Bu fikirlər AMEA Tarix və Etnologiya İnstitutunun Azərbaycan Cümhuriyyəti tarixi şöbəsinin aparıcı elmi işçisi dosent Mübariz Ağalarlının “Cümhuriyyət xadimlərinin irsində 28 May istiqlalı: Mühacirət təfəkkürünün elmi-publisistik salnaməsinə bir nəzər” adlı məqalədə yer alıb. Məqalədə bildirilib ki, 28 May istiqlalının ideoloji və siyasi təməllərini atan görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə hələ Cümhuriyyət dövründə nəşr olunan “Azərbaycan” qəzetində işıq üzü görən “İstiqlal” adlı proqram xarakterli məqaləsində yazırdı: “Çəkilən zəhmətlərimizin, tökülən qanlarımızın, yakılan xanimanlarımızın, axıdılan göz yaşlarımızın yalnız bir təsəllisi var: İstiqlal!... İstiqlal bir növ hürriyyəti-şəxsiyyədir. Millətin şəxsinə məxsus hürriyyət”. Rəsulzadənin bu lakonik formulu, əslində, Azərbaycan dövlətçilik fəlsəfəsinin ən dərin elmi-nəzəri tərifidir. Müəllif burada “hürriyyəti-şəxsiyyə” anlayışını fərddən millət müstəvisinə qaldırır. Onun təqdimatında istiqlal sadəcə siyasi bir status və ya coğrafi müstəqillik deyil. O, bütöv bir millətin kollektiv şəkildə “şəxsiyyət” qazanması, öz müqəddəratını təyin etmək hüququna sahib olmasıdır.
Cümhuriyyət xadimlərinin 28 May irsini mühacirətdə necə böyük bir elmi-publisistik salnaməyə çevirdiyini görmək üçün “Yeni Qafqasiya” məcmuəsinin 1924-cü il 28 may tarixli nömrəsinə nəzər salmaq kifayətdir. M.Ə.Rəsulzadənin həmin nömrədə işıq üzü görən “Azərbaycanın Böyük Günü” adlı məqaləsi mühacirət təfəkküründə istiqlal idealını konseptual şəkildə əks etdirən fundamental salnamədir.
Azərbaycan Xalq Cümhuriyyətinin sabiq torpaq və əmək naziri Əkbər Ağa Şeyxülislamzadə mühacir kimi yaşadığı Parisdən İstanbulda nəşr olunan “Yeni Qafqasiya” dərgisinə göndərdiyi və 28 May istiqlalının doqquzuncu ildönümünə həsr etdiyi “Haqq alınar, verilməz” adlı məqaləsində həm özünün, həm də mühacirət tərəfdaşlarının sarsılmaz andını bəyan edirdi.
Əkbər Ağa Şeyxülislamzadənin həmin çağırışından illər sonra, mühacirət mətbuatının elmi müstəvidə ən sanballı orqanına çevrilən, Əhməd Cəfəroğlunun redaktoru olduğu “Azərbaycan yurd bilgisi” dərgisinin 1934-cü il 28 may nömrəsində İstiqlalın 16 illik ildönümünə həsr olunmuş “28 May 1918” adlı baş məqaləsində istiqlalın Türk dünyasındakı əks-sədası, İstanbul və Anadolu ziyalılarının bu tarixi hadisəyə verdiyi qiymət yüksək elmi-publisistik üslubda təhlil edilirdi. Məqalədə yer alan dərin tarixi müqayisələr və gələcəyə yönəlmiş böyük sarsılmaz inam, əslində bütün mühacirət irsinin ana xəttini təşkil edirdi. Vətənin itirilməsi ilə barışmayan ziyalılar qələmin gücü ilə millətin daxili müqavimətini diri tutur, istiqlalın mənəvi əsaslarını gələcək nəsillərə ötürürdülər.
Ümumiyyətlə, Cümhuriyyət xadimlərinin mühacirət irsi sübut edir ki, 28 May istiqlalı sadəcə keçmişdə qalan bir tarix deyil, coğrafi sərhədləri və siyasi fəlakətləri aşan canlı bir dövlətçilik doktrinasıdır. Cümhuriyyət qurucuları sovet imperiya təzyiqi və işğalı qarşısında vətən torpağını müvəqqəti itirsələr də, istiqlalın əsl mənəvi coğrafiyasını, gənc nəslin azadlıq ruhunu əsla təslim etmədilər. Siyasi süqutu sadəcə keçici bir “maddi fasilə” adlandıran bu fədakarlar qəlblərdə və evlərin ən gizli guşələrində qorunan üçrəngli bayrağın bir gün mütləq yenidən ucalacağına qətiyyətlə inanırdılar. Zaman o uzaqgörən mütəfəkkir qələm sahiblərini və bu böyük inamı tamamilə haqlı çıxardı. Vaxtilə Azərbaycan xalqının qanına boyanmış bolşevik bayrağının “oraq və çəkic”i arasında sıxılan, unutdurulmağa çalışılan üçrəngli, ay-ulduzlu bayrağımız bu gün öz azad və suveren vətənində əbədi olaraq dalğalanmaqdadır. Bizə Cümhuriyyət qurucularından miras qalan zəngin irs isə hər birimiz üçün zamanı aşan ən ali vəsiyyətdir: İstiqlal ruhlarda yaşayan və hər gün yenidən qorunmalı olan müqəddəs bir haqdır. Bu ali amala sahib çıxmaqla 1918-ci ilin o şanlı 28 May ruhunu yaşadır və gələcəyə aparırıq.
