Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. 4-cü əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, 5-ci əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.
Qubadlı Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər vermişdir. Azərbaycanın xalq qəhrəmanlarından ikisi - Qaçaq Nəbi, və Həcər Qubadlı rayonundandırlar.
Azərbaycanın ayrı-ayrı ərazilərinə məskunlaşmış qubadlılılar doğma yerlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Torpaqlarının bir hissəsi işğalda olan Azərbaycan isə bu gün güclü iqtisadiyyata malik dövlət qurub. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasındadır. Biz Vətənimizin keşiyində dayanan hərbçilərimizlə qürur duyuruq. Qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcək.

İltizam Yusifov
Milli Məclisin deputatı
