Milli Cəbhə Partiyasının sədri, Millət vəkili Razi Nurullayevin Milli Məclisdə büdcə müzakirələri ilə bağlı komitə iclasındakı çıxışı xüsusi diqqət çəkdi. Çıxışı olduğu kimi təqdim edirik:-Reklam Agentliyi özbaşına qurumdur.
Müxtəlif dövlət idarələrində qanunsuzluqlarla qarşılaşırıq
Çıxışları dinlədim. Xeyli əziyyət çəkilib, bunu görür və dəyərləndirirəm. Hökumətin işindən ciddi narazılığım yoxdur. Bilirəm ki, danışmaq asandır, iş görmək çətin. Çəkdiyiniz əziyyətə və çıxışlarınıza görə sağ olun.
Bununla bərabər, gərək narazı qaldığımız məqamları da deyək. Tənqid və aşkarlıq olmayan yerdə inkişaf da olmaz.
Bizi narahat edən məqamlardan biri gəlirlərin mərkəzləşməsidir. Gəlirlərin, vergilərin mərkəzləşməsi regionların inkişafı üçün ən böyük maneədir. Bölgələrdən yığılan vergilərin ən azından 40-50 faizi regionda qalmalıdır ki, regionlar da Bakıdan pul gözləməsinlər. Maliyyə sərbəsltliyi verilməsə regionlar inkişaf edə bilməz. Onlar ancaq mərkəzi hakimiyyətin icazı verdiyi qədər inkişaf edə bilrər. Bu isə özünü doğrulda bilməz. Bu siyasətin kökündən dəyişməsinə çağırış edirəm.
Inanmaq istəyirəm ki, hər şey yaxşılığa doğru gedəcək.
Hərdən elə idarələr, agentliklər görürəm və düşünürəm ki, İlahi heyf o büdcə vəsaitindən ki onlara ayrılır. Elə danışırlar ki, elə bil əmək haqqı ilə dolanırlar. Ümid edirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi altında islahatlar daha da genişlənəcək və konkret addımlar atılacaq. Qarabağda zəfər qazanan Prezident, ordu və xalq daxili siyasətimizdə də dürüstlüyü və ədaləti tam bərpa edə biləcək.
Məni narahat edən əsas məsələ ölkəmizdə iş adamlarına, yeni ideyalara və təşəbbüslərə bəzi dövlət qurumları tərəfindən xor baxılmasıdır. Əgər bir nəfərin ideyası, təşəbbüsü varsa, ona kömək olmaq lazımdır. Deyək ki, biri küçədə rəqs edə-edə gedir, hərdən üç metr göyə uçur, akrobat hərəkətlər göstərir, yerə enib çardaş oynayır.
Etsin də. Əsas odur ki, qanunsuz hərəkət etmədən pul qazansın. Biz hər addıma, hər təşəbbüsə, hər fikrə nəzarət mexanizmindən yanaşsaq, yaşamaq olmaz ki. Əsas odur ki, vergisini versin. Vergi də xeyli düzəlib. Çünki, vergi turucu, kəsici orqan olmaqdan demək olar ki, imtina edib. Eyni zamanda, Gömrük komitəsi. Idxal, ixrac problemi demək olar ki, yoxdur. Məhz, buna görə də indi hörmətli Samir müəllimin səsləndirdiyi rəqəmləri eşitdik. Vergi 9 milyard, gömrük 5 milyarddan çox.
Düzdür, vergi yükü və tətbiq olunan ödənişlərin əlverişli olması fikrindən uzağam. Bu isə başqa mövzudur.
Konkret bir problemi deyim. Qanuni məsələ niyə həllini tapmır? Вeputat xahiş etməlidir? Deputatın başqa işi-gücü yoxdur? Niyə xahiş etməliyik? Vəzifəni yerinə yetir də.
Bunlardan birini bu gün səsləndirirəm. Reklam agentliyi. Tam olaraq özbaşına qurumdur. Səlahiyyətlərindən sui istifadə edir, sərbəst və yaradıcı ideyaları boğur, özbaşına qərarlar qəbul edir, reklamları qopardır. Mənə deyirlər ki, hər küncə adam qoyub ki, nəzarət etsinlər, onların “bığının altından” keçməyənləri isə sıxışdırsınlar.
Əsas problem nədir? Hamı istəyir ki, tutucu və kəsici olsun, nəzarət eləsin. Aidiyyatı oldu-olmadı müdaxilə edilir. Axı niyə, nə ixtiyarınız var? Əgər dövlət qurumu qanunu kobud şəkildə pozursa, onda belə çıxır ki, qanunlar kasıblar, dayaqsızlar üçün yazılıb?
Əzizim, sən tutucu, sökücü orqan deyilsən. Sənin işin yalnız nəzarətdən ibarət deyil, hər küncə bələdçi, gözətçi qoyub insanları güdəsən. Sənin işin tənzimləməkdir. Tənzimləyə bilmirsən, niyə oturmusan orada? Zəhmət çək kreslonu vakant elə.
Bir neçə qurum var ki, özbaşınalıqla məşğuldur. Biri də reklam agentliyi. Öz məsuliyyətini parlamentin və nazirlər kabinetinin üzərinə atır. Təqdim etsin görək, onlar nə zaman dəyişikliklərlə bağlı Parlamentə müraciət ediblər? Etməzlər, çünki, sərf edir ki, boşluqlardan istifadə edib özbaşınalıqla məşğul olsunlar.
Bəzən iş adamlarını qoyurlar vəzifəyə, gəlir dövlət işinə elə yanaşır ki, elə bil şəxsi firmasıdır. Çünki, qoyub gəldiyi firmalarını yenə də qəşəngcə idarə edir, dövlət idarəsinə isə holdinq kimi yanaşır. Dövlət idarəsi bunların baş şirkəti, qalan mmc-lər də holdinqin tərkibində. Bu cür düşüncəli şəxslərin hamısını dövlət vəzifəsindən uzaqlaşdırmaq lazımdır.
"Atributinfo.az"
