Musa Süleymanov,
iş adamı
Ölkə prezidentinin sahibkarlara göstərdiyi qayğı danılmazdır
Azərbaycanda sahibkarlığın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2003-cü ildən sonrakı illərdə isə Prezident İlham Əliyev bu siyasəti daha da genişləndirdi və sahibkarlar üçün geniş imkanlar yaratdı. Bütün bunlar barədə çox yazılıb, çox deyilib. Ona görə mən bu kiçik qeydlərimdə Avropanın məşhur şirkətlərindən birinin keçirdiyi rəy sorğusu barədə söz açmaq istəyirəm.
Bu günlərdə Fransanın “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusu istər Azərbaycanda, istərsə də beynəlxalq aləmdə Prezident İlham Əliyevin uğurlu fəaliyyətinə verilən yüksək qiymət kimi tərənnüm edilməkdədir. Belə ki, ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlar (o cümlədən özəl sektorda), aparılan islahatlar və bu islahatların inqilabi nəticələri, söz yox ki, bilavasitə cənab İlham Əliyevin yürütdüyü siyasətin bariz sübutdur. Əbəs deyil ki, yalnız “Opinion Way” şirkəti deyil, zaman-zaman digər nüfuzlu sorğu şirkətlərinin gəldikləri qənaətlərində dövlət başçımızın siyasi, sosial, iqtisadi və s. sahələrdə əldə etdiyi uğurları, o cümlədən bu siyasəti dəstəkləməsi faktları özünü kifayət qədər sübuta yetirib.
Prezident İlham Əliyevin öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq edən sorğunun nəticələri, həm də belə deməyə zəmin yaradır ki, Azərbaycanda sabitlik və inkişafın mövcudluğu xalqın marağına cavab verən danılmaz gerçəklikdir. Artıq bəllidir ki, sorğuda iştirak edən respondentlərin 80,1%-i ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub-saxlanılmasını dövlət başçısının fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndiriblər. Xatırlatmaq yerinə düşərdi ki, sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?” sualına respontetlərin 85,1%-i, seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair suala isə 75,6%-i müsbət münasibət bildiriblər ki, bu da yüksək göstərici kimi qiymətləndirilib. Beləliklə, ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin 83-85 faizinin səsini qazana bilər. Bu, birbaşa Azərbaycan xalqının gəldiyi qənaətdir ki, “Opinion Way” şirkəti bu rəyi dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Burada diqqətçəkən məqamlardan biri də, dünyaya təqdim olunan müasir, inkişaf və tərəqqi yolunu gedən Azərbaycan modelidir. Çünki çoxsaylı təcrübələrdən uğurla çıxan bu model təməlli olaraq, sabitliyin qarantı olaraq dəyərləndirilir. Əbəs deyil ki, bu gün bir çox siyasilər öz çıxışlarında, xüsusilə, vurğulayırlar ki, əgər ölkədə sabitlik olmazsa, inkişafdan danışmağa, bu istiqamətdə fəaliyyət göstərməyə dəyməz. Məhz Azərbaycanda təmin edilən sabitlik nəticəsində, inkişaf çoxşaxəli şəkildə davam etdirilməkdədir. Bu baxımdan deyə bilərik ki, Azərbaycanda İlham Əliyev cənabları tərəfindən müəyyənləşdirilən siyasi strategiya, ilk növbədə, sabitliyi təmin edib, onun ardınca isə inqilabi islahatlara başlanılıb. Bu islahatlar iqtisadi inkişafdan, daxili siyasətdən başlayaraq, xarici siyasətə qədər mövcuddur və ölkəmizi nəhəng trayektoriya ilə beynəlxalq aləmdə də əhatə edir. Təbii ki, atılan hər bir addım xalqın rifah və xoşbəxtliyi naminədir.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sorğunun nəticələri və yenidən ölkə başşısı seçilməsinin birinci ildöünümü ilə bağlı fikirlərini açıqlayarkən, vurğulayıb ki, dövlət başsımız yeni Prezidentliyi dönəminin ilk ilində həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətlə ölkəmizin inkişafının, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında və yküsək səviyyədə yerinə yetirib. “Azərbaycanın əldə etdiyi uğurlar xalqımızın bir il bundan əvvəl keçirilən prezident seçkilərində cənab İlham Əliyev kimi uzaqgörən siyasi lideri dəstəkləməklə, düzgün mövqe tutduğunu bir daha sübut edir” deyə qeyd edən Prezidentin köməkçisi vurğulayıb ki, cənab İlham Əliyevin seçkilərdə yenidən qələbə qazanmasının əsasında Azərbaycanın son 16 il ərzində onun rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşaması, ölkəmizin qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi amillər dayanır.
“Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusu xarici kütləvi informasiya vasitələri tərəfindən maraqla qarşılanmış və geniş işıqlandırılmışdır. Artıq bir neçə gündür ki, Rusiya, Türkiyə və ərəb ölkələrinin bir çox nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin uğurlarını şərh etmiş və bu siyasətin xalqın böyük dəstəyinə malik olduğunu xüsusi vurğulayırlar.
TÜRKSOY baş katibinin müavini Firat Purtaş qeyd edib ki, Azərbaycanda əhalinin təbii artımındakı dinamik inkişaf dövlətlərimizin gücünə güc qatır. Bu, Prezident İlham Əliyevin müdrikcəsinə düşündüyü neft kapitalını insan kapitalına çevirmək strategiyasının təntənəsidir.
Beləliklə, bütün reallıqlar bir amili əks etdirir – bu gün dünyaya təqdim edilən inkişaf və tərəqqi modelinin Azərbaycan brendi, bilavasitə Prezident İlham Əliyev cənablarının yorulmaz, qətiyyətli və möhkəm iradəyə söykənən siyasətinin isbatıdır. Azərbaycan xalqı isə, məhz xalq-dövlət sarsılmaz vəhdətinə sadiqlik nümayiş etdirərək, bu inkişafa bundan sonra da dəstək göstərəcək.
