Deputatlar Azərbaycanın haqq savaşına kölgə salmağa çalışan beynəlxalq təşkilatların qərəzli mövqeyindən danışdilarXəbər verildiyi kimi, Milli Məclisin oktyabrın 6-da növbəti plenar iclası keçirildi. Cari məsələlərin müzakirəsilə başlayan iclas zamanı millət vəkilləri müzəffər Ordumuzun hazırda ön cəbhədə davam edən Vətən müharibəsində qazandığı qələbələrdən və bu haqq savaşında beynəlxalq təşkilatlar tərəfindən, xüsusilə də BMT-nin həmsədrlərindən olan Fransanın dövlət başçısının qərəzli mövqeyindən danışdılar. Diqqət çəkən çıxışlardan bir neçəsini olduğu kimi təqdim edirik.

Millət vəkili Səttar Möhbalıyev: "Həqiqətən də bu günü uzun zaman gözləməyə dəyərdi"
- Bu gün Azərbaycan xüsusilə də son illər ərzində keçdiyi güclü inkişaf yolunun, möhtəşəm uğurlarının təcəssümünü qüdrətli ordumuzun timsalında da aşkar şəkildə tapmaqdadır. Məhz bu gücün, qüdrətin sayəsində şanlı ordumuz torpaqlarımızın azadlığı uğrunda apardığı haqq savaşında ardıcıl qələbələr qazanmaqda, mənfur düşmənimizi məğlub edərək öz mövqelərini tərk etməyə məcbur etməkdədir. Heç şübhəsiz ki, bu nailiyyətlər hələ başlanğıcdır. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz Azərbaycan xalqını ən qısa zaman ərzində daha böyük qələbəylə sevindirəcək.
Möhtərəm Prezidentin onlara növbəti müraciətində dediyi kimi, bu gün artıq Cəbrayıl şəhəri və dünən də elan edildiyi kimi, 12 kəndi düşməndən azad edilib. Əsgər və zabitlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız özümüzə qayıdır. Ali Baş Komandanın Azərbaycan xalqına bu müraciətində xüsusilə diqqətəlayiq bir məqam da bundan ibarətdir ki, dövlət başçımız öz çıxışında hazırkı vəziyyətin məhz bu nöqtəyə gəlib çatmasında heç də Ermənistanın hərbi-siyasi rəhbərindən az təqsirkar olmayan bəzi beynəlxalq qurumlara da öz mesajını açıq mətnlə çatdırmışdır. Öz müraciətində Ali Baş Komandan deyir:-"30 il ərzində danışıqlar gedə bilərmi?! 30 il ərzində Azərbaycan xalqını belə bir vəziyyətdə saxlamaq olarmı?! 30 il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək, bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünu deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı BMT-nin təhlükəsizlyik şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir. 27 il ərzində biz danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe sərgiləmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşmış, təcavüzkarın tamahı daha da böyüyüb, bizim dədə-baba torpaqlarımıza göz dikib. Nəticədə işğal edilmiş bütün torpaqlarımızı qondarma Dağlıq Qarabağ respublikasına aid edib, yeni xəritələr dərc edib. Bu xəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdim edilib. Bundan sonra nə oldu? Bundan sonra bəyan etdilər ki, bir qarış torpaq Azərbaycana qaytarılmayacaq".
Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan Həmkarlar Konfederasiyası 175 ölkəyə müraciət göndərib. Bu gün də Gəncə, Mingəçevir şəhərlərinin uzaqmənzilli raketlərlə atəşə tutulmasına dair yenidən bütün dünya dövlətlərinin həmkarlar təşkilatına, beynəlxalq təşkilatlara bəyanatlar, məktublar göndərmişik.

Millət vəkili Cavid Osmanov: "Azərbaycan bu gün BMT-nin icra olunmamış 4 qətnaməsini özü icra edir
-Bu günlər Azərbaycan öz tarixi məqamlarını yaşayır. Bu tarixi günlər Ali Baş Komandanımızın rəhbərliyi ilə xalqımızın böyüklüyü ilə, Ordumuzun rəşadəti ilə yaşanır. Bu gün Milli Ordumuz Azərbaycanın işğal altında olan torpaqlarından erməni terrorçularını təmizləməklə məşğuldur. Hətta, Müdafiə Nazirliyimiz tərəfindən bir neçə dəfə Dağlıq Qarabağda yaşayan erməni xalqına mıraciətlər olunub ki, məhz döyüş nöqtələrindən aralı olsunlar. Digər tərəfdən biz onlardan tamamilə fərqli mənzərəni görürük. Erməni işğalçıları, terroristləri Azərbaycanın mülki əhalisini hədəfə alıblar. Təkcə cəbhə boyu deyil, eyni zamanda cəbhədən 100 kilometrlərlə aralı olan yaşayış məntəqələrimizi vururlar. Odur ki, Azərbaycan özünün antiterror tədbirlərini həyata keçirməklə, haqqı-ədaləti bərpa eləmək uğrunda Vətən Müharibəsi aparır. Belə olan halda bir sıra beynəlxalq təşkilatlar, bir sıra dövlətlər Ermənistanı dəstəkləməklə, eyni zamanda bu gün beynəlxalq terrorizmi də dəstəkləmiş olurlar. Düşünürəm ki, artıq dünya ictimaiyyəti buna göz yummamalıdır. Azərbaycan bu gün BMT-nin icra olunmamış 4 qətnaməsini özü icra edir. Hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycanın işğal altında olan bütün torpaqları işğaldan təmizlənəcək, bütün yaşayış məntəqələrimizdə üç rəngli bayrağımız dalğalanacaq. Ali Baş Komandanımız cənab İlham Əliyevin prinsipiallığı, qətiyyəti, eyni zamanda xalqın maraqlarını hər bir məsələdə üstün tutması, eləcə də xalqımızın qorxmazlığı və Ordumuzun rəşadəti nəticəsində işğal altında olan torpaqlarımız düşmən taptağından azad olunacaqdır.

Millət vəkili Azər Badamov: "Ermənistanın başsız baş naziri yasayış məntəqələrini atəşə tutmaqla mülki əhali arasında təşviş yaratmaq istəyir"
Bu gün Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Ordumuz Azərbaycana yeni tarix yazır. Ordumuz təkcə torpaqlarımızı işğaldan azad etmir, həm də tarixi ədaləti bərpa edir. Xalqımızın 30 illik həsrətinə son qoyulur. Ədalətli Ordumuz düşmənin əks hədəflərini məhv edərək əks hücumu davam etdirir və hər gün yeni qələbələrə imzalar atır, işğaldan azad olunan yaşayış məntəqələrində tarixi adları qaytarılır. İşğalçılıq siyasətinin sonunun yaxınlaşdığını görən Ermənistanın başsız baş naziri yaşayış məntəqələrini atəşə tutmaqla mülki əhali arasında təşviş yaratmaq istəyir. Paşinyan hələ də anlamır ki, xalqımızın 30 illik həsrətinə son qoyulması istiqamətində şanlı Ordumuzun əldə etdiyi qələbələrin yanında onun yaşayış məntəqələrində atdığı mərmilərin vurduğu ziyan gözə görünmür. Bu gün Azərbaycanda hamı silaha sarılıb düşməni məhv etmək istəyir. Xalqımızın bir arzusu var ki, o da torpaqlarımızın işğalına son qoyulmasıdır.
Ermənistanın mülki əhalimizin hədəf seçməsi heç bir insanlıq çərvivəsinə sığmır və bu beynəlxalq konvensiyalara ziddir. Təəssüf ki, mülki insanlarımız arasında ölən və yaralananlar var. Amma buna baxmayaraq biz böyük qələbəyə doğru gedirik. Paşinyan həm də istəyir ki, Ermənistan ərazisindən ölkəmizə raketlər atmaqla, üçüncü tərəfi müharibəyə cəlb etmək niyyətilə Azərbaycanı təxribata çəksinlər. Mülki insanları öldürmək, insanlara maddi ziyan vurmaq erməninin qanındadı. Paşinyanın bu hərəkətlərini onun çarəsizliyinin göstəricisi hesab edirəm. Deyə bilərəm ki, Paşinyanın axırına çox az qalıb. Tezliklə Dağlıq Qarabağ azad ediləcək və bu da Paşinyanın sonu deməkdir. Ən azından ermənilərin özləri Paşinyanı ittiham kürsüsünə çıxaracaqlar. Çünki bu gün axıdılan günahsız qanların baiskarı Ermənistanın baş naziri və hərbi rəhbərliyidir.
Bu gün Azərbaycan özü haqq işini görməyə başlayandan təəssüf ki, münaqişənin yenidən sülh danışıqları yolu ilə həll olunmasına təkliflər verən, təşəbbüs göstərən və münaqişəni dondurmaq istəyənlər var. Biz 30 il təkliflərinizi dinlədik. Nəticəsi nə oldu? Minsk qrupunun danışıqlar yolu ilə münaqisənin həll olunmasına dair yenidən çıxış etməyiniz gülünc deyilmi? Əgər siz özünüzün qəbul etdiyiniz qətnamələrə hörmətlə yanaşaraq icrasını təmin etsəydiniz bu gün müharibə yenidən alovlanmazdı.

Millət vəkili Bəhruz Məhərrəmov: "Görünən odur ki, bütün cəbhələr üzrə qələbə bizimlədir"
Dünən-oktyabrın 5-də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini təmsil edən dövlətlərin xarici işlər nazirləri bəyanat yayaraq şiddətin misli görünməmiş olduğundan təəssüflər içərisində narahatlıqlarını bildirdilər, vəziyyəti qınadılar. Tərəfləri dərhal və qeyd-şərtsiz atəşkəsə çağırdılar. Bildirilir ki, həmsədrlər tam şəkildə öz mandatını yerinə yetirməyə qətiyyətlidirlər. Həqiqətən də baş verənlər insanı təəccübləndirməyə bilmir. Cəmi iki həftə əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT-nin ali tribunasından dünya ictimaiyyətini xəbərdar etmişdi ki, bölgədə yeni müharibə ocağının alovlanması gözlənilir, Ermənistan müharibəyə hazırlaşır. Bəs, o zaman hardaydı bu güclər?
Hesab edirəm həmsədrlər, o cümlədən BMT idarəçiliyi qətiyyətlərini Ermənistanın təcavüzkar mahiyyətini qiymətləndirməyə başlamalıdırlar. Onların sözlərinin əvvəli də, sonu da beynəlxalq hüquq olmalıdı. BMT-nin 27 il əvvəldən Ermənistanı işğalçı kimi tanımaları faktından çıxış etməlidirlər.
Bilirsiz ki, neçə gündür Azərbaycanın cəbhə xəttindən çox uzaqda yerləşən yaşayış massivləri raket atəşinə tutulmaqla Ermənistan dövlətinin terrorçu mahiyyəti, Ermənistan hakimiyyətinin beynəlxalq hüququ ayaqlar altına atması bir daha fərqlənməkdədi. Mülki insanları, dinc sakinləri hədəfə almaqla Ermənistan beynəlxalq humanitar hüququ ayaqlar altına atır. Mülki əhalinin hədəfə alınması ilə bərabər təcavüzkar həmçinin 1949-cu il Cenevrə konvensiyalarını, onun əlavə protokollarını 1980-ci il 3-cü protokolunu, 2008-ci il duplin konvensiyalarını kobudcasına pozmaqda, tərksilah üzrə konfrans tərəfindən qadağan edilmiş silahlardan istifadə etməkdədir. Təsəvvür edin, Gəncə kimi Azərbaycanın ikinci iri bir şəhərinə kaset döyüş başlığı olan raket atılır. Nəzərinizə çatdırım ki, axırıncı dəfə dövlət səviyyəsində bu tip silahlardan Alman faşistləri 1939-cu ildə Polşa ordusuna qarşı istifadə etmişdir. Bu artıq Azərbaycana qarşı yox, bəşəriyyətə qarşı cinayətdir. Dünya bundan danışmalı, buna "dur!"-deməlidir.
Mən fürsətdən istifadə edib ötən günkü çağırışına görə hörmətli Birinci vitse- Prezident Mehriban xanıma təşəkkür etmək istəyirəm. Bu çağırış mübarizə meydanında vətəndaşlarımız üçün bir yol xəritəsi oldu. Artıq ilkin nəticələr də var. Bilirsiniz ki, bəzi üzdəniraqlar ermənilərin müdafiəsinə qalxmışlar. Məhz ötən gündən bu çağırışa qoşulan, ruhlanan soydaşlarımızın, dostlarımızın mübarizəsi nəticəsində saxtakarlar artıq ifşa olundu, olunmaqdadır, və həm də həmin insanlar sosial şəbəkədəki statuslarını silməkdə, dəyişməkdədilər. Görünən odur ki, bütün cəbhələr üzrə qələbə bizimlədir və bu üzdən hər birinizə üğurlar arzulayıram!
