Milli Məclisdə "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında" Qanun layihəsi ikinci oxunuşda qəbul edildi.
Ötən gün-dekabrın 28-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirildi
Milli Məclisin Sədri Sahibə Qafarova iclası açaraq bildirdi ki, iclasın gündəliyinə 12 məsələ daxil edilib. Gündəliyin 9 məsələsi "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcə zərfinə daxil olan sənədlərdir. Bu sənədlər ikinci oxunuşda müzakirə olunacaq.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi ilə bağlı (ikinci oxunuş) məlumatında diqqətə çatdırdı ki, layihə barədə birinci oxunuşda geniş məlumat verilib. Bildirdi ki, layihənin birinci oxunuşda müzakirəsi zamanı 7 deputat çıxış edərək dəyərli təkliflər veriblər. Həmin təkliflər komitədə müzakirə olunub və əlaqədar qurumlar məlumatlandırılıblar. Gələcəkdə onların mümkün olanları nəzərə alınacaqdır.
Komitə sədri bildirdi ki, DSMF-nin büdcəsinin gələn il üçün həm gəlirlərində, həm də xərclərində 7,6 faiz artım olacaq, pensiyaların artım dinamikası davam edəcək, pensiyalar təxminən 9,3 faiz artacaqdır. Əmək pensiyalarının orta aylıq məbləğinin 38 manatadək artaraq gələn il ölkə üzrə 340 manata, yaşa görə pensiyaların orta aylıq məbləğinin isə 370 manata çatacağı proqnozlaşdırılır ki, bu da cənab Prezidentin apardığı məqsədyönlü sosial siyasətin bariz nümunəsidir. Müavinətlərdə də xeyli artımlar proqnozlaşdırılır və bütövlükdə DSMF-nin gələn il üçün büdcəsi aztəminatlı vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsində etibarlı təminat yaradacaqdır.
Qanun layihəsinin müzakirəsi zamanı deputatlardan Soltan Məmmədov, Siyavuş Novruzov, Fazil Mustafa, Elman Nəsirov, Bəhruz Məhərrəmov, Məlahət İbrahimqızı, Aydın Mirzəzadə, Aqil Abbas fikirlərini səsləndirdilər, qeyd və təkliflərini bildirdilər.
Deputat Bəhruz Məhərrəmov çıxışı zamanı qeyd etdi ki, bu gün təmsil etdiyim Biləsuvar rayonu bölgəsində əlillik dərəcəsinin təmin edilməsi istiqamətində ciddi problemlər var. Bu problem hardan qaynaqlanır, Nazirlikdən, ya TƏBİB-dən, bunu demək çətindir. Çünki yerlərdə adamlar onu bir-birinin üzərinə atır. Əlbəttə ki, indi burda hansısa qurumu ictimai qınağa çıxarmaq və yaxud da daxilimizdə günahkar axtarmaq niyyətində deyiləm. Ümumilikdə, açığını desəm, bir neçə dəfə ƏƏSM naziri, hörmətli Sahil Babayevə müraciət etmişəm və hər dəfə də müraciətimə operativ baxılıb. Amma bizə müraciət olunanlar və müraciətdən kənarda qalanlar ki var, biz bütün bu problemləri köklü həll etməliyik.
Daha sonra millət vəkili vurğuladı ki, aztəminatlı ailələrin, ümumiyyətlə, aztəminatlılıq meyarının müəyyən olunmasında mövcud problemlər var. Düşünürəm ki, yanaşmalar dəyişməlidir. Son bir testi misal gətirəndə, görürük ki, hələ 190 manatın verilməsilə bağlı məsələlərdə xeyli problemlər meydana çıxdı. Dövlət bu istiqamətdə üzərinə düşəni etdi, amma siyahılar o qədər də təkmil deyildi. Xeyli imkanlı insanlar bu məsələdən faydalana bildi, lakin xeyli aztəminatlı insan isə, sözün əsl mənasında kənarda qaldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son dövrlər fəaliyyətində həqiqətən dönüş yaradıb. Düşünürəm ki, bu problemləri də həll etmək iqtidarındadır. Çünki hər rayonda icra nümayəndəlikləri var, kəndlərdə bələdiyyələr var və onların köməyi, yerli təcrübəsi ilə kənd yerlərində müəyyən etmək olur ki, kim imkansızdır, kim imkanlıdır.
Millət vəkili çıxışı zamanı əlavə etdi ki, fürsətdən istifadə edərək bu gün burda bir məsələyə də toxunmaq istəyirəm. Bu gün Azərbaycanda "Vəkil Günü"dür və fürsətdən istifadə edib hüquq ictimaiyyətini, eləcə də vəkillərimizi təbrik edir və onların qarşılaşdığı bəzi sosial problemləri qabartmaq istəyirəm. Bu gün Azərbaycan vəkilliyinin fəaliyyətində vergilər və sosial ödənişlər digər sahələrlə müqayisədə xeyli yüksəkdir. Düzdü, bir müddət əvvəl bununla bağlı bizim bir layihəmiz qəbul olundu, amma istənilən halda yenə də yüksək olaraq qalır. Hesab edirəm ki, bu məsələ mütləq həllin tapmalıdır və hökumət üzvlərindən bunu xahiş edirəm.
Deputat həmçinin onu da əlavə etdi ki, pandemiya dövründə Azərbaycan vəkilliyi çox ciddi problemlərlə qarşılaşdı. İndi hökumət üzvlərindən deyə bilərlər ki, vəkillik, fəaliyyətinə izacə verilən sahə olub. Əgər məhkəmələrdə yalnız cinayət işinə baxılırsa, pandemiyayla əlaqədar digər fəaliyyət dayanıbsa, eyni zamanda digər ictimai sektorlarda fəaliyyət faktiki olaraq mövcud və məlum səbəblərdən dayanıbsa, təbii ki, tam gücü ilə vəkilin fəaliyyətindən danışmaq olmaz. Məhz bu kimi səbəbdən bu gün çətin vəziyyətdə olan vəkillərimiz var. Düzdür, Vəkillər Kollegiyası məsələni daxili imkanları hesabına həll etməyə çalışır, lakin daxili imkanlar da üzvülük haqqına hesablaşır. Neçə aydır Vəkillər Kollegiyası çətin vəziyyətə görə vəkillərdən üzvlük haqqı da almır. Bu mənada hesab edirəm ki, mövcud vəziyyətdən yararlanmağın yolu ödənişli dövlət hesabına hüquqi yardım istiqamətində nəzərdə tutulan vəsaitin artırılmasına baxmaq olar. Cənab Prezident 2018-ci il fərmanı ilə çox böyük inqilabi dəyişikliklər edərək həmin ödənişin həcmini 3 dəfə artırmışdı. Lakin bu gün pandemiya və digər təbii səbəblər artıq həmin məbləğə bir daha baxılmasını şərtləndirir. Nəzərə alaq ki, qarşıda bizi böyük hüquqi mübarizə gözləyir. Necə ki, biz cəbhədə düşmənin, cənab Prezidentin təbirincə desək, belini qırdıq, eyni zamanda indi bizi hüquq müstəvisində böyük bir mübarizə gözləyir. İşğaldan azad olunan ərazilərimizdəki vandalizm aktlarına, hüquq pozuntularına, beynəlxalq humanitar cinayətlərə görə və sair bu kimi məsələlərə görə qarşımızda çox sayda problemlərimiz var ki, bunları hüquq müstəvisinə çıxarmalıyıq. Bu işdə təbii ki, Azərbaycanı bizim vəkillər təmsil edəcək.
Sonra “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edildi.
Bəradər SƏMƏNDƏRLİ
