Sizin reklam burada
Sizin reklam burada
  • AKADEMİK, HÖRMƏTLİ İSA HƏBİBBƏYLİNİN DOĞUM GÜNÜNƏ!

    AKADEMİK, HÖRMƏTLİ İSA HƏBİBBƏYLİNİN DOĞUM GÜNÜNƏ!
    O həm də bir Nizami aşiqidir!
    Biz gənc alimlər olaraq, AMEA-nın prezidenti, akademik,hörmətli İsa Həbibbəyli ilə həm çalışdığımız Azərbaycan Milli Elmlər Akademiyası sisteminin rəhbəri olması səbəbilə, həm gənc alim kimi qayğısından, elmindən bəhrələnmək səbəbilə, həm də Nizami Gəncəvi ilə bağlı apardığımız tədqiqatlar səbəbilə bir neçə dəfə görüşmüşük. Və bu görüşlərin birində söylədiyi müdrik fikirlərdən biri heç vaxt yadımızdan çıxmır: “Dünyanın Azərbaycanda tanıdığı və Azərbaycanı dünyada tanıdan insan deyəndə mənim ağlıma üç nəfər insan gəlir. Dahi Nizami Gəncəvi, Ümummilli Lider Heydər Əliyev və Müzəffər Ali Baş Komandanımız İlham Əliyev ”.
    Biz İsa müəllimin bu fikrindən sonra onun Azərbaycan xalqının üç böyük övladı ilə bağlı yazdığı çox kitabları oxuduq və bizə hasil oldu ki, İsa müəllim söylədiyi bu fikirlər elmi əsaslarla onun elmi yaradıcılığında da öz əksini tapmışdır.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsi ilə bağlı imzaladığı tarixi sərəncamla bağlı verdiyi müsahibələrin birində və eyni zamanda qələmə aldığı “Nizami Gəncəvi ədəbi irsi: Heydər Əliyevdən İlham Əliyevə” məqaləsində bu mətləblə bağlı yazır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili "Nizami ili" elan etməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsidir”.
    “Nizami Gəncəvinin böyük Azərbaycan şairi olduğunu dünya ictimaiyyəti qəbul edir” məqaləsində yazır: “Nizami Gəncəvinin Azərbaycan şairi olması haqqında ən mötəbər mənbələrdən biri də dahi şairin özünün qələmindən çıxmış "Xəmsə" poemalar xəzinəsidir. Dövrün ədəbi ənənəsinə uyğun olaraq fars dilində yazılmış "Xəmsə" poemalar dəstinə daxil olan əsərlərin hər birində Nizami Gəncəvi özünün türk kimliyi ilə iftixar etdiyini açıq aşkar bəyan etmiş, əsərlərində dəfələrlə Azərbaycan atalar sözləri və məsəllərindən, frazeoloji birləşmələrdən, xalqımıza məxsus olan sözlərdən istifadə etmişdir. Nizami Gəncəvinin poemalarında XII əsrdə baş vermiş Gəncə zəlzələsindən və Kəpəz dağından söz açılmış, ata-baba yurdu olan oğuzların qədim məskənlərindən biri kimi tanınan Gəncə şəhəri ilhamla tərənnüm edilmişdir. Məlum olduğu kimi, Gəncə şəhəri XII əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtı kimi tarixə düşmüşdür. Nizami Gəncəvinin atası Yusif və babası Zəki Müəyyəddin də azərbaycanlı idi. Nizami Gəncəvinin atası və anasının məzarları da şairin Gəncə şəhərindəki məqbərəsinin yerləşdiyi qəbiristanlıqdadır. Şeyx Nizami Gəncəvi adı ilə böyük şöhrət qazanmış Nizami Gəncəvinin mənsub olduğu nəslin davamçıları sonrakı əsrlərdə də Gəncə şəhərində yaşamışlar. Azərbaycan Xalq Cümhuriyyəti hökumətində Milli təhlükəsizlik naziri vəzifəsində çalışmış Nağı bəy Şeyxzamanlı da mənşə etibarilə Şeyx Nizami Gəncəvinin mənsub olduğu nəslin nümayəndəsidir. Hazırda dünyanın müxtəlif ölkələrində Şeyxzamanov, Şeyxzamanlı soyadı ilə yaşamaqda davam edən, Nizami Gəncəvi ilə eyni şəcərədən olan azərbaycanlı sülalələr vardır”.
    AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin müasir Azərbaycan nizamüşünaslığının inkişafındakı xidmətləri, müstəqillik işığında yeni tədqiqat istiqamətlərinin müəyyən edilərək həyata keçirilməsi olduqca böyük və genişşaxəlidir. Akademik yazır: “Bu mərhələnin nizamişünaslığı o şeylərdən yazır ki, onları sovetlər zamanında yazmaq olmamışdır. Müasir nizamişünaslıq Nizami türk oğlu türkdür, türkçüdür yazır. Hansı ki, Sovet İttifaqının dövründə bunu demək mümkün deyildi. Bugünki nizamişünaslıq Nizami oğuz türküdür deyir və ucadan, yüksək səslə deyir. Çağdaş nizamişünaslıq Nizaminin atası Yusif də, anası Rəisə də, dayısı Xacə Ömər də, dostu Əbubəkir ibn Xosrov əl-Ustad da türkdür deyir. Amma bunları sovetlər zamanında demək mümkün deyildi. Doğrudur, Rusiya da daxil olmaqla o dövrdə sovetlər Nizamini azərbaycanlı kimi qəbul edirdilər. Nizamiyə sahib çıxma anlayışı sovet dövründə olmayıb, lakin sovet ittifaqı bütün xalqları əridib sovet xalqı anlayışı yaratmağa çalışdığı üçün biz Nizamiyə ancaq azərbaycanlı deyib keçirdik. Hansı ki, onun nəsil şəcərəsinə, ümumtürk islam şərqinin mütəfəkkiri kimi baxa bilmirdik. Bu anlayış müasir nizamişünaslığın meydana gətirdiyi reallıqdır, ideyalardır.Cənab İlham Əliyevin əsasını qoyduğu və elan etdiyi nizamşünaslığın uğurlarıdır”.
    Akademik İsa Həbibbəylinin 2021-ci ildə 10 dildə (Azərbaycan, türk, ingilis, rus dillərində olan mətn irihəcmli, alman, Çin, polyak, gürcü, Ukrayna və bolqar dillərində ) nəşr olunmuş “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” monoqrafiyası, “Nizami Gəncəvi irsi: Heydər Əliyevdən İlham Əliyevə” məqaləsi, layihə rəhbəri və redaktoru olduğu AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Nizamişünaslıq” şöbəsinin əməkdaşları ilə birlikdə həmmüəllifliklə hazırladıqları 984 səhifə həcmində “Nizami Gəncəvi: həyatı və yaradıcılığı” kimi monoqrafiya və məqalələri müasir Azərbaycan nizamişünaslığının ən ümdə və fundamental nəşrlərindəndir.
    Qeyd: Çap edilmiş elmi məqaləmdən bir parça.
    AMEA Gəncə Bölməsinin bütün əməkdaşları adından AMEA-nın prezidenti,akademik,hörmətli İsa Həbibbəylini doğum günü münasibətilə təbrik edir, möhkəm can sağlığı, uzun ömür arzulayırıq!

    Əlimuxtar Muxtarov
    AMEA Gəncə bölməsi, Nizami Gəncəvi Mərkəzinin direktoru




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ