

O çətin illərdə mən jurnalistikaya ilk addımlarımı atırdım. Xalq şairi Məmməd Arazın baş redaktoru olduğu “Azərbaycan təbiəti” jurnalında çalışırdım. Jurnal ayda bir dəfə nəşr olunurdu. Qəzet redaksiyalarına nisbətən iş tempi daha rahat olduğundan, əlavə məşğuliyyətlərə də vaxt qalırdı. Yeni ailə qurduğum, kirayədə yaşadığım günlərdə əlavə gəlir əldə etmək imkanım vardı. Başqa qəzetlərlə də əməkdaşlıq edirdim, amma ruhuma yaxın “Azərbaycan müəllimi” qəzetinə xüsusi bağlılıq hiss edirdim özümdə. Allah qəzetin baş redaktor müavini Malik Novruzova rəhmət eləsin. O, mənim üçün daim şərait yaradır, məktəblərdə keçirilən tədbirlərə yazı hazırlamağa göndərirdi.
Həmin illərdə hansı məktəbə gedirdimsə, Masallıdan olduğumu bilən kimi Bəhram Şiriyevi və Həzərxan Əbilovu soruşurdular. Mən isə onları hələ nə görmüşdüm, nə tanıyırdım. Amma adlarını eşidəndə sanki doğma bir hiss keçirirdim. Görmədən də hörmət bəsləyirdim. Sonra yollarımız kəsişdi, Sonralar mən “Orta təhsil” jurnalının baş redaktoru oldum. Bu da mənim Bəhram və Həzərxan müəllimlə daha yaxın olmağıma, onların təcrübəsindən faydalanmağıma imkan verdi. Tanışlıq doğmalığa, doğmalıq isə səmimi dostluğa çevrildi. Bu dostluq bu gün də davam edir.
Bəhram Şiriyev və Həzərxan Əbilov hər ikisi ömrünü təhsilə, gənc nəslin yetişməsinə və maarif işığının yayılmasına həsr etmiş ziyalılardır. Onlar sadəcə məktəb direktoru deyildilər. Təmsil olunduqları Binəqədi və Xəzər rayonlarında söz sahibi, xalqın güvən yeri idilər. Onların qurduğu məktəblər paytaxtın maarif mühitinə yeni nəfəs qatdı, yetişdirdikləri yüzlərlə şagird isə bu gün dünyanın müxtəlif guşələrində uğurları ilə müəllim adını ucaldırlar.
Bəhram müəllim uzun illər 276 nömrəli məktəbin direktoru olub, məktəbi nümunəvi təhsil ocağına çevirmişdi. 2008-ci ildə “Əməkdar müəllim” adına, daha sonra isə “Heydər Əliyev 100” medalına layiq görüldü. Bu il təqaüdə çıxaraq ömrünün şərəfli bir mərhələsini tamamladı.
Həzərxan Əbilov isə illərlə 136 nömrəli məktəbin direktoru kimi çalışmış, birinci Qarabağ müharibəsində könüllü döyüşçü olmuşdu. Sonralar Xəzər rayonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri seçilib və hələ də həmin vəzifəni icra edir. Təhsil işçilərinin hüquqlarını qoruyur, rayonun ictimai həyatında mühüm rol oynayır. Zəhməti dövlət tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan respublikasının prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi medalı"na, "Həmkarlar ittifaqının 100 illik medalı" və "Müstəqil Azərbaycan həmkarlar ittifaqının 30 illik yubileyi" medalı ilə də təltif olunub.
Hər ikisi artıq ömrünün təqaüd çağını yaşayır. Bəhram müəllim məktəb illərini geridə qoysa da, Həzərxan müəllim hələ də fəaliyyətin içindədir. Amma onların hər ikisi rayonlarının hörmətli ağsaqqalı və nüfuz sahibi olaraq qalır.
Onlar sübut edir ki, müəllim ömrü bitmir. Şagirdlərin uğurunda, toplumun yaddaşında və gələcək nəsillərin yolunda daim var olur. Mənim üçün isə onlar yalnız eloğlularım deyil, həm dost, həm də yol göstərən ziyalıdır.

Şərafəddin İlkin,
Şair-publisist , Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, "Rəsul Rza mükafatı" laureatı.