Tədbirdə AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, Gəncə Dövlət Universitetinin kafedra müdiri AMEA-nın müxbir üzvü professor Vaqif Novruzov, Texnologiya Universitetinin professoru Əhəd Nəbiyev, Azərbaycan Dövlət Aqrar Universitetinin tarix elmləri üzrə fəlsəfə doktoru dosent Sevda Abdullayeva, eləcə də digər alimlər və gənc tədqiqatçılar iştirak ediblər.
Konfransda professor İbrahim Cəfərov “AMEA-nın tarixinə bir nəzər” mövzusunda çıxış edib. O, Akademiyanın yaranma tarixi, ölkənin elmi həyatında tutduğu əhəmiyyətli mövqe, əldə etdiyi nailiyyətlər və gələcək inkişaf perspektivləri barədə məlumat verib.
Akademik Fuad Əliyev “AMEA Gəncə Bölməsinin tarixi: formalaşma yolu” mövzusunda çıxış edərək bölmənin məqsədləri, elmi istiqamətləri və regional elmin inkişafına verdiyi töhfələrdən danışıb. O, gələcək fəaliyyət prioritetləri, elmi əməkdaşlıq imkanları və gənc tədqiqatçıların elmə inteqrasiyası istiqamətində görülən işləri diqqətə çatdırıb.
Professor Vaqif Novruzov “Elmi kadrların yetişdirilməsində AMEA-nın rolu” mövzusunda çıxış edərək Akademiyanın elmi məktəblərinin formalaşması, kadr hazırlığı prosesləri və təcrübə mübadiləsi imkanları barədə iştirakçılara məlumat verib.
Tədbirdə AMEA-nın regional elmin inkişafındakı rolu, ali təhsil müəssisələri ilə elmi əməkdaşlıq, təhsil sistemində elmin mövqeyi və gənc alimlərin elmi fəaliyyətə cəlb olunması məsələləri müzakirə olunub.
