Sizin reklam burada
Sizin reklam burada
  • Qaxda I Kitab Sərgisi keçirilib

    Mayın 30-da Qax şəhərində yerləşən “İçəribazar” kompleksində Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) təşkilatçılığı ilə “Oxu, Qax” devizi altında I Qax Kitab Sərgisinə start verilib.

    "Atributinfo.az" xəbər verir ki, tədbir Qax Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Şəki Regional Turizm İdarəsinin və Azərbaycan Yazıçılar Birliyinin Şimal-Qərb Regional Bölməsinin tərəfdaşlığı ilə həyata keçirilib.

    İki gün davam edən sərgidə müxtəlif nəşriyyatların kitab stendləri, yeni nəşrlərin təqdimatı, kitab satışı, tanınmış yazıçıların imza saatları təşkil olunub. Bununla yanaşı, uşaqlar üçün nağıl saatı, interaktiv və maarifləndirici oyunlar, animator şouları, uşaq və ailə zonası, rəsm guşəsi, eləcə də konsert proqramları ziyarətçilərin ixtiyarına verilib.

    Tədbir iştirakçıları əvvəlcə “İçəribazar” kompleksinin ərazisində qurulan kitab stendləri ilə tanış olub, müəlliflərlə görüşərək söhbətlər aparıb və müxtəlif nəşrləri münasib qiymətlərlə əldə ediblər.

    Rəsmi açılış mərasimində Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin sədri Şəmil Sadiq, sərginin təşkilatçısı Veysəl Məmmədov, “Simart” Sağlam İnkişaf Platformasının proqram meneceri Zəhra Həşimova, eləcə də tərəfdaş qurumların nümayəndələri çıxış edərək belə tədbirlərin kitabın təbliği və oxu mədəniyyətinin inkişafında mühüm rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, beş ildir fəaliyyət göstərən ANAİB tərəfindən bu günədək ölkənin 30-dək şəhər və rayonunda kitab sərgiləri təşkil edilib.

    Sərgidə 30-dan çox nəşriyyat öz çap məhsullarını nümayiş etdirib, 10-a yaxın yazıçı isə tədbirdə iştirak edir. Bildirilib ki, Qax Kitab Sərgisinin hər il keçirilməsi planlaşdırılır.

    Çıxışlarda vurğulanıb ki, kitab insanı ətraf aləmdə baş verən proseslərdən xəbərdar edən zəngin bilik mənbəyi, xalqın milli sərvəti və mənəvi inkişafının əsas vasitələrindən biridir. Kitab cəmiyyətin formalaşmasında, intellektual səviyyəsinin və mədəniyyətinin yüksəlməsində əvəzsiz rol oynayır.

    Tədbir Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam edib.

    Bəradər Səməndərli,
    Zahir Məmmədov
    "Atributinfo.az"










    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ