Sizin reklam burada
Sizin reklam burada

Macarıstan şirkətləri Azərbaycan qazının idxalı ilə bağlı danışıqlara başlayıb - səfir Tamaş Torma (Müsahibə)

Macarıstan Azərbaycan qazını özünün gələcək enerji balansına daxil etməkdə maraqlıdır.
Bunu müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma deyib.
"Siyasi liderlərimiz bu niyyəti müxtəlif forumlarda təsdiq ediblər, ən son isə bu ilin iyununda xarici işlər və ticarət naziri Peter Siyarto Bakı Enerji Həftəsində iştirak edərkən bir daha bunu bəyan edib. Artıq SOCAR və Macarıstanın MOL və MVM enerji şirkətləri arasında Cənub Qaz Dəhlizi vasitəsilə mümkün qaz alışımızla bağlı danışıqlara başlanılıb. Bununla belə, bunun üçün infrastruktura, təchizat və nəqliyyat imkanlarına əlavə investisiyalar lazımdır, eləcə də tələb baxımından konkret öhdəliklər tələb olunur", - deyə səfir bildirib.
Səfir qeyd edib ki, Macarıstanın qaz nəqli sistemi tezliklə cənubdan Azərbaycan təbii qazını qəbul etməyə hazır olacaq.
"Bu kontekstdə biz Yunanıstan-Bolqarıstan interkonnektorunun oktyabrın 1-də istismara verilməsini alqışlayırıq və Cənub-Şərqi Avropada digər infrastruktur layihələrinin tamamlanmasını səbirsizliklə gözləyirik. Eyni zamanda, ümid edirik ki, Azərbaycan tezliklə Avropanın artan tələbatını ödəmək üçün kifayət qədər qaz tədarük edə biləcək", - deyə səfir bildirib.
Alternativ enerji sahəsində əməkdaşlığın perspektivlərinə gəlincə, diplomat həm Azərbaycan, həm də Macarıstan üçün bərpa olunan enerji mənbələrindən istifadəyə keçidin prioritet və mühüm vəzifə olduğunu vurğulayıb.
"Artıq enerji sahəsində ikitərəfli dinamik inkişaf edən əməkdaşlığımız var və məqsədimiz bunu əməkdaşlığı bərpa olunan enerji mənbələrinə qədər genişləndirməkdir. 2020-ci ilin fevral ayından ölkələrimiz arasında Energetika Məsələləri üzrə İşçi Qrup fəaliyyət göstərir. Burada biz digərləri ilə yanaşı, Macarıstan şirkətlərinin paylaşmağa hazır olduğu innovativ texnologiyalar və nou-hau sayəsində yaşıl həllər, enerji səmərəliliyi və su ehtiyatlarının idarə edilməsi kimi sahələrə diqqət yetirəcəyik", - deyə T.Torma bildirib.
T.Torma qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və tikinti layihələri də bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanlar açır.
"Təbii ki, Avropada mövcud enerji böhranı fonunda Macarıstanda yaşıl enerjiyə və enerji səmərəliliyinə investisiyaların əhəmiyyəti daha da artıb. Digər tədbirlər və planlar arasında xarici işlər və ticarət naziri Peter Siyarto bu yaxınlarda Macarıstanın Azərbaycandan Gürcüstan və Rumıniyaya yaşıl elektrik enerjisi təchizatı layihəsinə qoşulacağını açıqlayıb", - deyə səfir bildirib.
Bundan əlavə, səfirin bildirib ki, Macarıstan Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yeni ideyaları irəli sürməyi planlaşdırır.
"Bu ilin fevralında iqtisadi əməkdaşlıq üzrə ikitərəfli komissiyanın 8-ci iclası keçirilib, əsas prioritetlər və vəzifələr müəyyən edilib. Amma biz əlbəttə ki, yeni ideyaları da təşviq etməyi planlaşdırırıq. Biz mövcud və ya əvvəlki əməkdaşlıqlara, məsələn "Azərsu" və Macarıstanın su şirkətləri arasında olan əməkdaşlığa əsaslana bilərik", - deyə səfir bildirib.
T.Torma qeyd edib ki, Azərbaycanın Xızı rayonunda istixana kompleksinin tikintisi kimi tamamlanmalı olan layihələr də var.
"Biz adətən qarşılıqlı fayda gətirən birgə layihələrə diqqət yetiririk və əsasən ağıllı və yaşıl şəhər həlləri, enerji səmərəliliyi və su ehtiyyatlarının idarə edilməsi kimi sahələrə diqqət yetiririk. Kənd təsərrüfatının inkişafı və ya energetika kimi bir çox başqa sahələr var ki, burada, xüsusən də son geosiyasi hadisələri nəzərə alsaq, gələcək əməkdaşlıq potensialı yüksəkdir", - deyə səfir bildirib.
Diplomat xüsusilə qeyd edib ki, Macarıstan işğaldan azad edilmiş Azərbaycan torpaqlarında konkret layihələrin təşviqi üzərində işləyir.
"Əslində, 2021-ci ilin yanvarında Macarıstan işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində iştirakda maraqlı olduğunu bildirən ilk ölkələrdən biri olub və o vaxtdan bəri müxtəlif yüksək səviyyəli görüşlərdə niyyətlərimizi təsdiqləmişik. Şirkətlərimiz 2021-ci ilin oktyabrında, eləcə də 19 oktyabr - 21 oktyabr 2022-ci il tarixlərində "Rebuild Karabakh EXPO" sərgisində iştirak ediblər", - deyə səfir bildirib.
T.Torma qeyd edib ki, infrastruktur, şəhər və kənd təsərrüfatının inkişafı kimi potensial əməkdaşlıq sahələri artıq müəyyən edilib.
"Hazırda bu sahələrdə konkret layihələrin təşviqi üzərində işləyirik. Qeyd etmək vacibdir ki, Macarıstanın EXIM Bankının maraqlı Macarıstan və Azərbaycan şirkətlərinin birgə layihələrinin maliyyələşdirilməsi üçün 120 milyon ABŞ dolları məbləğində xüsusi kredit xətti var", - deyə səfir qeyd edib.
O, turizm əlaqələrindən danışaraq Macarıstanın WizzAir şirkətinin 2016-cı ildən Bakı ilə Budapeşt arasında uçuşlar həyata keçirdiyini, COVID-19 pandemiyasından sonra, 2021-ci ilin oktyabrında Macarıstanın Azərbaycanla hava əlaqəsini bərpa edən ilk ölkələrdən biri olduğunu qeyd edib.
"WizzAir" hazırda paytaxtlarımız arasında həftədə iki uçuş həyata keçirir və kommersiya mülahizələri əsasında uçuşların sayını müəyyən edir", - deyə səfir bildirib.
Diplomat onu da qeyd edib ki, Macarıstan Mərkəzi Avropa ölkəsi və Qərbin müttəfiq sistemlərinin üzvü olmaqla, eyni zamanda, Şərq köklərini də unutmur.
"Biz Türk Dövlətləri Təşkilatında yalnız müşahidəçi olsaq da, Təşkilatın fəaliyyətində və türk əməkdaşlığının bütün formatlarında fəal iştirakçı olmaq istəyirik. Türk dünyası ilə əməkdaşlığı dərinləşdirmək üçün 2019-cu ildə Təşkilatın Budapeştdə Avropa Ofisini açdıq və hazırda Azərbaycan da daxil olmaqla bütün üzv ölkələrin layihə menecerləri ilə tam gücü ilə işləyir. Bakıda yerləşən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əla əməkdaşlığımız var. Biz, şübhəsiz ki, Təşkilatın əhatə etdiyi bütün sahələrdə getdikcə daha fəal olmaq istəyirik, buna görə də onun iclaslarında, müxtəlif səviyyələrdə keçirilən tədbirlərdə müntəzəm olaraq iştirak edirik", - deyə T.Torma bildirib.
Səfir qeyd edib ki, ötən illərdə olduğu kimi, 2022-ci ilin noyabrında Səmərqənddə keçiriləcək Təşkilatın növbəti sammitində ən yüksək səviyyəli Macarıstan nümayəndə heyəti iştirak edəcək.
"Şuşanın 2023-cü ildə türk dünyasının, Vesprem-Balaton bölgəsinin isə 2023-cü ildə Avropanın mədəniyyət paytaxtı olması əməkdaşlıq üçün yeni imkanlar açır", - deyə səfir əlavə edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ