Sizin reklam burada
Sizin reklam burada
  • Akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda məruzə ilə çıxış edib

    AMEA-nın prezidenti akademik İsa Həbibbəyli noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasının miqyası və missiyası” mövzusunda məruzə edib.

    "Atributinfo.az" həmin məruzəni təqdim edir:
    Hörmətli yubiley mərasimi iştirakçıları
    Hörmətli dövlət və hökumət rəsmiləri
    Hörmətli millət vəkilləri
    Hörmətli Elmlər Akademiyasının əməkdaşları və həmkarlarımız
    Əziz gənclər
    Hər şeydən əvvəl, Milli Elmlər Akademiyasının 80 illik yubileyinin keçirilməsi haqqında elmimizin tarixinə, Akademiyanın tarixinə həkk olunan mühüm tarixi əhəmiyyətə malik olan Sərəncam imzaladığına və bu gün yubiley tədbirində iştirak etdiyinə və Azərbaycan elminin, ziyalılığın proqramını müəyyən edən konseptual nitqinə görə ölkəmizin bütün elm adamları və yaradıcı ziyalılar adından, Milli Elmlər Akademiyasının kollektivi və öz adımdan möhtərəm Prezidentimiz İlham Əliyevə, Qalib liderimizə dərin minnətdarlığımı bildirirəm.
    Cənab Prezidentimizin nitqi Azərbaycan elminin, ictimai fikrimizin yeni tarixi dövrünün strategiyasını müəyyən edən proqramdır.
    Bugünkü tarixi görüş və tarixi nitq xalq-dövlət birliyinin onurğa sütununu təşkil edən ziyalı-lider birliyinin canlı-əyani təcəssümü və təntənəsidir.
    Cənab Prezidenti əmin edirəm ki, elm adamlarımız, yaradıcı ziyalılarımız həmişə olduğu kimi bundan sonra da Heydər Əliyev – İlham Əliyev siyasi-ideoloji xəttinin ziyalı əsgərləri kimi bütün məqamlarda müstəqil dövlətçilik ideallarına və elm adamlarının Hippokrat andı olan Akademiya andına sədaqətlə xidmət edəcəkdir.
    Hörmətli yubiley mərasimi iştirakçıları!
    Akademiyamızın 80 illiyi Azərbaycanda akademiya quruculuğunun təxminən 800 ilə yaxın böyük bir epoxasının məntiqi yekunu və sabaha doğru inkişafının hərəkətverici qüvvəsidir.
    Məlumat üçün bildirmək istəyirəm ki, planetimizin birinci akademik elmi qurumu bizim eradan əvvəl IV əsrdə fəaliyyət göstərmiş Platon Akademiyasıdır. Afrika qitəsində 1137-ci ildə yaradılan Efiopiya Akademiyası bizim eranın ilk akademik qurumu hesab edilir. Azərbaycanda isə ilk dəfə 1259-cu ildə Nəsirəddin Tusi tərəfindən yaradılan Marağa Rəsədxanası ilə universal elmi fəaliyyətlə məşğul olan elmi-tədqiqat müəssisəsinin bünövrəsi qoyulmuşdur. Bundan bir müddət sonra meydana çıxmış Təbriz Darüş-Səfa Akademiya şəhərciyinin salınması ilə Azərbaycan akademiya quruculuğunda bir addım da irəli getmişdir.
    Müqayisə üçün nəzərinizə çatdırmaq istəyirəm ki, Avropada ilk akademiyalar XVII əsrdə yaradılmışdır. Belə ki, İtaliya Akademiyası 1603-cü ildə, Britaniya Kral Elmi Cəmiyyəti 1852-ci ildə, Fransa Elmlər Akademiyası 1866-cı ildə fəaliyyətə başlamışdır. Asiya qitəsində isə Yeni Zelandiya Kral Elmi Cəmiyyəti 1867-ci ildən təsis edilmişdir.
    Azərbaycan elmi XX əsrdə özünün təşkilatlanma dövrünə qədəm qoymuşdur. Belə ki, 1923-cü ildə yaradılmış Tədqiq və Tətəbbö Cəmiyyəti Milli Elmlər Akademiyasının sələfidir. 1926-cı ildə Birinci Türkoloji Qurultayın keçirilməsi və qurultayda vahid latın əlifbasının qəbul edilməsi Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin mühüm tarixi nailiyyətidir. 9 oktyabr 1929-cu ildən 29 dekabr 1932-ci il tarixədək fəaliyyət göstərmiş Azərbaycan Elmi Tədqiqat İnstitutu ilə kiçik Akademiya modelinin ilk nümunəsi meydana qoyulmuşdur.
    Bununla ictimai təşkilat kimi fəaliyyət göstərən Tədqiq və Tətəbbö Cəmiyyətindən dövlət tərəfindən maliyyələşdirilən, elmi-tədqiqat şöbələri və aspiranturası olan elmi-tədqiqat qurumuna keçid baş vermişdir.
    SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsi və az sonra yaradılmış Azərbaycan Filialı müstəqil Elmlər Akademiyası yaratmaq üçün hazırlıq funksiyasını yerinə yetirmişdir.
    Nəhayət, SSRİ Elmlər Akademiyasının prezidenti akademik Vladimir Leantyeviç Komarovun 24 oktyabr 1944-cü ildə SSRİ Xalq Komissarları Sovetinin Sədrinin müavini Vyaçeslav Molotova ünvanladığı məktubda Azərbaycanda Elmlər Akademiyasının yaradılması haqqında vəsatət qaldırılmışdır. SSRİ Xalq Komissarları Soveti 23 yanvar 1945-ci ildə, hələ Böyük Vətən müharibəsi bitməmiş Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Bundan sonra 27 mart 1945-ci il tarixdə Azərbaycanda Elmlər Akademiyasının təsisçiliyinə və ilk akademikliyə namizədlər irəli sürülmüş, nəhayət, bir neçə dəfə süzgəcdən keçirilməklə 44 nəfər namizədin sırasından 15 nəfər müəyyən edilərək təsdiq olunmuşdur. Azərbaycan SSR Elmlər Akademiyasının 31 mart 1945-ci il tarixli Ümumi Yığıncağında Akademiyanın rəhbər orqanlarının seçkisi keçirilmiş, akademik Mirəsədulla Mirqasımov bu ali dövlət elmi qurumunun prezidenti, Şamil Əzizbəyov və Heydər Hüseynov vitse-prezidentlər, Mirəli Qaşqay isə akademik katib seçilmişlər.
    Bu gün yaradılmasının 80 illiyinin qeyd olunduğu bu tarixi gündə Azərbaycan elminin qızıl fondunu təşkil edən 15 nəfər ilk təsisçilərin adlarını ehtiramla yad etməyi özümə borc bilirəm:
    1. Mirəsədulla Mirqasımov
    2. Şamil Əzizbəyov
    3. Heydər Hüseynov
    4. Mirəli Qaşqay
    5. Yusif Məmmədəliyev
    6. Mustafa bəy Topçubaşov
    7. Səməd Vurğun Vəkilov
    8. Üzeyir Hacıbəyov
    9. Mirzə İbrahimov
    10. Ələşrəf Əlizadə
    11. İosif Yesman
    12. İvan Şirokoqorov
    13. Aleksandr Qrossheym
    14. Mikayıl Useynov
    15. Sadıq Dadaşov.
    Azərbaycanda Milli Elmlər Akademiyası 80 il ərzində çətin, məsuliyyətli və şərəfli yol keçmişdir. Elmlər Akademiyasının 1969-1982-ci illər dövrü ölkəmizin elm tarixinə Heydər Əliyev mərhələsi, yaxud intibah dövrü kimi daxil olmuşdur. Bu illərdə Akademiyada müxtəlif elm sahələri üzrə elmi məktəblər yaranmış, elmimiz Sovetlər İttifaqının hüdudlarını aşaraq dünyada tanınmış, yeni elmi nəsil yetişib formalaşmışdır.
    Görkəmli dövlət xadimi Heydər Əliyevin sovet hakimiyyəti illərində apardığı azərbaycançılıq siyasəti ölkəmizdə müstəqillik qurulduqdan sonra dövlət ideologiyası kimi qəbul olunmuşdur.
    Təəssüf ki, Ulu Öndər SSRİ-nin yüksək rəhbərliyinə irəli çəkildikdən sonra bu inkişaf tempi qorunub saxlanılmamışdır. Hətta müstəqilliyin başlanğıc illərində Akademiyanı ləğv etmək haqqında bəyanatlar səsləndirilmişdir. Ona görə də 1983-1993-cü illər Elmlər Akademiyasının tənəzzül və böhran dövrü hesab olunur.
    Görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə respublikanın digər sahələrində olduğu kimi, Akademiyada da böyük dirçəliş prosesləri başlamış, ölkə maraqları ön mövqeyə çəkilmişdir. Ulu Öndərin 15 may 2001-ci il tarixli Sərəncamı ilə Akademiyaya Milli Elmlər Akademiyası statusu verilmişdir. Bununla Akademiya sovet modelindən çıxarılaraq ölkə maraqlarına və ümum bəşəri elmi dəyərlərə doğru istiqamətləndirilmişdir. 1993-2003-cü illər elm tariximizə Milli Elmlər Akademiyası quruculuğu mərhələsi kimi daxil olmuşdur.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 2003-cü ildən başlanan möhtəşəm inkişaf dövründə Akademiyanın fəaliyyəti iki mərhələyə ayrılır:
    1. Modernləşmə və innovasiya dövrü (2003-2021-ci illər);
    2. Yeniləşmə və islahatlar mərhələsi (2022-ci ildən).
    Hazırda Milli Elmlər Akademiyası Dünya Akademiyaları Cəmiyyətinin bərabərhüquqlu üzvü kimi Azərbaycan elmini beynəlxalq miqyasda təmsil edir. Ölkəmizin inkişafına, xüsusən xalqımızın milli-mənəvi dirçəlişinə öz töhfələrini verməkdə davam edir.
    Azərbaycan Elmlər Akademiyası ölkəmizə nə qazandırmışdır?
    Səksən il ərzində Azərbaycanın elmi elitası formalaşdırılmış və ölkəmizin aparıcı qüvvələrindən birinə çevrilmişdir. Elmi elita və yaradıcı ziyalılar dövlətlə xalq arasında mənəvi körpü olub, ölkəmizdə birliyə və həmrəyliyə, sabitlik və inkişafın daha da möhkəmləndirilməsinə xidmət edir. Heydər Əliyev – İlham Əliyev epoxasında dövlət, lider və ziyalı həmrəyliyi ən yüksək səviyyədə inkişaf etdirilmişdir.
    Akademiya cəmiyyətin maarifləndirilməsinə böyük töhfələr vermişdir. Tarix boyu dünyada baş vermiş böyük hərbi-siyasi hadisələr, sənaye inqilabları, elmi-texniki nailiyyətlər elmdən keçərək cəmiyyətə çatdırılmış, tətbiq olunmuşdur.
    Azərbaycan dünyada neft elminin əsas mərkəzlərindən biri hesab olunur. Neft kimyası (Yusif Məmmədəliyev), neft resmakulyasiyası nəzəriyyəsi (Murtuza Nağıyev), neft mexanikası (Azad Mirzəcanzadə), neft geologiyası (Mirəli Qaşqay), neft maşınqayırması, neft iqtisadiyyatı (Bəhman Axundov) kimi elm sahələrində Azərbaycan alimləri dünya rekordu qazanmış ölkələrdəndir.
    Təsadüfi deyildir ki, Azərbaycanı Neft Akademiyası adlandırırlar.
    Keçmiş SSRİ-də Moskva riyaziyyat məktəbindən sonra ikinci yeri Gürcüstan, üçüncü, dördüncü yerlərdən birini isə Azərbaycan riyaziyyatçıları tutmuşlar.
    Geologiya elminin müxtəlif sahələri, o cümlədən paleontologiya, palçıq vulkanları, neft geologiyası, dağ-mədən geologiyası və sair kimi sahələrdə aparılmış tədqiqatlar ölkəmizdə zəngin təbii sərvətlərin üzə çıxarılmasına və sosial-iqtisadi sahələrin inkişafına böyük təkan vermişdir.
    Bütövlükdə isə ölkəmizin alimləri, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları həmişə ölkəmizin sosial-iqtisadi inkişafına özlərinin töhfələrini vermişlər. Su-elektrik stansiyalarının qurulması, enerji potensialının proqnozlaşdırılması, dənizdə neft hasilatı ideyasının irəli sürülməsi və reallaşdırılması, aqrar-sənaye kompleksinin yaradılması, ilk dəfə olaraq göz-peşə xəstəliklərinin fərqli müalicə üsullarının kəşfi, bioinformatika və fotosintezin ön mövqeyə çıxarılması, idarəetmənin optimallaşdırılması və avtomatlaşdırılması, yaşıl iqtisadiyyatın, alternativ enerji mənbələrinin elmi əsaslarının işlənib hazırlanması istiqamətlərində elm sosial sifarişlə cəmiyyətin reallıqları arasında körpü funksiyasını yerinə yetirmişdir.
    Yarımkeçiricilər fizikası və selen tədqiqatları üzrə də Azərbaycanda elmi məktəb yaradılmışdır.
    Nobel mükafatı laureatı Jores Alfyorov 2015-ci ildə Peterburqda bizimlə söhbət zamanı yarımkeçiricilərin tədqiq edilməsi sahəsində Azərbaycanın Peterburq məktəbi ilə rəqabət apara bilmək imkanlarının olması etiraf edilmişdir.
    Azərbaycanda müstəqil dövlətçilik və milli azadlıq ideyaları bədii ədəbiyyatla yanaşı, humanitar və ictimai elmlərin də uğrunda mübarizə apardıqları ideallar olmuşdur. XX əsrin altmış-yetmişinci illərindən etibarən Akademik Ziya Bünyadovun “Atabəylər dövləti”, Oqtay Əfəndiyevin “Səfəvilər dövləti”, Sara Aşurbəylinin “Şirvanşahlar dövləti”, Məmməd Qazıyevin “Azərbaycanda feodal dövlətləri”, habelə Azərbaycan xanlıqları haqqında yazılmış və nəşr edilmiş tədqiqat əsərləri nəticə etibarilə Azərbaycanın qədim dövlətçilik ənənələrinə malik olduğunu diqqət mərkəzinə çəkməklə, xalqımızda müstəqil dövlətçilik ideallarının formalaşdırılmasına və inkişaf etdirilməsinə xidmət etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Ziya Bünyadovun “Atabəylər dövləti” monoqrafiyasının, möhtərəm Prezidentimiz İlham Əliyevin “İrəvan xanlığı” tədqiqatının Dövlət mükafatı almasına dəstək vermələri mahiyyət etibarilə müstəqil dövlətçilik ideallarının dövlət səviyyəsində qiymətləndirilməsi və möhkəmləndirilməsi deməkdir.
    Elmlər Akademiyası ümummilli ideyaların da əsas beşiyi və hərəkətverici qüvvəsi funksiyasını yerinə yetirmişdir. Azərbaycan dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərin qorunması, yaşadılması, inkişaf etdirilməsində Azərbaycanın tale yüklü tarixi hadisələri və şəxsiyyətlərinin təbliği Azərbaycan yazıçıları ilə paralel şəkildə Azərbaycan alimləri də mühüm rol oynamışlar.
    Təsadüfi deyildir ki, Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin statusu haqqında müzakirələri Azərbaycan Milli Elmlər Akademiyasında aparmışdır.
    Görkəmli dövlət xadimi Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyini keçirməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhərində Dədə Qorqud şəhərciyini salması, paytaxtımızda “Kitabi-Dədə Qorqud” abidəsinin ucaldılması, dövlət səviyyəsində ümummilli ideyaların yaşadılmasına və genişləndirilməsinə verilən dəstəyin ifadəsidir.
    Sovet hakimiyyəti illərində arxa plana keçirilmiş Novruz bayramı mərasiminin, milli-mənəvi dəyərlərin qorunması və yaşadılmasında da tarixçi, folklorçu və etnoqraf alimlərin xüsusi xidmətləri olmuşdur.
    Azərbaycan keçmiş Sovetlər İttifaqında türkologiya elminin əsas mərkəzi hesab edilmişdir. Təsadüfi deyildir ki, SSRİ Türkologiya Komitəsinin ümumittifaq elmi-nəzəri nəşri olan “Sovetskaya Türkologiya” jurnalı Bakıda, Azərbaycan Elmlər Akademiyasında nəşr edilmişdir.
    XX əsrin ikinci yarısından sonra meydana çıxmış informasiya cəmiyyəti anlayışının və hazırda aktual olan süni intellekt və rəqəmsal inkişaf strategiyasının xalqa aşılanmasında və cəmiyyət sferasına gətirilməsində elmin danılmaz xidmətləri vardır.
    Beləliklə, geniş mənada elm, Elmlər Akademiyası Azərbaycan cəmiyyətinin inkişafına, müstəqil dövlətçiliyin, milli şüurun formalaşdırılmasına və inkişaf etdirilməsinə, yeni insanın və yeni dünya qavrayışının təkamülünə əsl bir əkinçi kimi xidmət etməkdədir.
    Yeni tarixi dövrdə Milli Elmlər Akademiyasında Azərbaycançılıq idealları, Qərbi Azərbaycan və Qarabağ, Böyük Qayıdış hərəkatı, ədəbi-tarixi şəxsiyyətlərin yenidən tədqiq edilib dəyərləndirilməsi istiqamətində atılmış addımlar Azərbaycan elminin müstəqil dövlətçilik ideallarına xidmətinin göstəriciləridir.
    Ayrı-ayrı tədqiqat institutlarında yaradılmış Qərbi Azərbaycan tarixi, Qərbi Azərbaycan folkloru, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbələri, Xəzərin arxeologiyası, Məhkəmə arxeologiyası, Qarabağ müharibəsi və Böyük Qayıdış hərəkatı, Toponimika şöbələri artıq ilk tədqiqat layihələrini, ilk monoqrafiyaları və dissertasiyaları cəmiyyətə təqdim etmişdir. Hazırda Milli Elmlər Akademiyası Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə işğaldan azad edilmiş əzəli torpaqlarımızda aparılan tədqiqatlarımızda aparılan tədqiqatlarla yeni tarixi dövrün Qarabağnaməsini yaradır.
    Artıq sözlüyü tərtib və təsdiq olunmuş 2 cildlik “Heydər Əliyev ensiklopediyası” və 2 cildlik “Qərbi Azərbaycan ensiklopediyası” da möhtərəm Prezidentimizin apardığı məqsədyönlü siyasətin dalğasında meydana çıxmış əhəmiyyətli layihədir. Görkəmli dövlət xadimi Heydər Əliyevə həsr edilmiş tədqiqat əsərləri serialından yaxşı bir kitabxana bölməsi yaratamaq olar.
    Azərbaycan Milli Elmlər Akademiyası 80 illik tarixi ərzində ilk dəfə olaraq son 2-3 il ərzində beynəlxalq elmi təşkilatların üzvü seçilmişdir. Bu gün Akademiyamız Beynəlxalq Türk Akademiyaları Birliyi (Astana), Beynəlxalq Elmi Şura (Paris), Akademiyalararası Beynəlxalq Tərəfdaşlıq Akademiyası (İtaliya, Triyest), Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası (Cənubi Koreya, Seul), Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası – MAAN (Minsk), Avrasiya Universitetlər Birliyi və Qafqaz Universitetlər Birliyinin (İstanbul) tamhüquqlu üzvü kimi beynəlxalq səviyyədə qərarların qəbul edilməsinə səs verir.
    Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasının dünyanın 4 qitəsini əhatə edən 40-a yaxın ölkələrin Elmlər Akademiyaları ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilələri vardır. Əməkdaşlıq etdiyimiz tərəfdar Akademiyalar arasında dünyanın üç qitəsinin – Avropa, Amerika və Asiyanın tanınmış Akademiyaları vardır. 80 illik yubiley tədbirlərimizdə iştirak etmək üçün dəvət etdiyimiz Akademiyalar arasında ilk dəfə olaraq Avstraliya və Antraktidadan olan elm adamlarının iştirak etməsi ilə Azərbaycan Elmlər Akademiyası üfüqlərini genişləndirmişdir. 80 illik yubiley tədbirimizdə iştirak etmək üçün dəvət etdiyimiz ölkələr arasında Türkiyə, Çin Xalq Respublikası, Rusiya, İtaliya, Bolqarıstan, Belarus, Macarıstan, Ukrayna, Gürcüstan, Litva, Qazaxıstan, Qırğızıstan, Polşa, Rumıniya, Özbəkistan, Tacikistan, Türkmənistan, Monteneqro, Yunanıstan, Pakistan, Vyetnam, Cənubi Koreya, Monqolustan, Misir Ərəb Respublikası, Əlcəzair və s. kimi ölkələr vardır.
    Dünya Akademiyalarının əksəriyyətində akademik korpusunun qocalması, gənclərin elmə gəlməsi prosesinin ləng getməsi əsas problemlərdəndir. Bu barədə son illərdə müəyyən nikbin proqnozlar da var. Çin və alman hermonoloqları müəyyən etmişlər ki, alimlərin orta yaş həddi son 20 ildə ilk dəfə 84 yaş həddinə çatmışdır. Gənclik baxımından isə nəzərə çarpan kəmiyyət deyil, keyfiyyət dəyişikliyi ilə əlaqədar Azərbaycanda son illərdə elmə gələn gənclik istedadlı və intellektual qüvvələrdir.
    Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev – İlham Əliyev epoxasının ölkəmiz üçün müəyyən etdiyi prioritetlər və hədəflər uğrunda dönmədən irəliyə doğru addımlamaq Milli Elmlər Akademiyasının qayəsini və ana məqsədini təşkil edir.
    Bir sözlə, Milli Elmlər Akademiyası keçmiş sovet modelindən qalmış bütün streotipləri qıraraq, öz işini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına və milli prioritetlərə uyğun surətdə yenidən qurmaq və ümumbəşəri elmi çağırışlara cavab vermək üçün yeniləşmə və islahatlar yolu ilə fəaliyyətini davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2023-cü il tarixdə təsdiq etdiyi Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi yeniləşməkdə davam edən Akademiyanın kompasıdır. Akademiyanın Ümumi Yığıncağında qəbul edilmiş Akademiyanın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi müstəqil Azərbaycanın inamla addımladığı magistral yollarda elmin dəstəyinin təmin edilməsinə imkan yaratmağa hesablanmışdır.
    Azərbaycan Milli Elmlər Akademiyası müstəqil dövlətçilik və ümummilli ideallar və bəşəri ideyaların ölkə elminin ideallarına çevrilməsi yollarında inamla addımlamaqdadır.
    Sevindirici haldır ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi “Konstitusiya və Suverenlik ili”ndə, həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin 5-ci ildönümündə dövlət səviyyəsində qeyd olunur. Məhz cənab Prezident İlham Əliyevin ötən illər ərzində ölkəmizin iqtisadiyyatının gücləndirilməsi, müasir standartlara cavab verən modern ordu quruculuğu siyasəti və Azərbaycançılıq ideologiyası işığında yetişdirilən gənc nəslin, eləcə də xalqımızın Müzəffər Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kimi sıx birləşməsi nəticəsində 30 illik işğala son qoyulmuş, Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü bərpa edilmişdir.
    Fürsətdən istifadə edib sizi qarşıdan gələn Zəfər bayramı münasibətilə də ürəkdən təbrik edirəm!
    Doğma Milli Elmlər Akademiyamız, 80 yaşın mübarək!
    Diqqətinizə görə sağ olun!

    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ