millət vəkili
18-21 mart 2021 tarixdə Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri keçirilib. 3 növ –sərbəst, yunan-roma və qadınların lisenziya yarışında güləşçilərimiz çıxış ediblər.
Mən bir azarkeş kimi bu yarışları internet vasitəsilə izləyirdim və nəticələrdən çox üzüldüm. Əsasən də sərbəst güləş üzrə 3 qat dunya çempionunun finalda biyabırçı şəkildə uduzması mənə çox pis təsir etdi. Mən bayram günlərində xoş ovqatımızı pozmamaq üçün bu məsələyə toxunmadın və məsələni bu gün də çox ağartmıram, lakin biz bir fərd olaraq, millət, xalq olaraq bu məsələlərdən nəticə çıxarmalıyıq.
Bilirsiz ki, fərdi idman növləri üzrə bizim idmançılar həmişə fərqləniblər. Adi həyatda da cəsarəti, urəkli olması səbəbindən Azərbaycan oğlu ilə döyüş meydanında təkbətək, üz-üzə gəlmək çətin məsələdir.
Bizim ən ağrılı yerimiz Qarabağ idi. Şükürlər olsun ki, Dövlət başçısı cənab İlham Əliyev "Qarabağ Azərbaycandır!" şüarı ilə milli birliyimizi, həmrəyliyimizi, haqqı-ədaləti, beynəlxalq təşkilatların 30 ildə görə bilmədiyi işi 44 gündə reallığa çevirərək Zəfər qələbəmizi təmin etdi və hər bir azərbaycanlının sınmış qürurunu özünə qaytardı. Biz artıq qalib xalqın vətəndaşlarıyıq.
2020-ci ildə Pandemiya başladı, bütün idman yarışları təxirə salındı. Sonra Vətən müharibəsi başladı, Zəfər çaldıq. Böyük qələbə Zəfərindən sonra artıq quruculuq-bərpa işləri başlayıb. Böyük qayıdışla bağlı işlər gedir. Lakin keçən bu zaman kəsiyi heç kimə haqq vermir ki, bizim milli maraqlarımız səviyyəsində olan məslələrə ötəri yanaşsın, post pandemiya, post müharibə dövrünə hazırlıqsız girərək uzun zaman nəticəsiz qalaq.
“Axırıncı aşırım“ filmində bir epizod var: Kərbəlayı həyətə düşür və camaata yaxınlaşıb söruşur:
-həəə, necədir, möhkəm dayanmısız?
Biri o dəqiqə cavab verir :
- Kərbəlayı, dayanmaq nədi, yeyib-içib yatırıq. Tüfənglərimizin lüləsi pas atıb.
Digəri isə o tərəfdən deyir:
- Vallah Kərbəlayı, bu düşmən bizdən qorxur.
Mən özümdə hələ aydınlaşdıra bilmirəm ki, bu sahəyə cavabdeh olan aidiyyatı qurumlar bu müddət ərzində hansı prinsiplə - “Yeyib-içib yatırıq ” və ya “ düşmən bizdən qorxur” prinsipi ilə fəaliyyət göstəriblər ?
Biz cənab Prezidentin Milli Olimpiya Komitəsinin rəhbəriliyi altında ilk olimpiya qızıl medalını Sidney Olimpiadasında məhz sərbəst güləşdə qazandıq. Bundan sonra idmanın bütün növlərində olduğu kimi güləşdə də uğurlarımız davam etdi. Bu gün Toğrul Əskərov, Şərif Şərifov, Namiq Abdullayev dünya güləşinin inciləri hesab olunurlar.
Mənim həmişə bir idmançı kimi uduzan Hacı Əliyevə də böyük rəğbətim olub. Hesab edirəm ki, həmin gün uduzan o deyildi, uduzan məşqçı heyəti, bütünlükdə bu sahəyə cavabdeh olan aidiyyatı qurum idi.
Bəs niyə belə olmalıdır? Bəli başa düşürəm bu idmandır və qarşındakı da məhz idmançıdır. Amma .......
Bizim Rövşən Umudov, dünyanın ən güclü məşqçisi adına layiq görülmüş, dünya şöhrətli Firdovsi Umudov və bu kimi digər məşqçilərimiz var. Bəs haradadır onlar? Niyə onları adət etdiyimiz kimi Azərbaycan bayrağına bürünərək tatami ətrafına dövr vuran anda və ya heç olmasa komandanın yanında görmədik?
Hanı bizim yerlərdəki, bölgələrdəki güləş məktəblərimizin yetişdirmələri? Rəsmi olaraq fəaliyyət göstərmələrinə baxmayaraq niyə nəticələri görmürük? Niyə yeni simaları, pəhləvanları görmürük? Yenə döyüşə qocalarmı gedir?
Düşünməyə dəyər...
Hesab edirəm ki, Prezident İlham Əliyevin işğaldan azad olmuş torpaqlara səfəri zamanı səsləndirdiyi "Biz bütün zirvələri qət edəcəyik" ifadəsi bu gün hər bir azərbaycanlı kimi, bu sahəyə cavabdeh olan aidiyyatı qurumlar üçün də bir fəaliyyət şuarı olacaqdır.
