"Atributinfo.az" xəbər verir ki, tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, AYB və AJB- nin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı. O, tədbirdə iştirak edən qonaqları salamladıqdan sonra, vətənimizin azadlığı uğrunda canından keçən Vətən oğullarının ruhlarını məclis iştirakçıları ilə birlikdə bir dəqiqəlik sükutla yad elədi. Tanınmış ədəbiyyat adamlarının bir arada olması poeziyaya olan sevginin bariz nümunəsi olduğunu məclis rəhbəri Lilpar Cəmşidqızı iştirakçıların bir daha nəzərinə çatdırdı. Yığıncaqda ilk olaraq iki "Divan" müəllifi olan, tanınmış şair- qəzəlxan, bəstəkar Hüseyn Sözlüyə söz verildi.
Tanınmış şair yığıncaqda Aşıq Ələsgərin yaradıcılığından danışdı və Dədə Ələsgərin adını daşıyan otaqda belə bir məclisin keçirilməsinin əhəmiyyətli olduğunu qeyd elədi və şeirlərindən bir neçəsini səsləndirdi. Məclis rəhbəri qeyd elədi ki, bu yaxınlarda Hüseyn Sözlünün 80 illik yubileyi olub və bu münasibətlə hörmətli şairi bir daha təbrik elədi.Sonra ardıcıl olaraq şairlərə bir- bir söz verildi və sözü Xəzər bölməsinin üzvü, tanınmış ustad şair- qəzəlxan Əşrəf Pirşağılıya verdi. Tanınmış şair həvəslə qəzəllərindən bir neçəsini səsləndirdi. Sonra AYB- nin üzvü, tanınmış şair Vahid Çəmənliyə söz verildi. Hörmətli şair tədbir iştirakçılarına uğurlar arzuladı və belə ədəbi məclislərin ədəbiyyatımıza uğurlu töhfələr verəcəyindən danışdı və şeirlərindən bir neçəsini səsləndirdi. Sonra söz tanınmış tənqidçi, AYB və AJB-nin üzvü şair Xaqani Abbasəli Öztürkə verildi. O da ədəbiyyatımızda olan nöqsanlardan, sözün mədəni inkişafımızda əhəmiyyətindən danışdı, şeirlərindən sədləndirdi və sonra söz tanınmış şair İldırım Əlişoğluna verildi. O da öz şeirlərindən bir neçəsini səsləndirdi.
Beləcə şairlər- Əliyar Mərdiyev , Bəradər Səməndərli, Xəlil Mirzə və ilk dəfə məclisdə iştirak eləyən, 2-ci Qarabağ müharibəsinin qazisi, şair Eyvazov Qafqaza söz verildi. Onlar da "Çeşmə" Ədəbi Məclisinin əhəmiyyətindən danışıb, şeirlərindən bir neçəsini səsləndirdilər. Məclisdə ilk dəfə iştirak eləyən tanınmış jurnalist Cəmil Zəbhulla Dadasova söz verildi. O da maraqlı keçən ədəbi məclisə uğurlar arzuladı və gənclik illərində yazdığı bir neçə şeirini səsləndirdi. Şairlərin səsləndirdiyi şeirlərdən sonra böyük həvəslə başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı. Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə öz adından minnətdarlığını ünvanladı və iştirakçılar adından təşəkkürünü bildirdi. Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.
"Atributinfo.az"
