Bəzi sənətkarlar var ki, onların vaxtsız ölümü təkcə mənsub olduqları teatrın səhnəsini deyil, həm də milyonlarla insanın üzündəki və qəlbindəki təbəssümü də yarımçıq qoyur. Azərbaycan teatr və kino sənətinin unudulmaz siması, səmimiyyəti və bənzərsiz xarizması ilə seçilən Xalq artisti Telman Adıgözəlov məhz belə sənətkarlardan idi.
Onun ömür yolu Balakənin füsunkar təbiətindən başlayıb, paytaxtın möhtəşəm teatr səhnələrinə və milyonların sevgisinə uzanan bir uğur hekayəsidir.
Səhnəyə bağlanan ömür
1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olan Telman Adıgözəlov uşaq yaşlarından sənətin sehrinə düşmüşdü. Bu böyük sevgi onun 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirməsinə və 1980-ci ildən ölkənin baş səhnəsində — Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyətə başlamasına vəsilə oldu.
1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Milli Dram Teatrının səhnəsi onun üçün sadəcə iş yeri deyil, ikinci ev, nəfəs aldığı məkan oldu. O, burada bir-birindən fərqli, rəngarəng obrazlar qalereyası yaradıb. Aktyorun bu teatrın səhnəsində yaratdığı “Dəli yığıncağı”nda Zəncirvuran, “Xurşudbanu Natəvan”da Daşdəmir, “Mahnı dağlarda qaldı”da Rəhman, “Maqbet”də Flins, “Közərən ocaqlar”da Xanəhməd, “İblis”də Şeypurçu, “Vaqif”də Təlxək, “Nişanlı qız”da Çeşməkli kişi, “Qədr gecəsi”ndə Oyunbaz, “Ah Paris…Paris!..”də Əhməd və sair obrazları tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
O, səhnəyə çıxanda tamaşaçı onun hər bir jestində, hər bir sözündə reallığı və səmimiyyəti görürdü. Faciəvi rolu da, komik obrazı da eyni dərəcədə təbii və daxili estetikayla oynamaq yalnız Telman Adıgözəlov kimi böyük istedadlara xas olan xüsusiyyət idi.
Ekranların unudulmaz siması
Telman Adıgözəlov təkcə teatrın deyil, həm də Azərbaycan kinosunun və televiziyasının sevimli siması idi. Dövlət televiziyasında çəkilən və bu gün də sevilə-sevilə izlənilən “Yaşıl eynəkli adam”, “Ordan-burdan”, “Qonşular” və digər teletamaşalarda yaratdığı obrazlar xalqın yaddaşına əbədi həkk olunub. Eyni zamanda, “Nəsimi”, “Üzü küləyə”, “Mən dəniz sahilində böyümüşəm” kimi filmlərdəki xarakterik rolları ilə kino tariximizdə də öz dəst-xəttini qoyub.
Sənətkarın xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 2000-ci ildə “Əməkdar artist”, 2006-cı ildə isə “Xalq artisti” fəxri adları ilə təltif edilib
Səhnədən əbədiyyətə...
Telman Adıgözəlovun sənətə olan bağlılığı o qədər güclü idi ki, o, son nəfəsinə qədər teatrla yaşadı. 2010-cu il aprelin 14-də həmişəki kimi doğma teatrında olan, həmkarları ilə ünsiyyət quran, səhnənin tozunu udan aktyor, cəmi bir neçə saat sonra — aprelin 15-nə keçən gecə, saat 4.00 radələrində qəfildən keçirdiyi infarkt səbəbindən 57 yaşında dünyasını dəyişdi.
Onun qəfil gedişi teatr ictimaiyyətini və sevənlərini sarsıtdı. Lakin fiziki yoxluğuna rəğmən, Telman Adıgözəlov bu gün də yaratdığı obrazlarda, arxivlərdə qorunub saxlanılan lent yazılarında və ən əsası, onu sevən tamaşaçıların qəlbində yaşayır.
Səhnəmizin unudulmaz sənətkarı, ruhun şad olsun!
