Nizamişünas alim,
AMEA Gəncə bölməsi,
Nizami Gəncəvi Mərkəzinin direktoru
Böyük Azərbaycan şairi Nizami Gəncəvi “Xosrov və Şirin” məsnəvisində tarixə işıq tutan beytləri ilə yazırdı:
Dedim: Məni görmək istəsə, hər kim,
Beytimdə görünər ona surətim.
Şeiri oxunanda bu Nizaminin,
Özü də hər sözdə görünər, yəqin
Gizlədib özünü verməzmi nişan,
Sənə hər beytində bir sirr danışan?
Yüz il sonra sorsan, bəs o hardadır?
Hər beyti səslənər: Burda, burdadır...
Dahi mütəfəkkirin XII əsrdə söylədiyi bu kəlamlarını XIII əsrdə Hindistanın filosof şairi, musiqiçisi Əmir Xosrov Dəhləvi ustadını dərin məhəbbətlə belə yad edirdi:
Söz xəzinəsinə, mülkünə hakim,
Gəncə hünərvəri o böyük alim.
Qızıl rəngli meyi əlinə aldı,
O içdi səfanı, xılt bizə qaldı...
Hər iki həkimin, filosofun tarixin dərin qatlarından gələn sözlərinə XV əsrdə özbək xalqının böyük oğlu Əlişir Nəvai isə özünəməxsus şəkildə qüvvət verərək yazırdı:
O Gəncə torpağında yatan müqəddəs insan,
Şeir xəzinələri yaratdı kəlamlarından.
Qiymətli incilərlə bəzədi bu aləmi,
Yoxdur o incilərin sayı ulduzlar kimi.
Nizami, bu dünyada kimi tay tutsam, sənə
Şeirinin qüdrətinə bərabər olmaz yenə...
Nizami Gəncəvi haqqında söylənən belə ölməz fikirlərin sırasını, siyahısını bütün əsrlərin kontekstində genişləndirmək olar. Elə bir dövr, yüzillik, əsr olmamışdır ki, o əsrdə ulu Nizami xatırlanmasın, ustad kimi qəbul edilməsin. Məhz bu yanaşmaların, hissiyyatların, qədirşünaslıqların sirrini, əsrarını Nizami Gəncəvinin ömrünü, əsərlərinin mövzusunu, məfkurəsini həsr etdiyi qovuşduruculuğunda, bəşəriliyində axtarmaq lazımdır. Dilindən, dinindən, irqindən aslı olmayaraq bütün insanlığı qucaqlayan Nizami Gəncəvi Azərbaycanın - Gəncənin yetirdiyi dünya vətəndaşıdır...
Bəli, o bütün dövrlərdə ayıran deyil, qovuşduran, birləşdirən, barışdıran bir irs, nəsihətnamələr qoyub getmişdir ki, bu da dahi mütəfəkkirin mənsub olduğu Azərbaycan xalqının sahib olduğu bir dəyərdir, həyat tərzidir.
Nizami Gəncəvinin əsərlərinin ruhunu zərgər dəqiqliyi duyan, yaşayan Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin söylədiyi: "Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür" dahiyanə fikri məhz müdrik xalqımızın bu dəyərlərinə əsaslanırdı...
Misralarında təvazökarlıqla “yüz il sonra sorsan” desə də, kəlamlarında, əsərlərində ehtiva edilən insan sevgisi, iksiri cahanın əbədiyyəti nisbətində yaşayacaqdır.
Nizami Gəncəvi “Hər beyti səslənər: Burda, burdadır” - deməklə oxunan hər misrasında göründüyünü ifadə etməklə qalmamış, onun haralı olduğunu, harada onu ziyarət etməyin mümkün olduğunu düşünənlərə də açıq qapı buraxmışdır. “Harutu yandıran Gəncə mənim Babilimdir” deyirdi...
Nizami Gəncəvini ziyarətə dünən də gəlmişdilər, bu gün də gəlirlər, sabah da gələcəklər... Çünki onları buralara gətirən dahi Nizaminin əsərlərindəki sehrdir, əfsundur...
Bu gün yenə gəlmişdilər. Bu dəfə gələnlər həm də çox doğma idilər. Onları Nizami yurduna gətirən Gəncəyə, Nizami Gəncəviyə olan sonsuz sevgiləri ilə yanaşı uca Allahın bəxş etdiyi ömrü Nizami Gəncəvinin irsinin tərcüməsinə, tədqiqinə, təbliğinə həsr etmiş unudulmaz professor Xəlil Yusifliyə olan dərin ehtiramları və Onun əsasını qoyub getdiyi, akademik,hörmətli İsa Həbibbəylinin də qeyd etdiyi kimi şah əsərlərindən biri olan Nizami Gəncəvi Mərkəzinə verdikləri dəyər, qiymət idi!
Əziz qonaqlarımız olan Nizami Gəncəvinin mənsub olduğu Azərbaycan xalqının görkəmli tədqiqatçıları! Asmatxanum Mamadova, Yegane Nehmetulla, Xuramam Hummatova, Afaq Yusifli ,Almaz Ulvi Binnatova, Merziyye Necefova , Konul Rahimova Hacıyeva, Ayten Qurbanova, Şəhla Tahirqızı , Gülnar Məmmədova ,Zeki Bayram, Mahiyye Kerimova və.b.
Sizlərə səslənirəm!
Gələn ayaqlarınız,
Həqiqəti söyləyən ürəkləriniz,
Bizləri əhatə edən diqqət və qayğınız
Var olsun....
Əmin olun ki, həssas ürəklərə toxunan bu səfərinizi, xidmətlərinizi həm Şeyx Nizami Gəncəvi, həm də professor Xəlil Yusifli hələ Sizlər gəlmədən öncə duymuş və hiss etmişdilər....
Konfransın ərsəyə gəlməsində böyük zəhməti olan AMEA -nın rəhbərliyinə, Gəncə Bölməsinə, Yusiflilər ailəsinə və əməkdaşlarımıza minnətdarlığımızı bildiririk!
