Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının sədri
Hər dəfə xaricdə müxtəlif toplantılarda ermənilərlə üz-üzə gələndə istər-istəməz özümü pis hiss edirdim. İstəmirdim onlarla qarşılaşım. Elə bilirəm ki, bu hiss yaşayan tək mən olmamışam...
Bəli, bilirdim ki, Ermənistan torpaqlarımızı öz gücünə işğal etməyib. Ancaq bu, heç nəyi dəyişmirdi. Qarabağda yalnız döyüşü uduzmuşuq, məğlub olmamışıq kimi deyimlərə də zəif təskinlik kimi yanaşırdım. Güclüsənsə, qalib olmalısan. Sənin torpağın niyə düşmən tapdağı altında qalmalıdır ki? Müxtəlif xalqların qanı-canı bahasına əldə etdikləri torpaq bütövlüyünü biz niyə qazana bilmirik, deyə düşüncələrə dalırdım erməniləri görəndə. Daha bu ağırlığı çiyinlərimdən atdım.
Sentyabrın 27-dən başlanmış hərbi əməliyyatlar və əldə etdiyimiz böyük uğurlar bizi bizə qaytardı. Bizi biz etmənin memarı cənab İlham Əliyevə minnətdaram!
Bizi biz edəcəyini bizim hamımızdan çox istəyən ən böyük azərbaycanlımız Prezident İlham Əliyevə minnətdaram!
Bizim biz olacağımıza hər kəsdən çox inanan dövlət başçımız cənab İlham Əliyevə minnətdaram!
Bizi torpağını itirən, bunun ağırlığı ilə yaşamağa məhkum xalq olmaq utancından xilas edən cənab İlham Əliyevə nə qədər minnətdar olsam azdır!
Prezident İlham Əliyev Qarabağ məsələsini hər zaman gündəmdə saxladı. Prinsipial və qətiyyətli oldu. Bir an belə mövqeyindən geri durmadı, Qarabağı haqq davamız kimi dünyaya tanıtmaqdan əsla usanmadı, yorulmadı. Əksinə işindən zövq aldı.
Və bu günlərdə biz dövlət başçımızın illərin zəhmətinin bəhrəsini, nəticəsini görürük. Doğrudan da xalqımız adına fəxarətli tarix yaşayırıq.
Bu günlərdə cənab İlham Əliyevin çıxışlarını izləyərkən hər cümləsində qətiyyətin və prinsipiallığın təntənəsinin şahidləriyik. Bu təntənə qədər insanı kükrədən ikinci bir duyğu inanın yoxdur. Ola da bilməz. Onun hər sözündəki kişiyanalığı, mərdliyi görmək qədər gözəl ikinci bir duyğunu təsəvvürə gətirmirəm. Bu duyğu Azərbaycanın torpaq bütövlüyünün tam təmin olunacağının ali təminatıdır.
İlham Əliyev "Qarabağ Azərbaycandır" deyir. Mən tam məsuliyyətimlə deyirəm ki, İlham Əliyev Azərbaycandır!
Allah Prezidentimizi, işğal tilsimini qanı ilə açmağa köklənərək Azərbaycan tarixində yeni səhifə açan ƏSGƏRİMİZİ qorusun!
Zəfər bizimlədir!
Zəfər Azərbaycanındır!
