Turistin yol qeydlərindən
Zirvədən zirvəyə baxmaq sevinci
Bu qoca yaşımda onu da daddım
Doğulub böyüdüyüm Qəbələnin dirsəkləndiyi dağlar başdan-başa meşələrlə örtülüdür. Lap yuxarıdakı sal qayalı zirvələr isə insan üçün əlçatmazdır. Yəni oralara getməyi heç zaman ağlımdan keçirməmişəm. Ancaq on dəfələrlə olub ki, Bakıdan Lənkərana, Astaraya, İrana gedəndə yolun sağ tərəfində – trassdan xeyli uzaqlardakı qayalı dağlara baxıb qəribə hisslər keçirmişəm: “Kaş nə zamansa oralara da gedə biləydim”. Sən demə, qismət yaşın bu vədəsinə yazılıbmış.
(Uzunömürlülər muzeyində)
***
Lerikə ailə üzvlərimizlə birlikdə – turist kimi gedirdik. Lənkərandan Lerik yoluna dönəndə bu rayondan kimləri tanıdığımı yada salmağa çalışdım. Sovet dönəmində respublikamızın maarif naziri olmuş Mirzə Rəhimov və Sosialist Əməyi Qəhrəmanı, neftçi Xanoğlan Bayramov haqqında çox oxumuş, Milli qəhrəmanlar Valeh Müslümov, Rövşən Abdullayev və Fərhad Ağayev haqqında isə dəfələrlə eşitmişdim. Ancaq professor Xeyrulla Məmmədovla, şair Allahverdi Məmmədli ilə çoxsaylı ünsiyyətlərimiz olmuş, jurnalistlər İsaq Əmənullayev və İlqar Rüstəmovla eyni kollektivdə çalışmışıq. Üstəlik, tələbə yoldaşımız, indi Əməkdar mədəniyyət işçisi kimi şöhrətlənən Aslan Fətullayev də Lerikdəndir. Ancaq bu çoxdöngəli yolda rəhmətlik Allahverdinin bir şeirinin yadımda qalan iki sətrini xatırladım:
“Allahın ilanı nədi –
Mənə pislik eləmədi”.
Dəfələrlə təəssüflənmişəm ki, kaş həmin sətirləri mən yazmış olaydım. İsaq Əmənullayev isə ömrü boyu əlindəki bir “cır konfeti”də kiminləsə bölməyə çalışıb. Lerikdə iki-üç saat dolaşandan, dağların havasını udandan, dərələrin gözəlliyinə valeh olandan, bulaqların suyunu içəndən, meşələrin payız palitrasına növbəti dəfə vurulandan sonra rəhmətlik Allahverdini nə üçün ilan sancmadığının ( ilana toxunmasan səninlə işi olmur), İsaq müəllimin Lerik dağları kimi səxavətli olmasının səbəblərini öyrəndim.
***
Gecələmək üçün əvvəlcədən kirələdiyimiz ev Peştətük kəndində idi. Sonradan öyrəndim ki, bu kəndin əvvəlki adı “37-ci Kilometr” olub. SSRİ-nin can verdiyi günlərdə Vizəzəmin kəndinin bir hisəsinə Peştətük adı verilib. Bu söz talış dilindəki peştə (təpə, yüksəklik) və tük ( çəltik, əkin) sözlərindən düzəlib. Yəni dağ ətəyində əkin sahəsi mənası verir.
Kirələdiyimiz ev sözün həqiqi mənasında turistin bütün tələblərini ödəyəcək səviyyədə idi. Səhər tezdən həyətə çıxanda hayana baxsaq gözəllik görürdük. Həm də lap yaxınlıqdan bir çay axırdı. Evdən çıxıb rayon mərkəzi tərəfə gedəndə isə payızın meşələrə gətirdiyi min bir çalarlı xəzan rənglərinə heyran olmamaq mümkün deyildi.
***
Mən Lerikdə axırıncı dəfə 1995-ci ildə olmuşdum. Yadımdadır, ulu öndər Heydər Əliyev ölkədə siyasi hakimiyyətə qayıdandan sonra 9 May Qələbə gününün bayram kimi qeyd olunması ənənəsini bərpa etmişdi. Həmin gün ərəfəsində həyata keçirilən hazırlıq işlərinə nəzarət edən Nazirlər Kabineti yanındakı Respublika Veteranlar Şurasının katibi – qocaman həmkarımız, mərhum Cəfər Əliyevlə ona qədər rayona getmişdik. Həmin dövrdə Lerikə üç dəfə getdik. Çünki Cəfər müəllimin bacısı Gülarə xanım Lerikin ən məşhur həkimlərindən biri idi . Yəni Lerikin yollarına da, təbiətinə də, insanlarına da, mətbəxinə də o zamanlardan bələd idim. Amma... yenə də hansı tərəfə baxsam, heyrətlənirdim.
***

(Babagil türbəsi önündə)
Əvvəllər bir yazıda qeyd etmişdim ki, ölkənin başqa rayonlarının ağsaqqallarını arabir Lerikə göndərmək lazımdır ki, uzunömürlülüyün sirrini öyrənsinlər. Onda mərhum Ələsgər Cabbarov demişdi ki, uzun ömür sürmək üçün Lerikə gedib gəlmək yox, orada doğulmaq və yaşamaq lazımdır.
Yeri gəlmişkən, bu dağlar diyarına indi artıq jurnalist kimi deyil, turist kimi, nəvələrimlə birlikdə getdiyimə görə hansısa dövlət qurumuna, ictimai təşkilata müraciət etməyəcəyimiz və ya məsul şəxslə görüşməyəcəyimiz əvvəlcədən də bəlli idi. Amma Lerik Uzunömürlülər Muzeyinə baş vurmamaq mümkün deyildi. Biz orada axırıncı dəfə olanda muzeyin cəmi dörd yaşı var idi. İndi isə 34 yaşı var. İndi oradakı eksponatlar 34 il əvvəlkindən bəlkə də 34 dəfə çoxdur.
Yeri gəlmişkən, Prezident İlham Əliyev ölkədəki bütün mədəniyyət müəssisələri kimi bu muzeyin də tamamilə yenidən qurulmasının qayğısına qalmış, muzey 2010-cu ilin iyun ayında dövlət başçımızın iştirakı ilə yenidən açılmışdır. Öyrəndik ki, bu rayonda vaxtilə 500 nəfərdən çox uzunömürlü insan yaşamışdır. Hazırda rayonun yaşı 100-ü keçmiş 20-dən çox sakini vardır.
Məlum olduğu kimi bu muzeyin analoqu dünyanın heç bir ölkəsində yoxdur. İki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər yer almışdır. Muzeydəki 40-dək fotoşəklin müəllifi olan fransız fotoqrafı Fredrik Laşop bu əsərlərini Parisdə təşkil etdiyi “Uzunömürlülər diyarına səyahət” sərgisində nümayiş etdirmişdir. Bu mədəniyyət ocağına Hollandiyadan, Almaniyadan, Fransadan, Rusiyadan, Koreyadan, Macarıstandan, Böyük Britaniyadan və s. ölkələrdən çoxsaylı qonaqların gəldiyini eşitdik. Burada planetin ən uzunömürlü sakini adını qazanmış Şirəli Müslümova, Mahmud Eyvazova və Məcid Ağayevə aid guşələr yaradılıb. Mən həmin guşələrə və eksponatlara böyük diqqət və maraqla baxandan sonra rəylər kitabına ürək szlərimi yazdım.
***
Növbəti ziyarət etdiyimiz ünvan sözün həqiqi mənasında ziyarətgah idi. Babagil türbəsi rayonun Babagil kəndində, Lənkəran – Lerik yolunun 40-cı kilometrliyində, Lənkərançayın sahilindədir. Ətraf meşəlik olsa da, böyük ərazidə çoxsaylı həm tarixi, həm də müasir dövrə aid məzarlar var. XV-XVI əsrlərə aid bu dini-tarixi abidə – yəni türbə, ziyarətgah olaraq Babagil adlı tarixi şəxsiyyətin adı ilə bağlıdır.
***

(Lerikin xəzan palitrası)
İndi isə yazının sərlövhəsinə qayıda bilərik. Oğlumun hələ səfərə çıxanadək məsləhətləşmələr apardığı adamların əksəriyyəti demişdi ki, Lerikə gedib Buzeyir ( yerli əhali oranı Bozeyir adlandırır) mağaraları ilə maraqlanmasanız səhv etmiş olarsınız. Biz çətin yol şəraitinə baxmayaraq oraya da getdik. İnsafən, bizi dağ zirvəsinə aparan yollar hamar və asfalt idi. Sadəcə, bir tərəfdən təhlükəli döngələr çoxdur, digər tərəfdən də paytaxtdan gəlmiş sürücülərin dəniz səviyyəsindən 1640 metr yüksəklikdəki ünvana maşın sürməsi o qədər də asan deyildi. Hətta orada şəkil çəkdirməyin özü də hamımızda həyəcan yaradırdı. Çünki dayandığımız yerdən üzü aşağı – Zuvand çayına baxanda adamın gözü qaralırdı.
Sonradan öyrəndim ki, burada aparılan kəşfiyyat işləri nəticəsində Zuvandçay vadisində mağaralar və qaya sığınacaqları qeydə alınmışdır. Lerik rayonu ərazisini İranla sərhəd boyunca Talış silsiləsi, bundan şimalda Peştəsər silsiləsi, sonra isə Buravar silsiləsi əhatə edir. Kiçik Qafqazdan fərqli olaraq Talış dağlarında vulkanik proseslər daha kəskin olmuş, ona görə də buradakı mağaralar vulkanik yolla əmələ gəlmişdir. Ona görə də qədim insanların bu dağlarda mağara oyması, orada yaşaması asan olub. Talış dağlarının yüksək zirvələri tamamilə çılpaqdır. Mən bu yaşımda məhz həmin zirvədə dayanaraq digər zirvələrə boylanmağın sevincini daddım, məmnunluğunu yaşadım.
Bizi o zirvələrə aparan sürücüləri Allah qorusun deyir və yol yoldaşlarımızı səfərin uğurla başa çatması münasibətiylə təbrik edirəm. Əminəm ki, daha Lənkəran tərəfə gedəndə uzaqdan həmin dağlara baxaraq oranı görməyi arzulamayacağam. Nəvələrim Şəms və David isə sinif yoldaşlarına deyə bilərlər ki, biz çox hündür bir dağın zirvəsinə qədər getmişdik.
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist