Bunu hərbi ekspert Karen Vrtanesyan bildirib.
“Bu, səhlənkarlıq və ya hərəkətsizlik məsələsi deyil. Hesab edirəm ki, bu, Artsaxı təslim etmək meylidir. Mənim üçün heç bir şübhə yoxdur ki, bu, çarəsizlik deyil. Mən görürəm ki, bu adamlar qəsdən belə hərəkət edirlər”,- deyə o, bildirib.
Ermənistan ekspertinin sözlərinə görə, indiki hökumət 44 günlük müharibənin bitməsindən keçən iki il ərzində Qarabağda bir dənə də olsun müsbət addım atmayıb.
Bundna əlavə, üçtərəfli bəyanatla bağlı mövzuya toxunan ekspert qeyd edib ki, burada Laçın dəhlizinin keçidinin təmin edilməsi üçün Rusiya sülhməramlılarının mandatı müzakirə olunmayıb.
“Yola nəzarət edirlər. Amma bu mücərrəd bir anlayışdır. Onların konkret olaraq funksiyası nədir?”,– deyə ekspert sual verib.
“Ora (dəhliz) mühafizə olunmur. Mühafizə olunsaydı, bu gün azərbaycanlı mülki şəxslər ora necə gələ bilərdi?”,- deyən Vrtanesyan vurğulayıb ki, “əslində orada dəhliz yox, hər kəsin keçə biləcəyi yol var”.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası bir neçə gündür ki, davam edir.
Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların qanunsuz davranışı ucbatından monitorinq baş tutmayıb.
