sizin reklam burada

Bu gün Hadrut həyatının yeni mərhələsini-tikinti-quruculuq dövrünü yaşayır

Bu gün Hadrut həyatının yeni mərhələsini-tikinti-quruculuq dövrünü yaşayır Əliyev Hacı Nurəddin oğlu
Səbail Bələdiyyəsinin sədri

Vətən müharibəsinin gedişini diqqətlə izləyənlər, Qarabağ bölgəsinə yaxından bələd olanlar Hadrutun istər hərbi nöqteyi-nəzərdən, istərsə də strateji baxımdan böyük əhəmiyyət daşıdığını yaxşı bilirlər. Çünki savaş günlərində qəsəbə ətrafında yerləşən yüksəkliklər bu geniş əraziyə nəzarət etməyə imkan verirdi. Buna görə də Hadrutu düşməndən təmizləmək hərbi cəhətdən çox çətin idi.Baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar.
Rəsmi İrəvan hesab edirdi ki, Azərbaycan Ordusu Hadrutu heç vaxt azad edə bilməz. Ermənistan rəhbərliyi və ictimaiyyəti gördü ki, Azərbaycan üçün bütün torpaqlar doğmadır – istər Füzuli olsun, istər Cəbrayıl olsun, istər Zəngilan olsun, istər Hadrut olsun, Şuşa olsun, Suqovuşan olsun.
Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan ordusu gözləmirdi ki, Azərbaycan Ordusu Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcək. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik.
Dövlətimizin başçısı cənab İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında da bu məqama toxunaraq bildirdi ki, Hadrut əməliyyatının uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə- Qarabağın azad edilməsinə nail olaq: “Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir, çünki dağlıq ərazidir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı”.
Şəhidlərimizin qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq.
Bu gün Hadrut həyatının yeni mərhələsini-tikinti-quruculuq dövrünü yaşayır. Dövlətimizin başçısı çıxışında da qeyd etdi ki, bu qəsəbə yaxın gələcəkdə beynəlxalq mədəniyyət və turizm mərkəzi kimi tanınacaq. Hadrut işğaldan azad olunan bütün digər ərazilər kimi bərpa olunacaq.Artıq Hadrutun bərpası işlərinə start verilib. Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri və otellər tikiləcəkdir.Qəsəbənin və Xocavənd rayonunun inkişafı ilə bağlı əsas istiqamət kənd təsərrüfatı olacaq - bitkiçilik, heyvandarlıq, üzümçülük.Azərbaycan Hadrutu bərpa edəcək.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ